Əsas Səhifə > Ana xəbər / Güney Press > Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?..

Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?..


Bu gün, 09:31

Yerli təhsil naziri Elxan Nəcəfov bildirib ki, Naxçıvan məktəbləri ötən tədris ilinin nəticələrinə görə Azərbaycanda ən yüksək göstəricilərdən birini əldə edib.
“Məzun günü”ndə çıxış edən nazir qeyd edib ki, 11-ci və 9-cu sinif buraxılış imtahanlarının nəticələrinə görə Naxçıvan məktəbliləri yüksək bal toplayıblar:
“Ötən tədris ilində buraxılış imtahanlarında əldə olunan nəticələr məktəblərin və şagirdlərin uğurlarını əks etdirib. Belə ki, 11-ci siniflər üzrə iki, 9-cu siniflər üzrə isə bir şagird maksimum nəticə göstərib.
Dövlət İmtahan Mərkəzinin hesabatına əsasən, 11-ci siniflərin buraxılış imtahanlarının orta bal göstəricilərinə görə Naxçıvan Muxtar Respublikası ölkə üzrə birinci yerdə qərarlaşıb. Blok imtahanlarının yekun nəticələrinin də muxtar respublika şagirdlərinin uğurlarını təsdiqləyəcəyinə inanıram.”
Olimpiada nəticələrinə də toxunan nazir bildirib ki, bu tədris ilində əldə olunan nailiyyətlər ötən illə müqayisədə 100 faiz artıb:
“Şagirdlər qızıl, gümüş və bürünc medallara layiq görülüblər. İnformatika fənni üzrə Babək rayonunun Nehrəm kənd tam orta məktəbinin şagirdi Əzim Əzimzadə qızıl medal qazanıb.”
Bəzi valideynlər isə rəsmi nəticələrə baxmayaraq, Naxçıvandakı təhsil sistemini tənqid edirlər.
Onların sözlərinə görə, Naxçıvan təhsil sistemi uzun illərdir korrupsiya və rüşvət iddiaları ilə bağlı tənqid olunur. Valideynlər bildirirlər ki, şagirdlərin yüksək nəticə göstərməsində məktəb dərslərindən çox repetitorların və xüsusi hazırlıq kurslarının rolu var.
Onlar deyirlər ki, bu kurslar ailələrə baha başa gəlir və hər valideynin övladını əlavə dərsə göndərmək imkanı olmur.
Valideynlər hesab edirlər ki, məktəblərdə normal tədris olunsaydı, şagirdlərin repetitor və kurslardan bu qədər asılı qalmasına ehtiyac yaranmazdı. Bu səbəbdən rəsmi uğur göstəriciləri ilə yanaşı, təhsildə korrupsiya və rüşvət iddiaları, məktəblərdə dərsin keyfiyyəti və ailələrin əlavə təhsil xərcləri də ayrıca araşdırılmalıdır.
"Gündəlik Naxçıvan"

Geri qayıt