Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan Rusiya qazından xilas ola bilərmi?

Ermənistan Rusiya qazından xilas ola bilərmi?


Bu gün, 10:37

“Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyadan olan enerji asılılığının azaldılmasından tez-tez danışsa da, real statistik göstəricilər tam fərqli mənzərəni ortaya qoyur”.

Bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri, tanınmış enerji eksperti İlham Şaban “AzPolitika”ya şərhində bildirib.

Ekspert qeyd edib ki, 2025-ci ildə Ermənistanın qaz balansının 82 faizindən çoxu məhz Rusiya qazının hesabına formalaşıb və bu fakt hələlik Moskvanın Ermənistanın qaz təhlükəsizliyində həlledici rolunu qoruyub saxladığını birmənalı şəkildə sübut edir.

İlham Şaban Ermənistanın qaz bazarı haqqında real təsəvvür yaratmaq üçün mühüm statistik məlumatları diqqətə çatdırıb: “Ermənistanın İctimai Xidmətləri Tənzimləmə Komissiyasının rəsmi məlumatına görə, 2025-ci ildə ölkəyə ümumilikdə 2 milyard 705 milyon kubmetr qaz daxil olub. Bunun 2 milyard 229 milyon kubmetri Rusiyanın, 475.8 milyon kubmetri isə İranın payına düşüb. Onu da nəzərə almaq lazımdır ki, İran qazı birbaşa daxili bazara çıxmır, əsasən məlum 'qaz müqabilində elektrik enerjisi' sxemi ilə istifadə edilir. Həmçinin 2025-ci ildə və hazırda qüvvədə olan müqaviləyə əsasən, Gürcüstan-Ermənistan sərhədində Rusiya qazının qiyməti hər 1000 kubmetr üçün 165 dollar səviyyəsindədir. Bu rəqəmi həm 'Gazprom Armenia' şirkəti, həm də Paşinyan hökuməti rəsmən təsdiqləyib”.

Bəs Azərbaycan qazı Ermənistan üçün alternativ mənbə rolunu oynaya bilərmi? İ

lham Şaban bu məsələdə olduqca maraqlı məqamların mövcud olduğunu vurğulayıb. Ekspert qeyd edib ki, 2025-ci ilin sonunda Azərbaycandan Ermənistana "AI-95" markalı benzinin ixracına başlanılıb və bu, iki ölkə arasında enerji ticarətində ilk praktik nümunələrdən biri hesab olunur. Lakin qaz məsələsində vəziyyət xeyli mürəkkəbdir: “Texniki baxımdan Azərbaycan qazının Ermənistan ərazisinə ixracı Gürcüstan üzərindən tamamilə mümkündür və bu marşrutda heç bir problem yoxdur. Xatırlayırsınızsa, hətta 2021-ci ildə Rusiya qazı magistral kəmərdə aparılan təmir işləri zamanı müvəqqəti olaraq məhz Azərbaycan ərazisindən keçməklə Ermənistana çatdırılmışdı. Bu hadisə texniki imkanların mövcudluğunu əyani şəkildə nümayiş etdirir”.

Kommersiya tərəfinə toxunan ekspert bildirib ki, Ermənistana qaz satmaq hazırda Azərbaycan üçün cəlbedici görünmür və buradakı əsas əngəl qiymət amilidir: “Azərbaycan qazının Türkiyə və Avropa istiqamətində satışı ölkəmiz üçün qat-qat gəlirlidir. Ermənistan isə hazırda sərhəddə cəmi 165 dollar ödəyir. SOCAR-ın belə aşağı qiymətlə qaz satması iqtisadi baxımdan tamamilə məntiqsiz görünür. Sual oluna bilər ki, axı SOCAR təxminən həmin qiymətə Gürcüstana da qaz satır! Düzdür, lakin SOCAR həmin qazı birbaşa Gürcüstan hökumətinə satmır. Dövlət Neft Şirkəti özünün törəmə müəssisəsi olan 'SOCAR Georgia Gas' şirkəti vasitəsilə bu qiymətə topdansatış bazarından qazı alır, daha sonra özü yerli bazarda onu daha baha qiymətə pərakəndə sataraq biznes fəaliyyətini tam səmərəli şəkildə təmin edir”.

Mərkəz rəhbəri yaxın gələcəklə bağlı proqnozlarını bölüşərək vurğulayıb ki, yaxın 3-5 ildə Ermənistanın Rusiya qazını tamamilə Azərbaycan qazı ilə əvəz etməsi real görünmür. Ekspertə görə, fərqli bir ssenari daha realdır: “Mənim qiymətləndirməmə görə, ən real ssenari İrandan alınan qazın həcminin təxminən 2 dəfəyədək artırılması ola bilər. Eyni zamanda, Azərbaycandan Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana və Türkiyənin şərq vilayətlərinə göndəriləcək qazın tranzitinə görə Ermənistanın Azərbaycandan natural şəkildə (qaz olaraq) pay alması gözlənilir. Məhz bu amillərin hesabına gələcəkdə Rusiya qazının Ermənistan bazarındakı payının tədricən azalması baş verə bilər”.


Geri qayıt