|
Hər gün Bakı küçələrində saatlarla tıxacda qalan, ictimai nəqliyyat gözləməkdən yorulan və yol infrastrukturunun plansızlığından əziyyət çəkən hər bir vətəndaşın verəcəyi tək bir sual var: Bu qurumlar bir-biri ilə danışır, yoxsa sadəcə öz bildiklərini edirlər? Söhbət rəqəmsal inkişaf və nəqliyyat nazirliyinin tabeliyindəki AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və AAYDA Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi-ndən gedir. Kağız üzərində məqsəd eynidir: şəhərdə hərəkətliliyi təmin etmək, yolları rahatlaşdırmaq. Reallıqda isə biz tamamilə əksini görürük. Niyə? ? Sistemli və Elmi Yanaşmanın Olmaması: Şəhər nəqliyyatının idarə edilməsi "bunu da yoxlayaq, bəlkə alındı" eksperimentləri ilə idarə oluna bilməz. Hər hansı bir küçədə hərəkət istiqamətini dəyişmək, avtobus zolağı çəkmək və ya dairəvi hərəkət təşkil etmək üçün fundamental simulyasiyalar və riyazi modellər qurulmalıdır. AYNA-nın bəzi qərarları elə təəssürat yaradır ki, sanki real piyada və sürücü axını ümumiyyətlə analiz edilməyib. ? AAYDA və AYNA Arasındakı Çatışmayan Körpü: AYNA layihə verir, avtobus zolağı tələb edir, infrastrukturun dəyişməsini istəyir; AAYDA isə sadəcə asfalt tökmək və xətt çəkməklə işini bitmiş hesab edir. Nəticədə nəqliyyatın həndəsi strukturu ilə real hərəkət tələbləri üst-üstə düşmür. Birinin başladığı "islahat" digərinin plansızlığı ucbatından iflasa uğrayır. ? Alternativ Yaratmadan Qadağa Qoymaq: Bəli, mikromobillik və ictimai nəqliyyat prioritet olmalıdır, buna etiraz yoxdur. Amma vətəndaşa alternativ rahat avtobus xətti, vaxtında gələn metro və düzgün planlaşdırılmış qovşaqlar təklif etmədən, sadəcə yolları daraltmaq və ya bəzi küçələri bağlamaq problemi həll etmir, sadəcə tıxacı bir nöqtədən digər nöqtəyə köçürür. ? Vətəndaş və Ekspert Rəyinə Sayqısızlıq: Əhalinin və müstəqil nəqliyyat ekspertlərinin verdiyi rasional təkliflər, rəsmi müraciətlər çox vaxt "baxılır" statusu ilə arxivə gedir. Real sahə mühəndisliyi və vətəndaş auditi kənarda qalıb. ✅Nəticə: Bizə kosmetik dəyişikliklər, tələskən qərarlar və bir-birini təkrarlayan, yaxud bir-birinin işindən xəbərsiz qurumlar yox, Vahid Nəqliyyat Baş Planı və bu planı sinxron şəkildə icra edə bilən peşəkarlar lazımdır. Əks halda, Bakı yolları "sınaq meydançası", vətəndaşlar isə bu eksperimentlərin qurbanı olmaqda davam edəcək. "DİA-AZ"
Geri qayıt
|