Əsas Səhifə > Ana xəbər / Güney Press > İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU”
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU”Bu gün, 08:53 |
|
Tikinti xərclərində müşahidə olunan artımın yaxın aylarda da davam edəcək Azərbaycan Qiymətləndiricilər Palatası 2026-cı ilin aprel ayı üzrə tikinti indekslərini açıqlayıb. Hesabata əsasən, bu ilin aprel ayında tikinti xərcləri 2025-ci ilin dekabrı ilə müqayisədə 6,8 faiz artıb. Tikinti bazarında əsas bahalaşma metal məhsulları, beton, sement və daxili təmir materialları üzrə qeydə alınıb. Ən ciddi qiymət artımı metal və beton məhsullarında müşahidə olunub. Ən stabil seqment isə maşın-mexanizm xərcləri hesab edilir. Hesabatda bildirilir ki, xüsusilə armatur, beton, laminat və parket, plastik pəncərələr, sendviç panellər və digər metal əsaslı məhsullar üzrə qiymət artımı davam edir. Bahalaşmanın əsas səbəbləri kimi idxal xərclərinin yüksəlməsi, logistika xərclərinin artması və tikinti sektorunda tələbin yüksək qalması göstərilir. Tikinti materialları arasında ən yüksək artım metal məhsullarında qeydə alınıb. Belə ki, bu sahə üzrə indeks baza dövrü ilə müqayisədə 111,5 bəndə yüksəlib. Beton və sement məhsulları üzrə göstərici 108,4, daxili təmir materiallarında 107,2, qapı-pəncərə sistemlərində 106, taxta materiallarında 105,8, dam örtüklərində isə 104,9 səviyyəsində formalaşıb. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, tikinti materiallarının qiymətində artım son 5 ildə ardıcıl şəkildə davam edən bir prosesdir. Bu prosesin başlanğıcı Rusiya ilə Ukrayna arasında müharibə ilə əlaqəli olsa da, bahalaşmaya təsir edən səbəblər təkcə bununla məhdudlaşmır. “Geosiyasi münaqişələr logistika xərclərinin artmasına səbəb olur, daşınmada çətinliklər yaranır, müəyyən material çatışmazlığı müşahidə edilir. Bununla yanaşı, Azərbaycanda tikinti materiallarının idxalından asılılığın yüksək olması və yerli istehsalın bazardakı tələbatı tam ödəməməsi də qiymət artımının əsas səbəblərindən biridir. Eyni zamanda logistika və daşınma xərclərində də artım baş verir. Müharibələr və regional qarşıdurmalar daşınma prosesini çətinləşdirir və nəticədə xərclər yüksəlir. Digər tərəfdən, 30 ilə yaxın işğal altında olmuş ərazilərimizin azad edilməsindən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı infrastruktur və tikinti işlərinin aparılması tikinti materiallarına olan tələbatı ciddi şəkildə artırıb. Bu da ölkə daxilində qiymət artımına təsir göstərən əsas amillərdəndir. Bundan başqa, Bakı şəhərinin 2040-cı il Baş Planına uyğun olaraq qəzalı və istismar müddəti bitmiş binalar sökülür, onların yerində abadlaşdırma və yeni tikinti işləri həyata keçirilir. Bu proses də tikinti materiallarına tələbatı artırır və qiymətlərin yüksəlməsinə səbəb olur” deyə, o bildirib. Ekspert qeyd edir ki, yerli istehsal olunan bəzi tikinti materiallarında qiymətlər sabit qalıb, hətta müəyyən məhsullarda ucuzlaşma da müşahidə olunur: “Ümumilikdə isə bazarda əsas qiymət artımı daha çox xaricdən idxal olunan tikinti materiallarında hiss edilir.Yerli tikinti materiallarında da müəyyən bahalaşma olsa da, bu artım idxal məhsulları ilə müqayisədə daha aşağı səviyyədədir. Şəhərsalma layihələrinin genişlənməsi, tikinti sektorunun canlanması və bu sahəyə təşviq proqramlarının tətbiqi gələcəkdə də tikinti materiallarında qiymət artımını davam etdirə bilər. Burada əsas rol oynayan amillər makroiqtisadi proseslərdir. İnflyasiya, manatın alıcılıq qabiliyyəti, işçi qüvvəsinin xidmət haqlarındakı artım buna nümunədir. Məsələn, iki il əvvəl suvaq işi 4-5 manata görülürdüsə, indi həmin xidmətin qiyməti 8-10 manat civarındadır. Bu isə bəzi xidmətlər üzrə təxminən iki dəfə artım deməkdir. Ona görə də tikinti materialları və işçi qüvvəsinin xidmət haqları üzrə vahid qiymət artımı faizi müəyyənləşdirmək çətindir. Amma ümumi artımın olduğu və bunun davam edən proses olduğu aydındır. Əgər ölkədə iqtisadi fəallıq və tikinti sektorunda canlanma davam edərsə, tikinti materiallarında qiymət artımı da qaçılmaz olacaq”. Musavat.com Geri qayıt |