Əsas Səhifə > Ana xəbər / Güney Press > "Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür"

"Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür"


Bu gün, 05:58

Ermənistanın BMT-dəki nümayəndəsinin çıxışı İrəvanda yeni siyasi müzakirələrə səbəb olub. Diplomat Jirayr Ananyanın beynəlxalq humanitar hüquq, media azadlığı və vətəndaş cəmiyyəti ilə bağlı səsləndirdiyi fikirlər bəzi erməni müşahidəçiləri tərəfindən hakimiyyətə dolayı mesaj kimi qiymətləndirilir. Ermənistan hakimiyyətinin məsələ ilə bağlı susqun qalması isə diplomatik çevrələrdə fərqli mövqelərin formalaşdığı barədə iddiaları daha da gücləndirib.

Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanın BMT-də daimi nümayəndəsinin müavini Jirayr Ananyan Təhlükəsizlik Şurasında “Silahlı münaqişələr zamanı mülki şəxslərin qorunması” mövzusunda keçirilən açıq müzakirədə diqqət çəkən çıxışı birmənalı qarşılanmayıb. Diplomatın beynəlxalq humanitar hüquqdan imtina, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti məsələsində məhdudiyyətlər, beynəlxalq iştirakın daraldılması, azad mediaya təzyiqlər və müstəqil vətəndaş cəmiyyətinin səsinin boğulması nəticəsində zərər çəkmiş əhalinin müdafiəsinin çətinləşməsi barədə yüksək tribunadan səsləndirdiyi fikirlərin dolayısı ilə İrəvan hakimiyyətinə yönəldiyi iddia olunur.

Politoloq vurğulayıb ki, parlament seçkilərinin təbliğat mərhələsində hakim komandanın bəzi xarici və daxili təzyiqlərə sərt və dözümsüz reaksiyası erməni cəmiyyətində tənqidlərlə üzləşib. Bu təxribatların Rusiyanın seçkilərə müdaxilə elementləri olduğunu anlayan Paşinyan proseslərin nəzarətdən çıxma ehtimalını preventiv olaraq azaltmağa çalışır.

“Parlament seçkiləri ideoloji və baxışların toqquşduğu prosesə çevrildiyindən hakimiyyət daxilində də özünü büruzə verə bilər. Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür” – deyə Əli Orucov bildirib.


Geri qayıt