Əsas Səhifə > Ana xəbər / Güney Press > STP Şirkətlər Qrupuna daxil olan şirkətin direktoru dəyişib
STP Şirkətlər Qrupuna daxil olan şirkətin direktoru dəyişibBu gün, 17:31 |
|
STP Şirkətlər Qrupuna daxil olan “STP Global Cable” MMC-də rəhbər dəyişikliyi baş verib. Banker.az xəbər verir ki, dövlət reyestrində aparılan dəyişikliklərə əsasən, şirkətin qanuni təmsilçisi Tamerlan Kurkievi Ələkbər Adil oğlu Abbaslı əvəz edib. Ələkbər Abbaslı 2023-cü ildə STP Şirkətlər Qrupuna Müşahidə Şurasının üzvü kimi təyin olunmuşdur. 2025-ci ilin avqust ayından etibarən isə STP Şirkətlər Qrupunun Baş İcraçı Direktoru vəzifəsini icra edir. Ələkbər Abbaslı Azərbaycan Dövlət Neft Akademiyasının “Neft sənayesi” ixtisası üzrə bakalavr və magistr dərəcələrinə malikdir və enerji, inşaat, maliyyə və sənaye sektorlarında 25 ildən artıq peşəkar təcrübəyə sahibdir. Peşəkar fəaliyyətinə konsaltinq sahəsində başlayan Ələkbər Abbaslı PricewaterhouseCoopers (PwC) və Ernst & Young (EY) şirkətlərində beş ildən artıq müddətdə çalışaraq audit, maliyyə hesabatlılığı, korporativ idarəetmə və daxili nəzarət sahələrində dərin bilik və təcrübə qazanmışdır. Daha sonra o, enerji sektoruna keçərək beş ildən artıq müddətdə Statoil (hazırda Equinor) Azerbaijan şirkətində Azerbaijan Gas Supply Company (AGSC) üzrə maliyyə meneceri vəzifəsində fəaliyyət göstərmişdir. Bu dövrdə iri miqyaslı neft-qaz layihələri çərçivəsində maliyyə idarəçiliyi və əməliyyat nəzarəti sahəsində əhəmiyyətli praktiki təcrübə əldə etmişdir. Ələkbər Abbaslı karyerasını tikinti sektorunda davam etdirərək beş il ərzində Azərbaycanın aparıcı inşaat və inkişaf şirkətlərindən biri olan PASHA Construction-da Baş direktorun müavini vəzifəsini icra etmiş, iri yaşayış və mülki tikinti layihələrinin idarə olunmasında bilavasitə iştirak etmişdir. Sonrakı illərdə o, SOCAR Gas Operating Company-də Baş menecer, eləcə də GL LTD şirkətində Maliyyə direktoru vəzifələrində çalışaraq strateji, əməliyyat və maliyyə fəaliyyətinə rəhbərlik etmiş, maliyyə strategiyasının formalaşdırılması və korporativ səmərəliliyin artırılması üzrə təşəbbüslərə rəhbərlik etmişdir. Qeyd edək ki, “STP Global Cable” MMC Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsində yerləşən STP Texnopark ərazisində fəaliyyət göstərir. Şirkət elektrik enerjisinin ötürülməsi və paylanması üçün kabel və naqil məhsullarının istehsalı ilə məşğuldur. Geri qayıt |