Əsas Səhifə > Ana xəbər / Güney Press > Nazirin açıqlaması müzakirə yaratdı: 3 ildən sonra nə dəyişəcək?

Nazirin açıqlaması müzakirə yaratdı: 3 ildən sonra nə dəyişəcək?


Bu gün, 06:49

Elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında bildirib ki, təxminən 3 il sonra dərsliklər öz əhəmiyyətini tamamilə itirəcək.

“Süni intellekt artıq materialları müəllifdən daha yaxşı təqdim edir. Hətta düşünürəm ki, bəzi məsələləri Dilçilik İnstitutunun tədqiqatlarından daha yaxşı formada təqdim edir. Amma bu o demək deyil ki, gələcəkdə dilçi alimlərə ehtiyac qalmayacaq”, – nazir vurğulayıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Əməkdar müəllim, təhsil eksperti Sona Əliyeva bildirdi ki, nazirin açıqlaması təhsil sisteminin qarşısında dayanan böyük dəyişikliyi gündəmə gətirir:

“Bu gün artıq süni intellektin təhsilə təsiri nəzəri məsələ deyil, real prosesdir. Amma "3 ildən sonra dərsliklər tam əhəmiyyətini itirəcək" fikrinə bir qədər ehtiyatla yanaşmaq lazımdır. Düşünürəm ki, dərslik tamamilə sıradan çıxmayacaq, sadəcə dərsliyə olan münasibət dəyişəcək. Ənənəvi dərslik əvvəlki kimi təhsilin yeganə məlumat mənbəyi ola bilməz. Çünki bugünkü uşaq artıq məlumatı yalnız kitabdan almır. O, izahı videodan, süni intellektdən, rəqəmsal platformadan, interaktiv tapşırıqlardan da ala bilir. Bu reallığı görməmək mümkün deyil. Amma bu o demək deyil ki, dərsliklər sabah lazımsız kağız parçasına çevriləcək.

Dərslik sadəcə mətn deyil. Dərslik dövlətin təhsil standartını, milli kurikulumu, elmi yanaşmanı, dil normasını və pedaqoji ardıcıllığı daşıyan əsas vasitələrdən biridir. Ona görə də dərsliyin tamamilə əhəmiyyətini itirəcəyini demək bir qədər tələsik yanaşmadır.

Süni intellektin üstünlüyü ondadır ki, o, mövzunu uşağın səviyyəsinə uyğun izah edə bilir. Bir şagird mövzunu tez qavrayır, digəri daha çox izaha ehtiyac duyur. Dərslik hamıya eyni cümlə ilə müraciət edir, süni intellekt isə həmin mövzunu müxtəlif formada izah edə bilər. Bu, təhsildə fərdiləşməyə ciddi imkan yaradır”.

Onun sözlərinə görə, təhsil məlumat əzbərləməkdən ibarət deyil:

“Təhsil uşağın düşüncəsini, davranışını, dəyərlərini, nitqini, sosial münasibətini və məsuliyyət hissini formalaşdıran prosesdir. Süni intellekt məlumatı gözəl təqdim edə bilər, amma uşağın xarakterini, milli kimliyini, insanla ünsiyyət bacarığını təkbaşına formalaşdıra bilməz.

Əgər süni intellekt təhsilə düzgün inteqrasiya olunarsa, bu, əlbəttə ki, Azərbaycan təhsili üçün ciddi yüksəliş yarada bilər. Müəllimin yükü azala, şagird daha fərdi dəstək ala, mövzular daha aydın və maraqlı təqdim oluna bilər. Xüsusilə bölgələrdə, əlavə hazırlıq imkanları məhdud olan ailələr üçün bu texnologiya böyük fürsətə çevrilə bilər.

Amma burada risklər də az deyil. Əgər uşaq süni intellektdən öyrənmək üçün yox, hazır cavab almaq üçün istifadə edəcəksə, bu, təhsilin keyfiyyətini artırmayacaq, əksinə, düşünmə bacarığını zəiflədəcək. Əgər müəllimlər bu prosesə hazır olmayacaqsa, süni intellekt məktəbdə köməkçi yox, nəzarətsiz alətə çevriləcək. Əgər məzmunun elmi və milli çərçivəsi müəyyən edilməyəcəksə, uşağa təqdim olunan biliyin doğruluğu da sual altında qalacaq.

Ona görə də mən bu məsələyə "dərslik, yoxsa süni intellekt?" kimi baxmağın doğru olmadığını düşünürəm. Dərslik qalmalıdır, amma əvvəlki formada yox”.

Sona Əliyevanın fikrincə, dərslik süni intellektlə, rəqəmsal platformalarla, interaktiv məzmunla zənginləşdirilməlidir:

“Müəllim də bu prosesin kənarında yox, tam mərkəzində olmalıdır. Çünki müəllimsiz texnologiya təhsil yaratmır, sadəcə məlumat ötürür. Təhsil isə məlumatdan daha böyük anlayışdır.

Bu gün biz süni intellektdən qorxmamalıyıq, amma onu da kor-koranə ideallaşdırmamalıyıq. Süni intellekt təhsilimizə yüksəliş vəd edir, amma bu yüksəliş yalnız düzgün idarəetmə, müəllim hazırlığı, milli məzmun nəzarəti və bərabər texnoloji imkanlarla mümkün ola bilər. Bu modeli düzgün qurmasaq, bu dəfə də təhsilin öz mahiyyəti zəifləyə bilər. Ona görə də əsas hədəf dərsliyi ləğv etmək yox, dərsliyi yeni dövrün tələblərinə uyğun ağıllı, çevik və canlı tədris resursuna çevirmək olmalıdır.”


Geri qayıt