Əsas Səhifə > Ana xəbər / Güney Press > "Bizim haqqımız olan pulsuz dərmanlar niyə bizə baha satılmalıdır?"
"Bizim haqqımız olan pulsuz dərmanlar niyə bizə baha satılmalıdır?"Bu gün, 11:08 |
|
Şərurda şəkər xəstələrinə pulsuz verilməli olan dərmanların apteklərdə satılması ilə bağlı şikayət ictimailəşəndən sonra problem həll olunub.
Xəstələrin “Gündəlik Naxçıvan”a bildirdiyinə görə, artıq xəstəxanalardan onlara zəng edilərək pulsuz dərmanlarını gəlib götürə biləcəkləri deyilib. Halbuki bundan əvvəl həmin dərmanların yalnız bir hissəsinin veriləcəyi bildirilirdi.
Şikayətçilərin sözlərinə görə, məsələ ictimailəşəndən sonra onlara dərmanları qeydiyyatda olduqları xəstəxanadan tam şəkildə ala biləcəkləri bildirilib:
“Məsələ ictimailəşdikdən sonra təşvişə düşüblər. Deyirlər ki, dərmanlarınızın qalanını da gəlib apara bilərsiniz. Bundan əvvəl yarısını verib deyirdilər ki, yerli Səhiyyə Nazirliyi belə tapşırıb, gedin qalanını aptekdən alın. Aptekdə də qiymətlər od tutub yanır.
Sabah gedib dərmanların qalanını da xəstəxanadan götürəcəyik. Ümid edirik ki, bundan sonra dərmanlarımızı kəsməzlər. Hər ay 150–200 manat verib aptekdən almağa imkanımız yoxdur. Bizim haqqımız olan pulsuz dərmanlar niyə bizə baha satılmalıdır?”
“Gündəlik Naxçıvan” bir müddət əvvəl Şərurda şəkər xəstələrinə pulsuz verilməli olan insulin və digər dərmanların tam paylanmadığı barədə şikayətləri ictimailəşdirmişdi. Xəstələr bildirirdilər ki, onlara həkimin yazdığı dərmanların yalnız bir hissəsi verilir, qalanını isə apteklərdən baha qiymətə almağa məcbur qalırlar. Onların sözlərinə görə, bu vəziyyət son iki ayda daha da ağırlaşmış, bəzi xəstələrin səhhətində ciddi problemlər yaranmışdı.
Geri qayıt |