Əsas Səhifə > Ana xəbər / Güney Press > Quran oğrusu Əlixan Musayevin yeni taktikası

Quran oğrusu Əlixan Musayevin yeni taktikası


Bu gün, 05:36

Azərbaycanda radikal dini qrupların fəaliyyəti həmişə eyni sxem üzərində qurulub. Onlar heç vaxt cəmiyyətə birbaşa: “Biz xarici ideologiyanın daşıyıcısıyıq”, – deyə çıxmayıblar. Əksinə, xalqın tarixindən, milli-mənəvi dəyərlərindən, dini simvollarından və folklorundan istifadə edib özlərini “yerli”, “milli” və “xalqdan biri” kimi göstərməyə çalışıblar. Çünki yad ideologiya bu xalqa açıq şəkildə satıla bilməz. Ona görə də bu qruplar daim milli və dini örtük axtarıblar.

Bu gün həmin sxemin yeni versiyası yenidən ortaya çıxıb. Radikal təxribatçı və “Quran oğrusu” kimi tanınan Əlixan Musayev indi “əxilik” adı altında yeni platforma qurmağa çalışır. Guya Azərbaycandakı tarixi əxilik ənənələrinin davamçısı kimi çıxış edir, özünü “əxilərin mənəvi rəhbəri” kimi təqdim etməyə çalışır və bu ad altında radikal çevrələri yenidən toparlamağa cəhd edir.

Halbuki tarix tamamilə fərqli mənzərə göstərir.

Əxilik institutu yalnız romantik “qardaşlıq”, “mərdlik” və “sənətkar birlikləri” sistemi olmayıb. Tarixin müxtəlif mərhələlərində bu qruplar siyasi gücə çevrilib, mərkəzi hakimiyyətlə toqquşub, dövlətə qarşı çıxış edib və üsyanlarda iştirak ediblər. Xüsusilə Səlcuqlu dövründə əxilər bir çox hallarda dövlət hakimiyyətinə qarşı təşkilatlanmış qüvvə kimi çıxış ediblər. Onların əhəmiyyətli hissəsinin aqibəti ya edam, ya sürgün, ya da qanlı qarşıdurmalar olub.

Tarixdə rahat şəkildə öz yatağında ölmüş “üsyankar əxi lideri” tapmaq çətindir.

Bu gün isə Əlixan Musayev həmin tarixi xətti öz məqsədləri üçün yenidən diriltməyə çalışır. Məqsəd bəllidir: təxirçi və radikal çevrələri “əxlaq”, “əxilik”, “mənəviyyat”, “qardaşlıq” kimi pafoslu başlıqlar altında toparlamaq və son nəticədə yenidən dövlətə qarşı ideoloji platforma formalaşdırmaq.

Burada diqqət çəkən başqa bir məqam isə “əxilik” anlayışının müasir radikal dini təşkilatlarla paralelləridir. Çünki bu “qardaşlıq” modeli tarixdən bu günə müxtəlif formalarda davam edib. Bu gün dünyada “İxvanül-müslimin” – yəni “Müsəlman qardaşları” adı ilə tanınan təşkilat da mahiyyət etibarilə həmin siyasi-dini qardaşlıq modelinin modern versiyası kimi təqdim olunur. Təsadüfi deyil ki, bir sıra ölkələrdə “Müsəlman qardaşları” terror təşkilatı kimi tanınıb və fəaliyyəti qadağan edilib. Onların fəaliyyət modeli də illərlə “xalqın içindən çıxmış dini-mənəvi hərəkat” görüntüsü altında siyasi və ideoloji təsir şəbəkəsi qurmaq üzərində formalaşıb.

Əlixan Musayevin bu gün “əxilik” adı altında qurmağa çalışdığı struktur da mahiyyət etibarilə həmin yanaşmanın lokal versiyasını xatırladır.

Ən təhlükəli məqam isə milli və dini irsin manipulyasiya edilməsidir. Şeyx Nizami kimi tarixi simaların adını bu layihələrə qarışdırmaq, onları radikal ideoloji xəttə bağlamağa çalışmaq, əslində, cəmiyyətin yaddaşını istismar etməkdir.Üstəlik, bütün bunların arxasında xarici maliyyə və təsir məsələsi də dayanır. Əlixan Musayevin illərlə Körfəz ölkələrindəki müəyyən dairələrdən, xüsusilə Küveytdən maliyyə dəstəyi aldığı ilə bağlı iddialar uzun müddətdir müzakirə olunur. Həmin vəsaitlərin radikal dini şəbəkələrin yayılması və təşkilatlanması üçün istifadə edildiyi barədə çoxsaylı fikirlər səsləndirilib.

İndi isə görünən odur ki, “əxilik layihəsi” həmin sxemin yeni mərhələsidir. Məqsəd həm daxildə yeni radikal platforma qurmaq, həm də xaricdəki sponsorlarına “fəaliyyət davam edir” mesajı verərək yeni maliyyə axını təmin etməkdir.

Sadəcə bu dəfə köhnə radikallıq yeni ad altında təqdim olunur: “əxilik” adı ilə.

  • Yenicag.az

Geri qayıt