Əsas Səhifə > Ana xəbər / Güney Press > Köçəryan Ermənistandan qaçmağı planlaşdırır

Köçəryan Ermənistandan qaçmağı planlaşdırır


Bu gün, 10:59

“Xalqa söz vermişdik ki, onların ölkədən qaçmalarına imkan verməyəcəyik. Bunun xəyalını çox quracaqlar, biz isə verdiyimiz sözü yerinə yetiririk”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Alxas Qazaryan müxalifət liderlərinin ölkədən çıxışına qadağa qoyulması məsələsinə münasibət bildirərkən deyib.

“Ölkədən qaçmaq istəyirlər, adamlarını Mərkəzi Seçki Komissiyasına göndərirlər, amma özləri gəlmirlər, çünki qaçmağı planlaşdırırlar. Köçəryan özünü “güclü oğlan” kimi göstərirdi, Sarukyan “şir” kimi davranırdı, Karapetyan da böyük vədlər verirdi. Amma bu gün gizlənmək üçün siçan deşiyi axtarırlar”, - o bildirib.

Qazaryanın fikrincə, müxalifətin ətrafında geniş xalq dəstəyi yoxdur, buna görə də mitinq keçirə bilmir:

“Yanlarında dayanacaq insanlar yoxdur. Küçəyə çıxıb nə edəcəklər? İnsanlara mal kimi yanaşıb onları satın almalarına imkan verməyəcəyik. Rüşvət paylayanlar indi seçkilərin saxtalaşdırılmasından danışırlar. Ayıblarına qısılıb sussunlar. İnsanlar pulu götürüblər, amma onlara səs verməyiblər”.

Rusiya Prezidenti Vladimir Putinin indiyədək Ermənistan Baş naziri Nikol Paşinyanı təbrik etməməsinə gəlincə, deputat hesab edir ki, gec-tez belə bir təbrik səslənəcək.

Xatırladaq ki, Ermənistan müxalifətinin liderləri – Robert Köçəryan, Samvel Karapetyan, Narek Karapetyan və Qaqik Sarukyanın ölkədən çıxışlarına qadağa qoyulub. Sarukyan, N. Karapetyan və Köçəryan ötən həftə ölkəni tərk etmək istəyərkən icazə verilməyib.


Geri qayıt