Əsas Səhifə > Ana xəbər / Güney Press > “Azərbaycan-Ermənistan sülhündə üçüncü tərəfə ehtiyac yoxdur”

“Azərbaycan-Ermənistan sülhündə üçüncü tərəfə ehtiyac yoxdur”


Bu gün, 06:55

"Rusiya rəsmilərinin, o cümlədən xarici işlər nazirinin müavininin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün platforma təqdim etməyə hazır olması ilə bağlı məsələyə münasibətim belədir ki, biz Ermənistanla sülh prosesini ikitərəfli əsasda, birbaşa, yəni yalnız Azərbaycan və Ermənistan arasında, üçüncü tərəfin iştirakı və ya müdaxiləsi olmadan aparırıq".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev səsləndirdi.

O qeyd etdi ki, Azərbaycan və Ermənistan arasında diplomatik kanallar mövcuddur, sülh prosesi ilə bağlı əlaqələr və təmaslar davam etdirilir:

"Artıq həm rəsmi şəxslər, həm də parlamentarilər səviyyəsində görüşlər keçirilib. Ona görə də biz sülh prosesini ikitərəfli münasibətlər kontekstində davam etdiririk və sülh müqaviləsinin imzalanmasının vaxtını və məkanını da bu çərçivədə, ikitərəfli formatda müəyyən edəcəyik. Bu baxımdan hər hansı əlavə platformaya və ya əlavə təkliflərə ehtiyac görmürəm. Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaradıb. Biz müharibəni başa çatdırmış, torpaqlarımızı işğaldan azad etmişik. Ermənistan tərəfinə sülh müqaviləsinin layihəsini də biz təqdim etmişik bu, beş baza prinsipi üzərində hazırlanıb".

Millət vəkili əlavə etdi ki, sülh gündəliyini irəli aparan, prosesin əsas təşəbbüskarı və aparıcı qüvvəsi Azərbaycan olub.

"Ona görə də bu prosesdə bütün addımlar milli maraqlarımıza uyğun şəkildə davam etdirilir. Müqavilənin imzalanmasının vaxtı və məkanı da daxil olmaqla bütün məsələlər barədə qərarı biz özümüz verəcəyik. Hansı formatda, hansı məzmunda və hansı protokol çərçivəsində həyata keçiriləcəyi də bu yanaşma əsasında müəyyən olunacaq. Nəticədə sülh müqaviləsinin imzalanması ilə bu məsələyə birdəfəlik nöqtə qoyulacaq. Azərbaycan lideri, Azərbaycan xalqı və Azərbaycan ordusu tərəfindən yaradılmış yeni reallığa uyğun olaraq, diplomatik və siyasi fəaliyyət də məhz bu istiqamətdə, milli maraqlara uyğun şəkildə davam etdiriləcək", - deyə Gəncəliyev vurğuladı.


Geri qayıt