Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan nə qədər səs toplayacaq?
Paşinyan nə qədər səs toplayacaq?Bu gün, 16:52 |
|
İyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Bunun nəticələri Ermənistan və region üçün mühüm əhəmiyyət daşıyır. Çünki ölkənin siyasi qüvvələri Rusiyapərəstlər və Qərbmeyillilər olmaqla iki cəbhəyə bölünüb. Birincilərə keçmiş prezident Robert Koçaryan və Rusiyada böyük biznesi olan milyarder Samvel Karapetyan, ikincilərə isə hazırkı Baş nazir Nikol Paşinyan rəhbərlik edir. Ona görə də erməni seçicilər iyunun 7-də təkcə kimi hakimiyyətdə görmək istədiklərinə deyil, həm də ölkələrinin gələcəyinə səs verəcəklər. Bəs hansı qüvvənin şansı daha çoxdur? N.Paşinyanın partiyası təkbaşına hökumət qurmaq üçün lazım olan qədər mandat qazana biləcəkmi? Yenisabah.az seçki öncəsi azərbaycanlı politoloqların proqnozlarını öyrənib. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov: “Konkret rəqəm demək çətindir. Fikrimcə, hakim “Vətəndaş Müqaviləsi” Partiyası seçkilərdə lazım olan 51 faiz səsi toplayacaq”. Politoloq Oqtay Qasımov: “İyunun 7-də baş tutacaq seçkinin nəticəsi Ermənistanın gələcək taleyini həll edəcək. Düşünürəm ki, Nikol Paşinyan və partiyası bu seçkilərdə səslərin təxminən 36-40 faizini qazana bilər”. Politoloq Zərdüşt Əlizadə: “Paşinyanın əsas məqsədi parlament seçkilərindən sonra referenduma gedib konstitusiyanı dəyişməkdir. Bunun üçün ən az 65 faiz səs lazımdır. Ermənistan Baş nazirinin buna tək başına nail olması inandırıcı görünmür. Amma “Vətəndaş Müqaviləsi” Partiyasının 51 faizdən çox səs toplayacağını və hökuməti formalaşdıracağını ehtimal edirəm”. Siyasi icmalçı Əlimusa İbrahimov: “Son sorğuların nəticələrinə və siyasi tendensiyalara əsasən deyə bilərəm ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyası elektratın 35-45 faizinin səsini qazana bilər. Müxalif bloklar arasında mümkün parçalanma olarsa, Paşinyan və partiyasının səs faizləri daha da artacaq”. Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov: “Bu seçkilərdə Baş nazir Nikol Paşinyan səslərin 60 faizindən çoxunu toplamalıdır. Onun üçün əsas məqsəd təkcə qalib gəlmək deyil, mütləq çoxluğu qazanmaqdır”. Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru (CQTM) Fərhad Məmmədov: “Seçki günündə siyasi qüvvələrin təşikatçılıq bacarığından çox şey asılı olacaq. Düşünürəm ki, Paşinyan kifayət qədər yüksək səs faizi toplaya biləcək”. Geri qayıt |