Əsas Səhifə > Ana xəbər / Güney Press > AYNA-nın “rəsmxət dərsi”

AYNA-nın “rəsmxət dərsi”


Bu gün, 05:52

Bakının ciddi şəkildə dəyişdiyini çox eşidirik. Burada yollardakı, hərəkət istiqamətlərindəki dəyişikliklər də vacib rol oynayır. Şəhərin bəzi hissələrində yaşayış massivi ləğv edilib, yeni yol çəkilib. Müəyyən yerlərdə yalnız birtərəfli hərəkət təşkil olunub. Ümumiyyətlə, paytaxta uzun illərdir ayağı dəyməyən insanlar üçün bəzən qarışıq görünə biləcək mənzərə yaranıb.

Bizimyol.info xəbər verir ki, AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) bu işdə əsas səlahiyyət sahibidir. Büdcədən quruma təkcə xətlənmələr üçün onmilyonlarla manat ayrılır. Sön dönəmlərin ayrı-ayrı vaxtlarında 37 milyon və 45 milyon manat ayrıldığını eşitmişik. AYNA da öz növbəsində müxtəlif dəyişikliklərə əl atıb. Guya bu addımlar həm nəqliyyatda optimallaşdırmaya, həm də tıxacların azalmasına xidmət edəcəkdi. Görünən odur ki, agentlik işinin öhdəsindən gələ bilmir. Sürücülərin narazılığı çox artıb.

Hərdən elə təəssürat yaranır ki, AYNA sürücülərin çox cərimələnməsini arzulayır. Yoxsa şəhər yollarında bu qədər mürəkkəblik yaradılmazdı. Məsələn, Cəfər Cabbarlı küçəsindəki xətlənməni göstərmək olar. Bakıxanov prospektindən köməkçi yol vasitəsilə bu küçəyə çıxmaq istəyən sürücülər cərimədən qaçmaq üçün böyük şücaət göstərməlidirlər. Həmin hissədə avtobus zolağının qüvvədə saxlanılması ayrıca çaşqınlıq yaradılır. Cəfər Cabbarlı küçəsinə çıxmaq üçün sürücülərə çox kiçik yer verilib. Ekspertlər bununla bağlı nə qədər izahedici videolar çəkiblər, AYNA-nı xətlənməyə əl gəzdirməyə çağırıblar. Amma agentlik dediyindən dönmür. Hər gün yolun həmin hissəsində min manatlarla cərimə yazılır.

Rəşid Behbudov, Koroğlu Rəhimov küçələrindəki xətlənmələri yəqin görmüsünüz. Orada kəskin bucaqlara əl atmaqla həm də qəza şəraiti yaradılmasına xidmət göstərilir. Yenə ekspertlər danışır, AYNA özünü eşitməzliyə vurur.

Şəhərin neçə yerini göstərmək olar ki, agentlik məlumatverici-göstərici nişanlara ehtiyac duymadan xətlənməyə üstünlük verir. Sürücü yalnız işıqfora çatanda doğru zolaqda olmadığını anlayır.

Ümumiyyətlə, sanki xətlənmə işləri ilə mütəxəssis məşğul olmur. Bu məsuliyyəti üzərinə götürənlərin naşılığı ayrı-ayrı epizodlarda özünü göstərir. Elə bil həmin şəxsləri rəsmxət dərslərinə cəlb ediblər, onlar da istədiyi yerdə uyğunsuz xətlər çəkir. Sürücülər üçün isə bu ciddiyə alınmayacaq dərs deyil, onlar cərimələri gerçək pullarla ödəyirlər.


Geri qayıt