Əsas Səhifə > Ana xəbər / Güney Press > Səsləndirdiyi fikirlərə görə linç edilən Bəkirqızı DANIŞDI
Səsləndirdiyi fikirlərə görə linç edilən Bəkirqızı DANIŞDIBu gün, 16:55 |
|
Son günlər uşaq pulu ilə bağlı səsləndirdiyi fikirlərlə geniş müzakirələrə səbəb olan tanınmış aparıcı Səidə Bəkirqızı yenidən gündəmdədir. Onun Azərbaycan kişilərinin uşaq pulu tələb etməsinə dair açıqlamaları sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir çox istifadəçi tərəfindən sərt tənqid hədəfinə çevrilib. Aparıcı isə fikirlərinin kontekstdən çıxarıldığını və haqqında məqsədli qarayaxma kampaniyasının aparıldığını bildirir. Mövzu ilə bağlı yaranan suallara aydınlıq gətirmək üçün KONKRET.az Səidə Bəkirqızı ilə həmsöhbət olub. – Səidə xanım, son günlər sosial şəbəkələrdə haqqınızda tənqidi fikirlərin sayı artıb. Bu, uşaq pulu ilə bağlı çıxışlarınızdan sonra başladı. Bu reaksiyaları necə qiymətləndirirsiniz?
Təəssüf edirəm ki, bəzi həmkarlarımız belə həmin videolara əsaslanaraq materiallar hazırlayırlar. Əgər ali təhsilli jurnalistlər mənim fikirlərimin təhrif olunmuş versiyasına inanırlarsa, o zaman sıravi izləyiciləri qınamaq düzgün olmaz. Bununla belə, kifayət qədər ağıllı və diqqətli tamaşaçılarım var. Onlar da bu gün mənə yazaraq bildirirlər ki, fikirlərim düzgün anlaşılmayıb. – Bu cür açıqlamalar verməklə cəmiyyətdə qütbləşmə yaratdığınızın fərqindəsinizmi?
Mən nə dediyimi bilən adamam və dediyim sözlərin arxasında dayanmağı bacarıram. Çünki həmin sözlərə inanıram. Mən Azərbaycan kişisini uşaq pulu üçün müraciət edən vəziyyətdə görmək istəmirəm. Tarix boyu, eləcə də 44 günlük Vətən müharibəsində Azərbaycan kişisini cəsur, döyüşkən və qürurlu görmüşük. Bu gün onun 30-40 manata möhtac vəziyyətə düşməsi bir qadın kimi məni üzür.
– Bəlkə Səidə Bəkirqızı bir qədər fasilə verib sosial problemlərin həllinə həsr olunan verilişlərə daha çox yer ayırsın? Sizcə, bu daha doğru olmazmı?
Səidə Bəkirqızı illərdir ən çox sosial problemlərdən danışan, müxtəlif dövlət qurumlarının fəaliyyətini tənqid edən aparıcılardan biridir. Təəssüf ki, bütün bunlar bir kənara qoyulub və insanlar yalnız təhrif olunmuş bir fikrin arxasınca gedirlər. Məni daha çox üzən isə odur ki, bu prosesdə bəzi həmkarlarım da iştirak edir. Bu gün işıqlandırdığım bir çox mövzuları başqaları gündəmə gətirməyə cəsarət etməyib. Bunu tam səmimiyyətimlə deyirəm. – Uşaq pulu istəyən kişilərlə bağlı mövqeyinizi dəyişə bilərsinizmi? Çünki valideynlər dövlətin sosial proqramlarından yararlanmaq istəyirlər. Bəzi tənqidçilər isə sizin yanaşmanızın gender bərabərliyinə zidd olduğunu düşünür.
Mənim uşaq puluna qarşı aqressiyam yoxdur. Sadəcə bəzi şəxslər fikirlərimi təhrif edərək guya mənim “uşaq pulu istəyənlər kişi deyil” və ya daha ağır ifadələr işlətdiyimi iddia edirlər. Bu, tamamilə yalandır. Mən belə söz deməmişəm, bu gün də demirəm, sabah da deməyəcəyəm.
Mənə ən çox yazanların böyük əksəriyyəti kişilərdir və tez-tez uşaq pulu ilə bağlı suallar verirlər. Hər dəfə də izah edirəm ki, bu məsələ yalnız dövlət başçısının qərarı ilə həll oluna bilər. Mənim Azərbaycan kişiləri ilə heç bir problemim yoxdur. Əksinə, onların daha güclü, daha təminatlı olmalarını istəyirəm.
Geri qayıt |