Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda dələduzluq “epidemiya”sını necə dayandırmaq olar

Azərbaycanda dələduzluq “epidemiya”sını necə dayandırmaq olar


Bu gün, 11:06

Daxili İşlər Nazirliyinin demək olar ki, hər gün yaydığı məlumatlarda dələduzluğa görə axtarışda olan şəxslərin saxlanıldığı görünür. Təkcə iyunun 10-da keçirilən əməliyyatlar zamanı bu cinayətlərə görə axtarışda olan 10 nəfər tutulub. Bu isə problemin təsadüfi deyil, sistemli xarakter aldığını göstərir.

Bəs Azərbaycanda dələduzluq "epidemiyasını" necə bitirmək olar?

Tanınmış vəkil Ceyhun Yusifov Musavat.com-a deyib ki, dələduzluqla mübarizədə əsas amil cəzanın sərtliyindən çox qaçılmazlığıdır: “Bir çox hallarda vətəndaşlar pullarını itirdikdən sonra hüquq-mühafizə orqanlarına müraciət edir və cinayətkarların müəyyən edilməsi vaxt aparır. Operativ araşdırma mexanizmlərinin gücləndirilməsi vacibdir. Son illər dələduzluğun böyük hissəsi bank kartları, onlayn ödənişlər və saxta investisiya təklifləri üzərindən həyata keçirilir. Şübhəli əməliyyatların avtomatik bloklanması, riskli köçürmələr barədə vətəndaşlara əlavə xəbərdarlıqların göndərilməsi zəruridir. Bu gün dələduzların əsas silahı texnologiyadır. Saxta “bank”, “polis” əməkdaşları, “investisiya” şirkətləri və sosial şəbəkələrdə yaradılan saxta profillər hər gün yüzlərlə insanı hədəfə alır. Ən çox aldadılanlar isə təkcə yaşlılar deyil. Təcrübə göstərir ki, ali təhsilli və texnologiyadan istifadə edən şəxslər də müxtəlif sxemlərin qurbanına çevrilirlər. Buna görə məktəblərdə, universitetlərdə və mediada davamlı maarifləndirmə aparılmalıdır. Dələduzluq zənglərinin, saxta SMS-lərin və feyk reklamların qarşısının alınmasında mobil operatorların və sosial platformaların üzərinə də böyük məsuliyyət düşür. Xarici nömrələrdən gələn kütləvi zənglər və şübhəli reklamlar daha sərt filtrdən keçirilməlidir”.

Ceyhun Yusifov deyib ki, Cinayət Məcəlləsində problem yoxdur: “Bir çox insanlar hesab edir ki, dələduzluğun geniş yayılması qanunların yumşaq olması ilə bağlıdır. Əslində isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsində dələduzluğa görə kifayət qədər ciddi sanksiyalar nəzərdə tutulub. Xüsusilə külli və xüsusilə külli miqdarda törədilən dələduzluq hallarında uzunmüddətli azadlıqdan məhrumetmə cəzaları tətbiq edilir. Problem qanunda deyil. Praktikada əsas problem cinayətin qarşısının alınması və zərərin operativ şəkildə bərpa edilməsidir. Çünki vətəndaş üçün əsas məsələ cinayətkarın neçə il həbs alması deyil. Onun üçün vacib olan itirdiyi vəsaitin geri qaytarılmasıdır”.

Ceyhun Yusifov deyib ki, vətəndaş psixologiyası dəyişməlidir: “Dələduzların uğur qazanmasının əsas səbəblərindən biri insanların tez qazanc əldə etmək istəyi, yaxud qorxu hissi ilə qərar verməsidir. Bir günə pulunu ikiqat artır, kartın bloklanacaq, adına cinayət işi açılıb kimi ifadələr artıq klassik fırıldaqçılıq siqnalları hesab edilməlidir. Dələduzluq təkcə hüquqi problem deyil. Bu, iqtisadi, sosial və texnoloji amillərin kəsişdiyi bir təhlükədir. İşsizlik, asan qazanc axtarışı, rəqəmsal savadsızlıq və internet üzərindən anonim fəaliyyət imkanları bu cinayət növünün geniş yayılmasına şərait yaradır. Azərbaycanda dələduzluqla mübarizə yalnız polis əməliyyatları ilə məhdudlaşmamalıdır. Hüquq-mühafizə orqanları, banklar, mobil operatorlar, təhsil sistemi və media eyni vaxtda hərəkət etmədikcə problem tam həll olunmayacaq. Dələduzluğun qarşısını almağın ən effektiv yolu cinayətkarın tutulmasından əvvəl vətəndaşın aldadılmamasını təmin etməkdir. Çünki ən ətraflı araşdırılan cinayət işi belə, itirilmiş pulları və sarsılmış etimadı tam geri qaytara bilmir. Azərbaycanda dələduzluq artıq ayrı-ayrı cinayət hadisələrinin məcmusu deyil, ictimai təhlükəsizlik probleminə çevrilib. Polis hər gün onlarla dələduzu saxlayır, məhkəmələr yüzlərlə belə işə baxır, lakin problem azalmır. Çünki cinayətkarlar hər gün yeni üsullar tapırlar, vətəndaşların bir hissəsi isə hələ də köhnə üsullarla aldadılır. Dələduzluğa qarşı mübarizənin ən təsirli yolu həbsxanaların sayını artırmaq deyil, aldadılacaq insanların sayını azaltmaqdır. Vətəndaş bilməlidir ki, telefondakı səsə inanmaq hüquqi sübut deyil, kart məlumatını paylaşmaq isə bəzən öz əli ilə cinayətkara pul vermək deməkdir. Dələduzun ən böyük düşməni polis yox, məlumatlı və ehtiyatlı vətəndaşdır. Bu həqiqət qəbul edilməyincə, saxlanılanların sayı artacaq, amma dələduzluq xəbərləri gündəmdən düşməyəcək”.


Geri qayıt