Əsas Səhifə > Ana xəbər / Güney Press > Prezidentə yazılan məktuba sayqısızlıq: Mədəniyyət Nazirliyi bu cürəti kimdən alır?

Prezidentə yazılan məktuba sayqısızlıq: Mədəniyyət Nazirliyi bu cürəti kimdən alır?


Bu gün, 14:37

"​Azərbaycan teatr və kino sənətinin tanınmış siması, illərini bu sahəyə vermiş Mehriban Xanlarovanın son çıxışı ölkədə məmur özbaşınalığının və bürokratik laqeydliyin hansı pik nöqtəyə çatdığını növbəti dəfə ifşa etdi..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Sima Babayeva yazıb.
Jurnalist daha sonra bildirir: "Sənətkarın fəryadı, məmurların qanunsuzluqlarından etdiyi şikayətlər bütöv bir sistemin hələ də vətəndaşın yox, şəxsi maraqların müdafiəsində dayandığını göstərir.
Lakin bu hadisədə ən acınacaqlı və dəhşətli məqam şikayətin özü yox, ondan sonrakı idarəetmə rəzalətidir.
​Mehriban xanım qarşılaşdığı haqsızlıqla bağlı hər bir çarəsiz vətəndaşın son ümid yeri olan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarına məktub ünvanlayıb.
Dövlət başçısının vətəndaş müraciətlərinə necə həssas yanaşdığı hamıya bəllidir. Məhz bu səbəbdən Prezident Administrasiyası məktubu araşdırılması və həll edilməsi üçün aidiyyəti üzrə Mədəniyyət Nazirliyinə yönləndirib.
​Bəs nəticə nə olub? Özbaşınalığın içində boğulan nazirlik, Prezident Administrasiyasından gələn tapşırığa tam bir laqeydlik, soyuqqanlıq və sayqısızlıq nümayiş etdirib!
Vətəndaşın problemini həll etmək, sənətkara dayaq durmaq əvəzinə, məsələni qulaqardına vurublar.
​Bu, sadəcə Mehriban Xanlarovaya qarşı edilən bir hörmətsizlik deyil!
Bu, birbaşa olaraq ölkə rəhbərinin, cənab Prezidentin imzasına, onun tapşırığına və dövlət institutlarına edilən açıq-aşkar hörmətsizlik və sayqısızlıqdır!
​İndi ortaya çox ciddi və düşündürücü suallar çıxır:
​Prezident Administrasiyasından rəsmi şəkildə göndərilən məktuba reaksiya verməyən, onu arxiv tozluqlarına məhkum edən Mədəniyyət Nazirliyi bu cürəti, bu cəsarəti kimdən və haradan alır?
​Nazirlik rəhbərliyi və onun icraçı məmurları özlərini qanunlardan və dövlət başçısının tapşırıqlarından üstünmü hesab edirlər?
​Ölkənin mədəniyyət siyasətinə cavabdeh olan bir qurum, necə olur ki, dövlət intizamından bu qədər uzaq düşür, xalqın sevdiyi bir sənətçini hədəf taxtasına çevirir?
​Şikayət etdiyi üçün yenə də zərbə alan, sıxışdırılan Mehriban xanım oldu. Bu, məmur özbaşınalığının ən klassik və ən iyrənc formasıdır: "Şikayət etmisən, cəzanı çək!" prinsipi ilə işləyən idarəetmə təfəkkürü məhz Mədəniyyət Nazirliyinin dəhlizlərində özünə yuva qurub.
​Prezidentə yazılan məktuba laqeyd yanaşmaq, vətəndaşla dövlət rəhbəri arasında olan o qırılmaz güvən bağını qoparmağa çalışmaq deməkdir.
Mədəniyyət Nazirliyinin bu müti və laqeyd mövqeyi, əslində ölkədə aparılan islahatlara, şəffaflıq siyasətinə qarşı sabotajdır.
​Mədəniyyət Nazirliyi dərk etməlidir ki, oturduqları kreslolar xalqa yuxarıdan aşağı baxmaq və ya hansısa gələn tapşırıqları icra etməmək üçün deyil, xalqa xidmət etmək üçündür.
Bu laqeydliyin arxasında duran hər bir məmur fərdi şəkildə cavab verməli, bu cürətin bədəlini qanun qarşısında ödəməlidir.
Heç kim dövlətin rəsmi iradəsindən və vətəndaşın haqlı səsindən uca ola bilməz!"

Geri qayıt