Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan iqtisadiyyatı sanksiyalara tab gətirə biləcəkmi?

Ermənistan iqtisadiyyatı sanksiyalara tab gətirə biləcəkmi?


Bu gün, 15:16

“Biz ümumiyyətlə, inteqrasiya prosesləri ilə əlaqədar iqtisadi sahədə Ermənistanla demək olar ki, bütün işlərimizi dayandırmağa məcbur olacağıq”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqının (Aİİ) Astanada keçirilən sammitində Avropa İttifaqı ilə strateji yaxınlaşma fonunda Ermənistana xəbərdarlıq edərkən belə deyib.

Putin qeyd edib ki, Ermənistan həmçinin yük daşıma şirkətləri üçün daha sərt tələblərlə üzləşəcək və miqrantlardan Rusiyada işləmək üçün icazə almaları tələb olunacaq:

“Bundan başqa, Moskva İrəvanın yanacaq qiymətlərini qaldıracaq və bu, ona ümumi daxili məhsulun 14 faizinə başa gələcək”.

Putin bildirib ki, Rusiyanın Ermənistana kapital qoyuluşu 86 faizdən artıqdır.

“İrəvandakı görüşdən sonra avropalı tərəfdaşlar 2,5 milyard avro investisiya qoymağa söz verdilər. Necə və nə vaxt investisiya qoyulacağı hələ məlum deyil”, - deyə Putin əlavə edib.

Ona görə də Rusiyanın iqtisadi təzyiqlərlə Ermənistanı Avropa İttifaqına inteqrasiya kursundan nə qədər döndərə biləcəyi günün aktual suallarından birini təşkil edir.

Rusiya Ermənistandan Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməyi tələb edir. Yəni Rusiya tərəfi hesab edir ki, Ermənistan Avropa İttifaqına üzv olmaq, yoxsa Avrasiya İqtisadi İttifaqında qalmaq barədə təcili referendum keçirməlidir.

Hətta Rusiyanın bu təklifini Aİİ liderlərinin mayın 29-da Astanada keçirilən sammitində digər üzv dövlətlərin başçıları da imzalayaraq iclasda iştirak edən Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan vasitəsilə hökumət başçısı Nikol Paşinyana göndərib.

Rusiyanın məsələyə belə sərt reaksiya verməsi son vaxtlar rəsmi İrəvanın Qərblə münasibətlərində yaxınlaşmanın getdikcə artması ilə bağlıdır. Ona görə də Rusiya Ermənistanı Aİİ-yə üzvlük hesabına əldə etdiyi güzəştli ticarət imkanlarından faydalanaraq Kremlin düşmən münasibətdə olduğu Avropa İttifaqına inteqrasiya siyasətini qəbul etməyəcəyini bildirir.

Mayın 4-5-də Avropa Siyasi Birliyinin sammitinin İrəvanda keçirilməsi və həmin tədbirdə Rusiyanın əleyhinə səslənən bəyanatlar Moskva və İrəvan arasında gərginliyi xeyli artırıb. Rusiya buna cavab olaraq Ermənistan istehsalı olan “Jermuk” mineral sularının, müxtəlif növ güllərin, eləcə də meyvə, giləmeyvə və tərəvəzin guya tərkibinin insan orqanizmi üçün təhlükəli olması adı altında idxalına qadağa qoyub.

Rusiya hazırda Ermənistandan seçim etməyi tələb etməklə çətin dilemma qarşısında qoyur. Əgər Putinin şərtlərinə uyğun olaraq Ermənistan Aİİ-dən çıxmaq barədə referendum keçirərsə və xalq bu qurumda qalmağa səs versə, o zaman Baş nazir Paşinyan Avropaya inteqrasiya kursundan geri çəkilərək Rusiyanın geosiyasi orbitinə qayıtmalı olacaq.

Bu həm də Rusiyanın Ermənistan cəmiyyətindəki siyasi və iqtisadi dayaqlarını yenidən möhkəmlədə bilər. Əks təqdirdə, referendumun nəticələri Aİİ-dən çıxmağın lehinə olarsa, bu zaman Rusiya Ermənistana qarşı daha sərt sanksiyaları işə salmağa başlayacaq, eyni zamanda, bütün siyasi və iqtisadi vasitələrini Nikol Paşinyanın hakimiyyətdən devrilməsinə yönəldəcək.

Ona görə də Rusiya yalnız Paşinyan höklumətini təhdid etmir, həmçinin, perspektivdə atacağı addımları dəqiqləşdirmək üçün real mənzərəni müəyyənləşdirmək istəyir. Əslində, Ermənistanın seçim imkanı geniş olmadığından Rusiyanın iqtisadi təzyiqləri qarşısında geri çəkilmək ehtimalı yüksəkdir.

İqtisadçılar Ermənistanın Rusiya bazarından nəhəng, çoxqatlı asılılığını qeyd edirlər ki, bu da ölkəni ciddi makroiqtisadi şoklarla təhdid edir. 2025-ci ildə Ermənistanın xarici ticarət dövriyyəsi 21 milyard dollar təşkil edib ki, bunun da təxminən 8 milyard dolları Rusiyanın payına düşüb.

Qeyd edilən həcmin əhəmiyyətli bir hissəsi büdcəyə ən böyük vergi gəlirlərini təmin edən təkrar ixracdan əldə edilib. Aİİ-dən çıxmaq və Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsi halında Ermənistanın biznes sahələri qaçılmaz olaraq pul vəsaitlərinin çatışmazlığı, eləcə də müflisləşmə təhlükəsi ilə üzləşəcək.

Maksimum hesablamalar nəzərə alınmaqla üç-altı ay ərzində Ermənistan iqtisadiyyatı əsl şok yaşayacaq. Hazırda Ermənistanın balıq və meyvə-tərəvəz ixracının 90 faizdən çoxu, eləcə də konyak və şərab ixracının 80 faizdən çoxu Rusiyaya tədarük edilir.

Yay aylarında Ermənistan artan mövsümi meyvə və tərəvəz məhsullarını ixrac etməyə bazar tapmağa çətinlik çəkəcək. Avropa bazarlarında isə Ermənistanın şərab məhsullarına tələbat yoxdur. Rusiya Ermənistanı ən çox enerjinin qiymətini qaldırmaqla hədələyir.

Moskva Ermənistana təbii qaz satmaqla yanaşı, atom enerjisi sahəsinə də nəzarət paketinə malikdir. Ermənistan Aİİ-dən çıxacağı təqdirdə, Ermənistana satılan təbii qazın qiyməti 177,5 dollardan 600 dollara qədər artırıla bilər. Nikol Paşinyan hakimiyyəti isə alternativ bazarlar tapana qədər Rusiyanın tələblərinə əməl etmək məcburiyyətindədir.

Lakin Ermənistanın Azərbaycana qarşı ərazi iddiları ilə başlatdığı işğalçı müharibə səbəbindən xarici bazarlara çıxışı təmin edən nəqliyyat infrastrukturu kommunikasiya xətləri dağıdılıb. Hazırda Ermənistan alternativ bazarlar kimi Azərbaycana və həmin istiqamətdə üçüncü ölkələrə üz tuta bilər ki, bu da dəmir yolu xətləri bərpa olunana qədər istənilən nəticəni verməyəcək.

Ən əsası, Ermənistanın təbii qaz üçün müraciət edəcəyi digər mənbə Azərbaycan ola bilər. Buna nail olmaq üçün Ermənistana dağıdılmış infrastrukturun yenidən bir neçə il bərpası lazımdır. Qeyd edilən şərtlər daxilində Ermənistanın Rusiya ilə razılaşma əldə etməyə çalışacağı gözlənilir.

Sadəcə olaraq, Rusiya Putinin özünün Astanada da dediyi kimi, proseslərin Ukrayna ssenari üzrə inkişaf edəcəyindən narahatdır. 2014-cü ildə Ukraynanın Aİİ-dən imtina edərək Avropa İttifaqının Assosiasiya Sazişini imzalaması iki ölkə arasında Rusiyanın Krımı və Donbasın bir hissəsini işğal etrməsinə gətirib çıxartdı.

Assoiasiya sazişinə qoşulan Gürcüstan, Ukrayna və Moldova MDB-dən çıxaraq Avropa İttifaqına üzvlük statusu almaqla yanaşı, həm də NATO-ya inteqrasiya məsələsini öz konstitusiyalarına daxil etdilər. Rusiya da Ermənistanın bu sıradan növbəti ölkə olacağından ehtiyatlanır.

Buna baxmayaraq, hazırda Ermənistanla ticarət əlaqələrinin kəsilməsi Rusiyanın maraqlarına cavab vermir. Çünki sanksiyalar altında olan Rusiyanın Ermənistan üzərindən Avropa ölkələri ilə qeyri-leqal ticarət apardığına dair məlumatlar öz təsdiqni tapıb.

2025-ci ildə Rusiyanın Ermənistanla ikitərəfli ticarət dövriyyəsi 6,4 milyard dollar, Aİİ daxilində isə 14 milyard dollar təşkil edib. İkitərəfli ticarətə Rusiyanın sanksiyalardan yayınmaqla həyata keçirdiyi idxal-ixrac əməliyyatları daxildir. Ona görə də Rusiyanın Ermənistan təzyiqinin müvəqqəti olduğu və daha çox iyunun 7-də keçiriləcək parlament seçkilərinə hesablandığı güman edilir.

Moskva Ermənistan cəmiyyətində iqtisadi böhran qorxusu yaratmaqla Rusiyaya bağlı revanşist müxalifətin əlini gücləndirir və ictimai rəyin öz xeyrinə dəyişməyə çalışır. Seçkilərdən sonra tərəflər arasında dialoqun bərpa olunacağına dair rəylər üstünlük təşkil edir.

Ancaq Ermənistana edilən təzyiqlər yalnız Avropa İttifaqına inteqrasiya prosesi ilə yekunlaşmır. Rusiya Ermənistanın Avropa İttifaqı ilə paralel, ABŞ ilə də yaxınlaşmasını özünün Cənubi Qafqazdakı geosiyasi və strateji maraqlarına zərbə hesab edir.

Xüsusilə də ABŞ-nin Dövlət katibi Marko Rubionun mayın 27-də İrəvana səfər edərək Ermənistanla “Tramp marşrutu”nun həyata keçirilməsinə dair sənədləri və strateji tərəfdaşlıq haqqında saziş imzalaması Kremlin sərt reaksiyasına səbəb olub.

Rusiya Cənubi Qafqazdakı əsas müttəfiqinin ABŞ və Avropanın təsir zonasına keçməsinə qarşı iqtisadi sanksiyalarla cavab verib. Moskva hesab edir ki, Zəngəzur dəhlizinin açılması, yəni Ermənistanın cənub hissəsinin ABŞ şirkətinin nəzarətinə keçməsi Aİİ-in ərazisini iki hissəyə bölür.

Ermənistana edilən təzyiqlər də ilk növbədə bununla bağlıdır. Lakin Ermənistanın qısa müddətdə Aİİ-dən çıxması qeyri-mümkündür. Çünki Aİİ-nin təsis edilməsinə dair müqaviləyə görə, üzv dövlət təşkilatdan çıxmaq üçün ən azı 12 ay əvvəl depozitariyə müraciət etməlidir. Bu baxımdan, Ermənistanın qısa müddətdə bu qurumu tərk etməsi real deyil.

İkincisi, Ermənistan Avropa İttifaqına üzvlük imkanlarına malik deyil. Rəsmi İrəvan əslində, yaxın perspektivdə Rusiyanın geosiyasi təsirindən çıxmaq üçün Moskva ilə münasibətləri saxlamaqla Avropa İttifaqı, Türkiyə və ABŞ ilə tarazlı siyatər formalaşdırmağa çalışır.

Ortamüddətli planda isə Ermənistan Avropa İttifaqı üzvlüyünə namizəd statusu qazanmaq istəyir ki, bunun yaxın 10-15 ildə baş verməsi gözlənilmir.


Geri qayıt