|
Rusiya Prezident Administrasiyası Ermənistanda keçiriləcək növbəti seçkilərdə birbaşa hakimiyyət dəyişikliyinə deyil, ölkədəki vəziyyəti gərginləşdirməyə çalışır.
Bizim.Media xəbər verir ki, bu barədə "Erməni dosyesi" teleqram kanalının ("Armyanskoe dosye") yaydığı məlumatda bildirilir.
Mənbənin qeyd etdiyinə görə, rəsmi Moskva Kremlyönümlü namizədlərin şanslarının Nikol Paşinyanın partiyası ilə müqayisədə aşağı olduğunu anlayır.
Bu səbəbdən müdaxilə üçün standart sxemdən istifadə olunur:
"TikTok"da Paşinyan və ailəsinə qarşı yüzlərlə konspiroloji video çarx yayımlanır, "Facebook"da minlərlə ödənişli şərh yazılır, "X" (keçmiş Twitter) platformasında ingilis dilində kampaniya aparılır və xüsusi "Telegram" kanalları şəbəkəsi geniş fəaliyyət göstərir. Prosesin icrası birbaşa Rusiya Prezident Administrasiyasına tabe olan, "Avrasiya" qeyri-kommersiya təşkilatının (AÑO) şura üzvü, erməni bloger Mikael Badalyana həvalə edilib.
Sözügedən "Avrasiya" təşkilatı bundan əvvəl Moldovadakı seçkilərə müdaxilə məsələsində də gündəmə gəlmişdi. O vaxt müdaxilə İlan Şor və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Fradkovun oğlu ilə əlaqəli olan "PSB Bank"ın maliyyə infrastrukturu vasitəsilə həyata keçirilirdi. Moldova rəsmiləri küçə toqquşmaları üçün təxribatçıların hazırlandığı Rusiya bazalarını ifşa edərək agentura şəbəkəsini zərərsizləşdirmişdi. Məlumata görə, Rusiya analoji planları, o cümlədən təxribatçıların hazırlanmasını Ermənistan üçün də nəzərdə tutur.
Kampaniyanın əsas tezisləri Erməni kilsəsinin guya "sıxışdırılması" barədə feyk xəbərlər, Paşinyanın ailəsinə hücumlar və "Ermənistanın Türkiyə ilə Azərbaycana satılması" barədə dezinformasiyalardan ibarətdir. Bununla Qərbə Ermənistanın hələ də Rusiyanın vassallığı altında olduğu və Kremlin burada Gürcüstan ssenarisini təkrarlaya biləcəyi mesajı verilir.
"Erməni dosyesi" bu kampaniyanın pərdəarxası rəhbərlərinin adlarını da açıqlayıb.
Bunlar Rusiya Prezident Administrasiyasının rəsmiləri — Sergey Kiriyenkonun rəhbərliyi altında çalışan Rusiya Prezident Administrasiyasının Sosial Proseslərin Monitorinqi və Təhlili İdarəsinin rəhbəri Aleksandr Hariçev, Prezident Administrasiyasının daxili siyasət idarəsinin rəis müavini Denis Stepanyuk və Strateji Tərəfdaşlıq İdarəsinin rəhbəri Vadim Titovdur. Bu şəxslər Ermənistanda “Avrasiya” və “Dialoq” təşkilatlarının fəaliyyətini koordinasiya edirlər.
Bundan əlavə, Kremlyönümlü "Güclü Ermənistan" partiyasının lideri, rusiyalı milyarder Samvel Karapetyanın 2000-ci illərin əvvəllərində Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əməkdaşlıq etdiyinə dair sənədlər üzə çıxıb. "Güclü Ermənistan" partiyasının seçki siyahısında birinci yerdə qərarlaşan Narek Karapetyanın isə Rusiya vətəndaşı olduğu təsdiqlənib.
Məqalənin sonunda qeyd olunub ki, Robert Koçaryandan tutmuş Samvel Karapetyana qədər uzanan revanşist müxalifət Qarabağın "geri qaytarılması" üçün deyil, Ermənistanı yenidən Kreml nəzarətinə qaytarmaq və dövlətin hesabına şəxsi varlanma sxemlərini bərpa etmək uğrunda mübarizə aparır.
Geri qayıt
|