Əsas Səhifə > Ana xəbər / Güney Press > “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı”
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı”Bu gün, 11:49 |
|
Üç gün, gecə-gündüz demədən sərasər yağdı bu yağış... Sonrakı günlərdə də müəyyən fasilələrlə davam etdi. Hələ də yağır. Bir də məhz bu cür yağışların nə vaxt yağacagını təxmin edə bilmərəm, amma son dəfə nə vaxt yağdığını da xatırlamıram. Dayanmadan, “nəfəs almadan” yağdı. Dolub-boşalırdı buludlar, sanki göy üzü dərdini yerə tökürdü. Heç kim təxmin edə bilməzdi ki, bu yağış, əslində bir qəfil vidanın səbəbkarıdır. Rəşad adam Xaraktercə emosional, çılğın, yerə-göyə sığmayan, həyat dolu biri idi Rəşad. Onun gedişi də leysan yağışlar kimi səsli-küylü olmalı idi. Bu həmin yağışlardır ki, qızğın döyüşlər zamanı buludlar ayağının altındaykən susuzluqdan əziyyət çəkəndə də ona məlhəm olub. Bu xarakterdə olan insana da məhz təbiətin bütün gücü ilə hayqırdığı vida yaraşardı. 2-ci kursun əvvəlində, bir payız günü tanıdıq Rəşadı. “Jurnalistika” fakültəsində təhsil aldığımız ilin ilk yayında faciə ilə üzləşmişdik. Tələbə yoldaşımız Dəyanət imtahan sessiyaları ərəfəsində Xəzərin sularında qərq olmuşdu. Bu faciəni heç cürə qəbul edə bilmirdik. Rəşadın gəlişi acımızı az da olsa bizə unutdurdu. Həyat dolu biri idi Rəşad, duzlu-məzəli zarafatları, baməzə söhbətləri də öz yerində. Ümumiyyətlə, söz üçün cibəgirən biri deyildi. Harada Rəşad olurdusa, orada mütləq pozitivlik öndə gəlirdi. Onun universitet illərində rayonlara olan gəzintilərimiz zamanı filmlərdən gətirdiyi sitatları, digər mərhum qrup yoldaşımız Şəlalə ilə aramızda olan zarafatları, Rəşadın özünəməxsus jarqonlarını unutmaq qeyri-mümkündür. Qayğıkeş, mərhəmətli, həyatsevər biri idi. 2-ci kursun sonunda, yay günlərinin birində onu təsadüfən binamızın qarşısında gördüm. Tələbə yoldaşımı anidən başqa bir şəhərdə, xüsusilə binamızın qarşısında görməyimə sevinsəm də, təəccübümü gizlədə bilmədim. Xəstə yatan yaxın bir qohumunu yoxlamağa gəlibmiş. Həmin vaxta kimi zarafatcıl, pozitiv birinin qayğıkeşliyini də öyrəndim. “517”ci otaqda məndən iki parta arxada əyləşsə də, zarafatları, dərs vaxtı ani atmacaları, dilimizdən düşməyən ifadələri ciddi söhbətləri bir anın içində yumşalda bilirdi. Bəzən elə sözlər işlədirdi ki, sonradan çox adam həmin ifadələri təkrarlayırdı. Yerinə düşən atmacaları ilə ən gərgin söhbətlərin üzərinə su səpirdi. Qrupda iki Rəşad olduğundan onları soyadları ilə çağırırdıq. Çərçivəyə sığmayan biri idi Baxşəliyev: gözlənilməz və hazır cavabları bütün ortamın əhvalını dəyişirdi. Auditoriyada hansısa əhvalata “indi, görəsən, Rəşad nə deyəcək?” düşüncəsi ilə baxırdıq. Onun zarafatları sadəcə gülmək üçün deyildi, eyni zamanda müşahidə qabiliyyətini və sosial enerjisini göstərirdi. Hərdən bu zarafatlarının müqabilində onu “Tosu” deyə çağırırdıq. Doğrusu, bu ayamanın kökünün haradan gəldiyini bilmirəm, amma bu söz onun üz-gözünə elə yaraşırdı ki... Özünə də xoş gəlirdi, gözünün içi gülürdü. Universitetdən sonra həqiqi hərbi xidmətə yollandı zabit kimi. Hərbi xidmətdən qayıtdıqdan sonra “Azərbaycan” qəzetində işləməyə başladı. Çalışdığım televiziya ilə Rəşadın iş yeri arasında məsafə elə də çox olmadığından rastlaşanda bütün yol boyu danışıb-gülürdük. Vaxt da su kimi axıb gedirdi həmin anlar. Rəşad 2020-ci ilin oktyabrın 25-də israrla ordu sıralarına qayıdaraq, Vətən müharibəsində rəşadətlə döyüşdü. Əslində o, Vətən müharibəsi başlayana qədər də hərbi reportyor kimi səngərlərdə hərbçilərimizin döyüş yolunu qələmə alırdı. Amma təsadüfən 17 il sonra eyni hərbi hissədə Qubadlı istiqamətində döyüş yolu keçən Rəşadın növbəti dəfə əlində qələm yox, silah var idi. Ürəyindəki isə dəyişməmişdi - Vətən sevgisi. Tabeliyində olan bütün əsgərləri ilə birgə qalib ordunun qalib zabiti kimi dönmüşdü evinə. Alnıaçıq, üzüağ, qəlbində bitib tükənməz Vətən sevdası ilə. Müharibənin yazılmayan qanunları var: döyüşlərin ilk günündə yazdığı, “Şəhid olsam, haqqınızı halal edin” kağızını, qayıtdıqdan sonra evinin kandarına tullayanda yaşadığı qeyri-adi hisslər də, qələbə xəbərini alan kimi dağlara yayılan azan səsini eşidərkən keçirdiyi ilahi duyğular da ürəyinə məlhəm oldu. Ürək isə... Sükut adam Müharibə bəzən insanı fiziki olaraq geri qaytarır, amma ruhunu o tozlu yollarda, barıt qoxulu səngərlərdə saxlayır. Rəşad fiziki olaraq sağ-salamat qayıtsa da, mənən qayıtmamışdı. Çox dəyişmişdi. Onun məşhur gülüşünün yerini alan “başqa adam” əslində zəfəri, qələbəni ürəyində, şəhid dostlarının kədərini təkbaşına çiynində daşıyan adama çevirmişdi. Əvvəlki həyat eşqi olan Rəşad getmişdi, əvəzinə bütün ruhunu azad etdiyi torpaqlarda qoyub gələn sükut adam gəlmişdi. Rəşad müharibədən sonra tamamilə başqa bir adam oldu. O şaqraq gülüşlü insan yorğun ruhlu birinə çevrilmişdi. Hamı ilə zarafat edən adam deyildi artıq. Təkcə döyüş yolundan ürək dolusu danışırdı. İşğaldan azad etdikləri ərazilərin müqəddəsliyini, döyüşlər zamanı itirdiyi hər silahdaşını ürəyinin döyüntüləri ilə təsvir edirdi. Ürək isə... Cəbhədə olduğu müddətdə hər uğur, hər xoş xəbər onun ruhunu canlandırır, içində ümid işıqları yandırırdı - yorğunluğunu yuyur, gücünü artırırdı. Ürəyinə su içdirdi xoş xəbərlərdən. Ürək isə... Ötən ilin fevral ayında başqa bir tələbə yoldaşımızın anasının yas mərasimindən qayıdırdıq. Avtomobildə qarşıda oturmuşdu. Döyüş yolundan, müharibədə müşahidə etdiklərindən, əsgərlərinin fədakarlığından elə şövqlə danışırdı ki, birdən gözlənilmədən sükuta daldı, qəhərləndi. Göz yaşlarını gizlətməyə çalışsa da, titrəyən səsi və avtomobilin ön güzgüsü onun pərişan halını ələ verirdi. Həmin anlar onu gördüyümü sezmədi, amma mənə elə gəldi ki, Rəşad, sanki, danışmır, inləyir... Cəbhədə baş verənlərdən söhbət açdıqca elə həyəcanlanırdı ki, bəzən nəfəsi daralır, bəzən də sükuta dalaraq uzaqlara baxır, xəyala dalırdı. 15 dəqiqəlik məsafəni piyada gəldik Rəşadla. Yol boyu dayanır, gözlərini bir nöqtəyə zilləyib düşünür, cəbhədə baş verən hansısa hadisəni xatırlamağa çalışır, sonra yoluna davam edirdi. İllər əvvəl söhbətlərimizdə daim zarafat edib güldüyümüz, zarafatla dəfələrlə bir-birimizin sözünü kəsdiyimiz dostumun söhbətini diqqətlə dinləyir, onun söhbətini bölməməyə çalışırdım. O isə bütün yaşadıqlarını az bir müddətdə danışıb xilas olmağa çalışır, ürəyindəkilərini boşaltmaq istəyirdi... Ürək isə... Və bu bizim son görüşümüz oldu. Sonuncu görüş... Səhhəti ilə bağlı ürək əməliyyatından salamat çıxsa da, tam sağalmamışdı. Sonuncu dəfə martın 8-i danışdıq. Sağlığı ilə bağlı ona göstərilən yardımlardan sıxıldığını dedi. Mərd adam idi Rəşad. Hər zaman öz problemini özü həll etməyə çalışırdı, gücü daxilində olan və olmayan. “Narahat olma, hamının səninlə bağlı tək arzusu tezliklə sağalmağındır. Bir də ki, sən borcunu qələbə qazanmaqla qaytarmısan. Bundan gözəl nə ola bilər” dedim. Bircə kəlmə söylədi: “Kaş ki mən də şəhid olardım”. Və bu bir kəlmə ilə anladım: son zamanlar hədsiz fikirli halı əslində ruhunun döyüş yolunda itirdiyi dostlarına qovuşmaq istəyi idi. Ruhən qovuşmuşdu da... O yaşamağa davam etsə də, əslində ruhən çoxdan şəhid olmuş döyüş yoldaşlarının yanında idi. Döyüş meydanında çiyin-çiyinə vuruşduğu, çətin anları birlikdə paylaşdığı dostlarının yoxluğu onun ürəyində dərin iz buraxmışdı. Ürək isə... Ürək də ürəkdir axı... Qəfil və vaxtsız ölümlərindən sonra dostlarımız Dəyanət və Şəlalə haqqında yazı yazanda da heç cür özümü toparlaya bilmirdim. Əlim gəlmirdi yazmağa. Çox qəribədir... Məsləyimlə bağlı ara-sıra dünyasını dəyişən məşhurların xatirəsinə həsr olunmuş yazılar yazır, reportajlar hazırlayır, süjetlər çəkirəm. Amma bu situasiya tamamilə fərqlidir. Dünyasını dəyişən dost haqqında yazmaq o qədər də asan deyil. Bəzən bu halda insana bir güc gəlir... Düşüncələr Dəyanət kimi məğrur, Şəlalə kimi saf olur. Hər biri öz yolu ilə irəliləyir, dayanmadan, sanki, heç vaxt yorulmayacaqmış kimi... Məğrur və axıcı fikirlər insanı göylərə qaldırır, ruhunu işıqlandırır və onun içindəki sükunəti üzə çıxarır. Bu düşüncələrin içində, sanki, itirilmiş xatirələr, unudulmaz anlar və dərin hisslər yaşayır – Dəyanətin qüruru ilə Şəlalənin gücü birləşərək, əbədi bir iz qoyur. Yağmur adam Rəşadın xəbəri gələndə inana bilmirdim, xatirələri yazıya köçürmək istəyirdim, amma bacarmırdım. Rəşadın bütün cizgilərini, baxışlarını özündə daşıyan bir mələk simanı - Yağmuru görənə qədər... “Qız uşaqları atalarına daha çox bənzəyir” deyirlər. 14-15 yaşlı bir qızın bütün ruhu, xarakteri ilə atasına bənzəməyi, yazı bacarığı, ağrılı da olsa düşüncələrini publisistik üslubda dolğun ifadə etmək bacarığı, atası ilə xatirələrini memuar şəklində qələmə almaq forması... “Ot kökü üstündə bitər” deyirlər. Demək ki Rəşad vəfat etməyib, yenidən doğulub, yaşamaq və yaşatmaq üçün... Yağmur kimi... Vətən adam Sən o yağışların sədası altında səssizcə köçdün bu dünyadan, Vətən adam. İndi hər yağış yağanda elə biləcəyik ki, göylər sənin yoxluğuna ağlayır... Sən vətənə borcunu verib köçdün dünyadan… Hər addımın və mübarizən torpağın azadlığı uğrunda oldu. Sənin adın yalnız xatirələrdə deyil, azad etdiyin torpaqların hər cığırında anılacaq. Sən qalib getdin həm Vətən uğrunda, həm də ruhların sükutunda... Rəşad adam, Yağmur adam, Vətən adam!.. Telejurnalist Könül Rəhim Qafqazinfo.az Geri qayıt |