Əsas Səhifə > Ana xəbər / Güney Press > Ölkəyə qızıl külçə keçirən gömrükçülərin işindən prokuror protest vermişdi VƏ...

Ölkəyə qızıl külçə keçirən gömrükçülərin işindən prokuror protest vermişdi VƏ...


Bu gün, 10:14

Ali Məhkəmədə “Azərterminalkompleks” Birliyinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı Pərvin Dursunəliyev, həmin Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru Mənsur Mehdiyev və onların tanışları Əli İbrahimovun barəsindəki qərardan verilən kassasiya protesti və kassasiya şikayətinin detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından məhkumlar Mənsur Mehdiyev və Pərvin Dursunəliyevin müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən isə kassasiya protesti verilib.

Lakin kassasiya instansiyası məhkəməsində işə baxılanadək hər iki məhkum Ali Məhkəməyə ərizə ilə müraciət edərək müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərini özlərinə münasibətdə geri götürdüklərini bildiriblər.

Məhkəmə kollegiyası məsələni araşdırarkən Cinayət-Prosessual Məcəlləsinin müvafiq müddəalarına istinad edib.

Qərarda qeyd olunub ki, CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti və ya protesti vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək hüququna malikdir.

Bundan əlavə, Məcəllənin 414.5-ci maddəsinə görə məhkum və ya bəraət almış şəxs öz müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürə bilər.

Ali Məhkəmənin Cinayət kollegiyası məhkumların təqdim etdikləri ərizələri, iş materiallarını və dövlət ittihamçısının məhkəmə iclasında səsləndirdiyi mövqeni birlikdə qiymətləndirərək nəticəyə gəlib ki, həmin ərizələr təmin edilməlidir.

Nəticədə, Bakı Apellyasiya Məhkəməsinin qərarından məhkumlar Mənsur Mehdiyev və Pərvin Dursunəliyevin müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin geri qaytarılması qərara alınıb.

Beləliklə, Ali Məhkəmə müdafiəçilər tərəfindən təqdim edilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxmayıb və onları geri qaytarıb.

Qeyd: Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı Pərvin Dursunəliyev, həmin Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru Mənsur Mehdiyev tanışları Əli İbrahimovla qabaqcadan əlbir olaraq sonuncu tərəfindən 8 iyul 2024-cü ildə Birləşmiş Ərəb Əmirliklərindən alınan 190 min 400 manat dəyərində 5 ədəd qızıl külçənin hava limanının sərhəd buraxılış məntəqəsindən cinayətkar qrupun digər üzvlərinin köməkliyi ilə gizli şəkildə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq maddi sübutlar aşkar edilərək götürülüb. Toplanmış ilkin sübutlar əsasında Əli İbrahimov, Pərvin Dursunəliyev və Mənsur Mehdiyev Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) təqsirləndirilən şəxs qismində cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər üç şəxs barəsində şərti cəza verilib, sınaq müddəti seçilməklə məhkəmə zalından azadlığa buraxılıb.


Geri qayıt