Əsas Səhifə > Ana xəbər / Güney Press > Neyrocərrahiyyə Xəstəxanasının direktoru ABŞ-da təhsil alan gənci niyə oraya buraxmır?
Neyrocərrahiyyə Xəstəxanasının direktoru ABŞ-da təhsil alan gənci niyə oraya buraxmır?Bu gün, 12:09 |
|
“Amerikada tibb təhsili alan, gələcəkdə neyrocərrah olmaq istəyən azərbaycanlı tələbənin öz ölkəsinə gəlib həkim müşahidə etmək istəməsi Azərbaycan səhiyyəsi üçün problem yox, uğur kimi qəbul olunmalı idi”. Gununsesi.info–nun xəbərinə görə, bunu ABŞ-da yaşayan tanınmış telejurnalist Qənirə Ataşova oğlu Fərhad Anaroğlunun Respublika Neyrocərrahiyyə Xəstəxanasında həyata keçirilən cərrahi əməliyyatı işləməsinə imkan verilməməsi barədə olay haqqında yazıb. Jurnalistin olayla bağlı qeydlərini təqdim edirik: “Söhbət oğlum Fərhad Anaroğludan gedir. O, ABŞ-da, Virginia Universitetində tibb istiqamətində təhsil alan 4-cü kurs tələbəsidir. Uşaqlıqdan neyrocərrah olmaq arzusu ilə böyüyüb və bu sahəyə marağı Azərbaycanın tanınmış neyrocərrahı Ələsgər Həsrətovun peşəkarlığına olan böyük hörmətindən yaranıb. Dünyada “shadowing” deyilən bir təcrübə var. Azərbaycan dilində buna həkimi müşahidə etmək deyilir. Tələbə həkimə müraciət edir, həkim razılıq verir və tələbə sadəcə prosesi kənardan izləyir. O, əməliyyata müdaxilə etmir, xəstəyə toxunmur, tibbi qərar vermir. Sadəcə müşahidə edərək öyrənir. Dünya təcrübəsində tibb tələbələri ixtisas seçməzdən əvvəl son qərarı vermək üçün peşəkar həkimlərin yanında izləyici rolunda yer alırlar. Çünki, həkim YouTube-dan əməliyyat videosuna baxmaqla yetişmir. Həkim canlı tibbi mühiti görərək, təcrübəli həkimin qərarvermə prosesini izləyərək, əməliyyat otağının məsuliyyətini hiss edərək formalaşır. Əməliyyat otağında olan hər kəs “əməliyyat edən şəxs” deyil. Orada tibb bacısı da olur, xəstəni gətirən də, aparan da, texniki heyət də, hətta cihazların tətbiqini izləyən firma işçiləridə. Bunların heç biri cərrah deyil. Müşahidəçi tələbəni “əməliyyatda iştirak edən şəxs” kimi təqdim etmək isə ya tibbi təhsilin mahiyyətini bilməməkdir, ya da məsələni məqsədli şəkildə təhrif edərək intriqa yaratmaqdır. Dünyada həkim praktikasını əldə etmək üçün sənədləşmə işində ən qəliz ölkə Amerika Birləşmiş Ştatlarıdır. Buna baxmayaraq, məhz müşahidəçi — “observership” və ya “job shadowing” olmaq üçün Amerikada belə təkcə həkimin icazəsi yetərlidir. O da Amerikaya giriş əldə etmək üçün viza sənədləri arasında olmalıdır. Fərhad Azərbaycana məhz Ələsgər Həsrətovun təcrübəsini müşahidə etmək üçün getmişdi. O, Amerikaya qayıdanda professorlarına, tələbə yoldaşlarına Azərbaycanda gördüyü peşəkar tibbi təcrübədən danışacaqdı. Bu, tibb tələbəsi üçün vacib mərhələdir. Ələsgər həkimin gördüyü işlərdən, apardığı mürəkkəb əməliyyatlardan, ölkədə neyrocərrahiyyəyə verdiyi töhfələrdən danışacaqdı. Amma təəssüf ki, bu gözəl hadisə xəstəxana daxilindəki xoşagəlməz intriqaların mövzusuna çevrildi. Görünən odur ki, Amerikadan gələn bir tələbənin məhz Ələsgər həkimi müşahidə etməsi bəzilərini narahat edib. Tələbənin öyrənmək arzusu dəstəklənmək əvəzinə, süni problem yaradaraq TƏBİB-ə xəbər veriblər ki, Fərhad əməliyyat edir. Burada əsas sual budur: xaricdə oxuyan azərbaycanlı tələbə öz ölkəsinə gəlib sahəsinin ən güclü həkimlərindən birini müşahidə etmək istəyirsə, niyə bunun qarşısı alınmalıdır? Ələsgər həkim 15-dən çox peşəkar beyin cərrahı yetişdirib. Doğrusu, bu həkimin adını heç vaxt tərif alanlar siyahısında görməmisiniz. Çünki mütəxəssis yetişdirən və insanları xilas edən həkimə quyu qazanlar elə ətrafındadır. Bir daha deyim ki, Ələsgər Həsrətov ölkədə mürəkkəb beyin əməliyyatlarını tətbiq edən, 10-dan artıq beyin əməliyyatını ölkəyə gətirən, minlərlə insana şəfa verən həkimdir. O, öz sahəsində ciddi imza qoyub. Belə bir həkimin yanında müşahidə aparmaq istəyən tələbəyə dəstək vermək əvəzinə, məsələni problem kimi təqdim etmək nə tibbə, nə təhsilə, nə də dövlət marağına xidmət edir. Fərhad yenə də Amerikada Ələsgər həkimin peşəkarlığından danışacaq. Amma təəssüf ki, bu dəfə təkcə onun tibbi təcrübəsindən yox, həm də Azərbaycanda peşəkar həkimin ətrafında yaradılan maneələrdən danışmalı olacaq. Bu hadisə yalnız bir tələbənin əməliyyat otağından uzaqlaşdırılması deyil. Bu, xaricdə oxuyan azərbaycanlı gənclərə, peşəkar həkimlərə və tibbi təhsilin mahiyyətinə münasibət məsələsidir. Əgər biz xaricdə oxuyan gənclərimizin Azərbaycanla bağını qorumaq istəyiriksə, onların qarşısına süni maneələr çıxarmamalıyıq. Bilikli, savadlı, Vətənə bağlı gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır və gənclərin qarşısında bütün imkanlar açıq olmalıdır. Bunu isə Prezident İlham Əliyev deyib. (Mənbə: İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışı: 05 dekabr 2019)”. Qeyd edək ki, məsələ ilə bağlı TƏBİB jurnalistin sorğusuna cavab verib. Ancaq bu cavab hadisənin mahiyyətindən daha çox rəsmi qaydalara istinadla ictimaiyyəti çaşdırmağa yönəlib. Belə ki, TƏBİB cavabında iddia edib ki, guya Fərhad orada hər hansı bir əməliyyatda iştirak edib və bu qaydalara ziddir. Xarici ölkələrin təhsil müəssisələrində təhsil alan tələbələrin Azərbaycanda təcrübə keçməsi isə müvafiq hüquqi əsaslar çərçivəsində rəsmiləşdirilməlidir. Belə hallarda təcrübənin təşkili ikitərəfli razılaşma əsasında həyata keçirilə bilər. Sözügedən tələbənin Respublika Neyrocərrahiyyə Xəstəxanasında təcrübə keçməsi ilə bağlı müəssisə rəhbərliyinə edilən müraciət müəyyən olunmuş qaydalara uyğun gəlmədiyinə görə müsbət cavab verilməmişdir”. Ataşova isə deyir ki, öyrənmək istəyən gəncin yolunu kəsmək yox, ona qapı açmaq lazımdır: “Öyrədənin isə əlundən öpmək lazımdır”. Gununsesi.info-nun araşdırması zamanı isə məlum olub, adıçəkilən tibb müəssəsində baş verən bu olay daxili intirqalardan qaynaqlanır. Belə ki, direktor Fərhad Həsənovun fəaliyyəti nəticəsində tibb müəssisəsində qarşıdurmalar, yuxarı orqanlara bir-birindən şikayətlər və sair olaylar yaşanır. Sonuncu fakt isə dünya səviyyəli həkim Ələsgər Həsrətova qarşı yaranan qısqanclıqdan qaynaqlandığı sirr deyil. Geri qayıt |