Əsas Səhifə > Ana xəbər / Güney Press > Rus səfirliyindən Bakıda Puşkinin heykəli önündə TƏXRİBAT...
Rus səfirliyindən Bakıda Puşkinin heykəli önündə TƏXRİBAT...Bu gün, 11:00 |
|
Bakıda “Rus Dili Günü” qeyd olunub. “AzPolitika” xəbər verir ki, bu barədə Rusiyanın ölkəmizdəki səfirliyinin rəsmi sosial şəbəkə səhifəsində məlumat və fotolar paylaşılıb. Səfirliyin paylaşımında bir neçə diqqət çəkən məqam var. Bunlardan biri Azərbaycanın müstəqillik tarixinin təhrif olunmasına açıq cəhddir. Səfirliyin məlumatında deyilir: “Rusiyanın Bakıdakı səfirliyinin dəstəyi ilə Azərbaycan paytaxtının mərkəzində yerləşən A.S.Puşkinin abidəsinin önünə gül qoymaq mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikası Rus Dilli Təhsil Müəssisələri Assosiasiyasının fəalları, rusdilli məktəblərin şagirdləri, ictimaiyyət nümayəndələri və rus ədəbiyyatı həvəskarları iştirak etdilər. Puşkinin abidəsi 12 oktyabr 2001-ci ildə Rusiya hökumətinin Azərbaycanın müstəqilliyinin 10-cu ildönümünə hədiyyə olaraq Bakıda açılıb. Puşkin və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsindəki meydanda ucaldılmış abidənin dizaynı məşhur rus heykəltəraşı Yuri Orexov tərəfindən hazırlanıb”. Göründüyü kimi, Rusiya səfirliyi rəsmi məlumatında “2001-ci ildə Rusiya hökumətinin Azərbaycanın müstəqilliyinin 10-cu ildönümünə hədiyyəsi” deməklə, Azərbaycanın müstəqillik tarixini 1991-ci ildən sayır. Hansı ki, müstəqillik tariximiz 1918-ci il 28 maydan hesablanır. Rusiyanın nəzərdə tutduğu isə Azərbaycanın SSRİ-dən ayrıldığı və rəsmən adı Müstəqilliyin Bərpası Günü olan 1991-ci il 18 oktyabr günüdür. Üstəlik, 15 oktyabr 2021-ci ildən Azərbaycanın Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olub. Bütün bunları Rusiya səfirliyində əlbəttə ki, bilməmiş deyillər. Buna baxmayaraq, 1991-ci ilə istinad edilərək “Azərbaycanın müstəqilliyinin bərpasının 10-cu ildönümü” deyil, məhz “müstəqilliyinin 10-cu ildönümü” ifadəsinin işlədilməsi təsadüfi görünmür və müstəqillik tariximizin təhrif edilməsi, hətta təxribat təsiri bağışlayır. Xatırladaq ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərbəiyyə” telekanalına müsahibəsində Azərbaycanın müstəqillik tarixi barədə danışarkən 1920-ci ildə Azərbaycanda bolşevik hakimiyyətinin qurulmasını Rusiyanın işğalı adlandırmışdı. Onun bu real tariximizə söykənən açıqlaması Kreml təbliğatında və Rusiya mediasında az qala isterika ilə qarşılanmışdı. Bu da onu göstərirdi ki, Rusiya hakimiyyəti Azərbaycanın müstəqillik tarixinin 1918-ci ildən başlaması faktını qəbul etmək istəmir. Rusiya səfirliyinin yuxarıda qeyd etdiyimiz məlumatı da bu kontekstə uyğundur… Bağlanan “Rus Evi”ni “Sodrujestvo” əvəz edir? Səfirliyin Bakıda keçirilən “Rus Dili Günü” barədə məlumatında daha bir diqqət cəlb edən məqam “Sodrujestvo” adlı İctimai Birliklə bağlıdır. Məlumatda daha sonra deyilir: “Bu ilki şənliklər "Sodrujestvo" İctimai Birliyində keçirilən Puşkin diktantı ilə davam etdi. İştirakçılar rus dili biliklərini sınamaq, klassikin əsərlərini xatırlamaq və dünya mədəni irsinin mühüm bir hissəsi olaraq qalan zəngin ədəbi irsi bir daha yaşamaq imkanı əldə etdilər”. Məlum olduğu kimi, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən 2025-ci ilin fevral ayında göndərilən rəsmi notaya əsasən, Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin - "Rus Evi"nin ölkə ərazisindəki fəaliyyətinə məlum səbəblərdən xitam verilib. Həmin vaxta qədər rus dili, mədəniyyəti və s. ilə bağlı tədbirlər sözügedən “Rus Evi”ndə keçirilirdi. İndi isə səfirliyin məlumatından belə təəssürat yaranır ki, eyni funksiyanı "Sodrujestvo" İctimai Birliyi həyata keçirir və fiziki olaraq, məkan fərqindən başqa dəyişən bir şey yoxdur… Onu da əlavə edək ki, Azərbaycanda “Rus Dili Günü”nü qeyd edən yalnız Rusiya səfirliyi olmayıb. Həmin məlumatına altında dərc edilən şərhlərdən belə məlum olur ki, eyni tədbir, məsələn, Kimya-biologiya təmayüllü Respublika liseyində də keçirilib. Sonda qeyd edək ki, Rusiya paytaxtında, məsələn, Nizami Gəncəvinin heykəlinin qarşısında, yaxud hansısa Azərbaycana bağlı İctimai Birlikdə “Azərbaycan Dili Günü”nün keçirilib-keçirilmədiyini bilmirik. Amma onu bilirik ki, dünya ədəbiyyatına, mədəniyyətinə misilsiz töhfələr vermis rus dili, hazırda təəssüf ki, keçmiş Sovet respublikalarında “yumşaq güc”ün tərkib hissəsi kimi istifadə olunur. Rusiya səfirliyinin “Rus Dili Günü” ilə bağlı yayımladığı “müəmmalı” açıqlama isə bu qənaəti daha da möhkəmləndirir… “AzPolitika.info” Geri qayıt |