Əsas Səhifə > Ana xəbər / Güney Press > Sabah Ermənistanın taleyi Astanada həll olunur
Sabah Ermənistanın taleyi Astanada həll olunurBu gün, 10:01 |
|
Qazaxıstanda İrəvanın Avrasiya İqtisadi Birliyində statusu müzakirə ediləcək;Kremldən artan təhdid və “seçim et!” çağırışları fonunda hansı qərar qəbul olunacaq? Mayın 28 və 29-da Astanada Ermənistanın Avrasiya İqtisadi Birliyində statusunun müzakirəsi gözlənilir. “Yeni Müsavat” yazır ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk xəbərdarlıq edib. O, tərəfdaşlıq maraqları naminə Ermənistanın Avrasiya və Avropa Birliyi arasında təcili qərar verməli olduğunu bildirib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə Overçukun açıqlamasına münasibət bildirərək vurğulayıb ki, Ermənistan rəsmi olaraq niyyətini bəyan edib müvafiq ərizə təqdim etməyincə, AİB-dən çıxmaq məsələsi müzakirə edilə bilməz. Seçki kampaniyası səbəbindən Astanaya getməyəcək baş nazir Nikol Paşinyan da (Ermənistanı sammitdə baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək) İrəvanın AİB-də statusu yalnız Ermənistanın özü tərəfindən müzakirə edilə bilər. “AİB qaydalarına əsasən, yalnız Ermənistan özü AİB-dəki statusunu müzakirə edə bilər - yəni çıxmaq qərarına gələ biləcək üzv ölkə. Başqa prosedur yoxdur”, - deyə o bildirib. Eyni zamanda Paşinyan vurğulayıb ki, Ermənistanın təşkilata üzvlüyü ilə bağlı istənilən sual birliyin digər üzvləri ilə müzakirə edilə bilər. O əlavə edib ki, İrəvan bütün mövcud sualları cavablandırmağa hazırdır. Astanada verilə biləcək mümkün qərarlar sırasında AİB-in AİB məhkəməsinə müraciət edərək Ermənistanın üzvlüyünün müvəqqəti olaraq dondurulması da var. İddia olunur ki, əgər Ermənistan Rusiyanın razılığı olmadan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondura bilirsə, onda niyə Ermənistanın AİB-dəki iştirakını dayandırmaq üçün xüsusi razılıq olmalıdır. Rusiya elitası daxilində Ermənistanla münasibətlərə həmişə fərqli yanaşmalar olub. Bəziləri hesab edirdi ki, İrəvan eyni zamanda Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirsə belə, Ermənistanı qədərindən artıq sıxışdırmamaq lazımdır. Lakin Rusiyada İrəvana tətbiq olunan bəzi iqtisadi sanksiyalar bu qanadın məğlub olduğunu göstərir. AİB çərçivəsində İrəvanın statusunun müzakirəyə çıxarılması ehtimalı artıq texniki yox, strateji məsələ kimi qiymətləndirilir. Bu, Ermənistanın uzun müddətdir davam etdirdiyi balans siyasətinin iflasa uğramağa yaxınlaşdığını göstərən mühüm siqnaldır. Rusiya tərəfinin ritorikası isə açıq şəkildə sərtləşib. Baş nazirin müavini Aleksey Overçuk tərəfindən səsləndirilən fikirlər faktiki olaraq ultimatum xarakteri daşıyır. Mesaj kifayət qədər aydındır: Ermənistan ya AİB çərçivəsində inteqrasiyanı prioritet saxlamalı, ya da Avropa İttifaqı ilə yaxınlaşmanı seçməlidir. Moskva artıq bu iki istiqamətin paralel aparılmasını qəbul etmir. Astana görüşündə İrəvanla bağlı konkret qərarlar olmasa belə, Ermənistana təzyiqin artacağı şübhə doğurmur. Bir tərəfdən, Ermənistanın AİB daxilində davranışları kollektiv şəkildə tənqid oluna bilər. Digər tərəfdən, məsələnin AİB məhkəməsi səviyyəsinə çıxarılması və üzvlüyün müvəqqəti dondurulması kimi hüquqi mexanizmlər gündəmə gətirilə bilər. Bundan əlavə, iqtisadi təsir rıçaqları - ticarət, logistika və enerji sahələrində əlavə məhdudiyyətlər daha geniş tətbiq oluna bilər. Astana sammiti Ermənistan üçün sadəcə diplomatik hadisə deyil, strateji yol ayrıcının başlanğıcıdır. Astana sammitini şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, iki il əvvəl Paşinyan Moskvada olanda Avrasiya İqtisadi Birliyinin yubiley toplantısında Ermənistana 100 milyon maliyyə dəstəyi ayrılmışdı. Bununla da Rusiyanın Ermənistanı özünə daha da bağlamaq istədiyini deyən siyasi şərhçi hesab edir ki, hesablamalar yanlışdır: “Həmin dövrdə də rəsmi İrəvan avrointeqrasiya kursunu təbliğ edirdi. Amma Moskva Ermənistanın iqtisadi asılılığına arxayınlaşıb 100 milyonluq dəstəklə Paşinyan hökumətinə minnət qoydu. İndi hər nə qədər seçki kampaniyası dövründə Paşinyan Putinlə dost olduğunu bəyan etsə də, Rusiyanın ona qəzəbi göz qabağındadır. Fakt budur ki, rəsmi şəxslər ona hiddətini bildirir, təhqir edir, Peskov və digərləri qazın tarifi ilə Ermənistan hökumətini hədələyir. Hazırda gül, içki, "Cermux" məhsullarının idxalına qadağa qoyulması da göstərir ki, Rusiya sözdən əmələ keçib. O baxımdan, Rusiya rəsmilərinin təhdid xarakterli bəyanatları söz olaraq qalmayıb, Kreml hərəkətə keçib və iqtisadi cəhətdən Paşinyanı sıxışdırır". X.Bəşirovun fikrincə, Rusiya Paşinyana inanmır: “Hərçənd Nikol deyir ki, heç vaxt Rusiya əleyhinə addımlar atmayacaq, Putinlə isti dostluq əlaqələri var, Mirzoyan bildirir ki, dialoq və dostluq davam edir... Amma əməldə Kreml əks siyasətin şahidi olur. Misal üçün, Paşinyan deyib ki, 2 il ərzində Avropa İttifaqı ilə viza rejimi ləğv olunacaq. Ona qədər isə vaxt qazanmağa və Avrasiya İqtisadi İttifaqında qalmağa, onun ticarət imkanlarından yararlanmaq istəyir. Bu da Rusiya tərəfindən riyakarlıq kimi qəbul olunur. Ona görə də Overçuk və digərləri Paşinyanı tələsdirir ki, elə indi qərar qəbul etsin - ya Avropa Birliyi, ya Avrasiya Birliyi. Moskva yaxşı başa düşür ki, Ermənistan Avrasiya Birliyində vaxt keçirməklə Avropa İttifaqı ilə viza rejiminin ləğvini gözləyir. Eyni zamanda bura Türkiyə ilə quru sərhədlərin açılmasını əlavə etmək olar. Bundan sonra Ermənistanın iqtisadi asılılığı azalacaq və Avrasiya İttifaqından uzaqlaşmaq qərarı verəcək. Eynilə Avropadan tam təhlükəsizlik qarantiyası aldıqda və yekun sülh sənədi imzalandıqda KTMT-ni də de-yure tərk edəcək. Bu mənada Paşinyanın strategiyası göz qabağındadır və Rusiya da qəzəbini gizlədə bilmir. Astana zirvəsində radikal qərar verilməsini gözləmirəm. Rusiya hələ də ümidlidir ki, Paşinyana təzyiq göstərməklə onu yanında saxlaya biləcək”. Qeyd edək ki, Avrasiya İqtisadi Birliyi 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. Ermənistanı da Avrasiya İqtisadi Birliyinə daxil edən müqavilə 9 oktyabr 2014-cü ildə imzalanıb. Birliyin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb. Geri qayıt |