Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistanda qanlı qarşıdurma yarana bilər

Ermənistanda qanlı qarşıdurma yarana bilər


Bu gün, 09:25

Moskva Baş nazir Nikol Paşinyanın Qərblə yaxınlaşma siyasətindən narahat olduğu üçün Ermənistanda keçiriləcək parlament seçkilərində özünə daha yaxın siyasi qüvvələrin hakimiyyətə gəlməsində maraqlı görünür. Rusiyanın seçkilərdə Paşinyan əleyhinə olan revanşist qüvvələrə siyasi dəstək verməsi isə ölkədə gərginliyin və qütbləşmənin daha da artmasına zəmin yaradır. Seçkilərin nəticələri ilə bağlı narazılıqlar yaranacağı təqdirdə, iqtidar və müxalifət arasında qarşıdurma riskinin yüksəlməsi istisna deyil. Belə bir ssenari Ermənistanın daxili sabitliyinə, eləcə də Cənubi Qafqazda gedən siyasi proseslərə ciddi təsir göstərə bilər.

Professor Cümşüd Nuriyev “Reytinq” qəzetinə açıqlamasında bildirib ki, Rusiya Nikol Paşinyanın yenidən hakimiyyətə gəlməsində maraqlı deyil və onun rəqibi kimi təqdim olunan Samvel Karapetyana dəstək verir.

C. Nuriyevin sözlərinə görə, Avropa və ABŞ-nın Paşinyanı müdafiə etdiyi də hiss olunur.

Professor hesab edir ki, seçkilərin birinci mərhələsində ciddi nəticə əldə olunmayacaq: “Bu səbəbdən əsas qarşıdurma iyunun 21-də keçiriləcəyini ehtimal etdiyim ikinci mərhələdə baş verə bilər. Bu mərhələdə Paşinyan qalib gələ bilər. Ancaq müəyyən qüvvələr çalışacaq ki, seçkilərin ikinci mərhələsi ərəfəsində qan tökülsün, vəziyyət gərginləşdirilsin. Bir növ Ermənistanda Ukrayna ssenarisi baş versin”.

Nuriyevin fikrincə, Paşinyan seçkilərdə məğlub olarsa, Ermənistan dövlət kimi mövcudluğunu qoruyub saxlamaq baxımından ciddi problemlərlə üzləşə bilər:

“Qənaətimcə, Paşinyan seçkini uduzduğu təqdirdə, Zəngəzur məsələsi Azərbaycanın xeyrinə həll oluna bilər. Bizim üçün Ermənistanda hakimiyyətə kimin gəlməsinin elə də böyük fərqi yoxdur. Çünki Prezident İlham Əliyevin bu məsələ ilə bağlı planı çoxdan hazırdır. Sadəcə, Paşinyan qalib gələ bilməsə, bu, ilk növbədə Ermənistanın özünə zərər verəcək”.

Nuriyev qeyd edib ki, hazırda Rusiyada Ermənistanla bağlı fəaliyyət göstərən bəzi siyasətçilər ritorikalarını sərtləşdirərək İrəvana qarşı təhdidedici bəyanatlar səsləndirirlər:

“Mən Konstantin Zatulini, Aleksey Overçuku və digərlərini nəzərdə tuturam. Onlar uzun müddətdir Ermənistan hökumətini tənqid edirlər. Lakin onların bu çıxışları Paşinyanın ölkə daxilindəki dəstəyinin artmasına səbəb olur.

Rusiyanın Paşinyanın yenidən seçilməsindən narahat olduğunu görürük. Bu baxımdan seçkilərin nəticələri böyük maraq doğurur. Ümumiyyətlə, son dövrlərdə Rusiyada Azərbaycanla bağlı çağırışlar da səslənir, xüsusilə Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulması ilə bağlı fikirlər irəli sürülür. Görünür, bəzi dairələr Ermənistanın bu qurumdakı rolunun Azərbaycanla əvəzlənməsinə müsbət yanaşırlar. Əslində, mən burada ciddi problem görmürəm. Bu iqtisadi birlikdə bizim tərəfdaşlarımız olan Qazaxıstan və Özbəkistan da təmsil olunur. Üstəlik, Azərbaycanın dünya ilə geniş iqtisadi əlaqələri formalaşıb”.

Professor əlavə edib ki, hazırda həm Azərbaycanın, həm də region ölkələrinin diqqəti Ermənistandakı seçkilərin nəticələrinə yönəlib. Çünki bu nəticələr Ermənistanın gələcək inkişaf istiqamətini müəyyənləşdirəcək.


Geri qayıt