Əsas Səhifə > Ana xəbər / Güney Press > Məktəbdə “zona” qanunları
Məktəbdə “zona” qanunlarıBu gün, 14:17 |
|
“Oğlumu “kruqa” salıb, ayağından bıçaqlayıblar. Buna qədər də onu aşağılayıblar. Düz 6 aydır ki, oğlum təhdidlər altındadır. Məktəbdə söyürlər, aşağılayırlar, ürəkləri soyumur, sosial şəbəkələrdə də oğlumun, həmçinin bizim – valideynlərin ünvanına olmazın söyüşlər, təhqirlər yağdırırlar. Hamı da dayanıb gözləyir ki, məktəbli özü gedib haqqını qorusun, sonra da məsələnin mahiyyətinə varmadan söyülən, bıçaqlanan, aşağılanan məktəbliyə qarşı aqressiya nümayiş etdirsinlər. O adamların hər birinə sual verirəm – sizi söyüb, məktəbli oğlunuzu bıçaqlasaydılar, yenə də eyni mövqedə dayanardınız? Əminəm ki, belə olmayacaqdı”. Bu sözləri Musavat.com-a 271 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi N.A-nın anası Dilarə Allahverdiyeva deyib. O bildirib ki, hazırda Sabunçu Rayon Məhkəməsində oğluna bıçaq xəsarəti yetirən şagird F.B-nin cinayət işi üzrə məhkəmə prosesi keçirilir: “Düzdür, oğluma bıçaq xəsarətini F.B yetirib, bıçağı oğlumun ayağına o vurub. Amma F.B burada sadəcə icraçıdır. Bu işlərin başında dayanan əsas şəxs R.M-dir. O, məktəbdə özünə dəstə düzəldib, ətrafındakı məktəbliləri belə hərəkətlərə təhrik edir. Düz 6 aydır ki, istintaq və məhkəmə gedir, amma uşağı məktəbdə, bizi isə ailəlikcə sosial şəbəkələrdə təhqir edirlər. Sonda oğlum dözmədi, gedib R.M-ni özü tənbeh etdi. İndi də məsələdən bixəbər olan çoxluq oğlumu qınayır. Yenə də sual edirəm - sizin 8-ci sinifdə oxuyan məktəbli övladınız bıçaqlansaydı, qan içində evinizə gəlsəydi, sizin özünüzə qarşı sosial şəbəkələrdə söyüş və təhqirlər yağdırılsaydı, bu gün eyni mövqedə olardınız?” 271 saylı məktəbdə baş verənlərlə bağlı münasibət bildirən təhsil eksperti Elşən Qafarov Musavat.com-a deyib ki, Azərbaycanda son 10-15 ildə məktəblərdə tərbiyə mühiti yox səviyyəsinə enib: “Azərbaycanda orta məktəblərdə direktor və direktor müavini vəzifələrinə təyinat meyarları hər kəsə bəllidir. Bu idarəetmə münasibətləri fonunda məktəblərdə tərbiyə sistemi faktiki olaraq yoxdur. Tərbiyə sistemi olmayan bir müəssisəyə bu gün uşağını göndərən heç kim onun başına nəsə gəlməyəcəyinə zəmanət verə bilməz. Acı reallıq budur”. Ekspert bildirib ki, hazırda Azərbaycan məktəblərində şagirdlərlə psixoloji iş demək olar ki, aparılmır: “Psixoloq məktəbdə xadimə qədər əməkhaqqı alır. Belə olan halda biz psixoloqdan ciddi iş tələb edə bilərikmi? Bu gün məktəblərdə hər 1000 şagirdə bir psixoloq, 1000 nəfərdən 3000 nəfərə qədər şagirdi olan məktəblərdə isə iki psixoloq ştatı olmalıdır. Amma məktəblərimizin yarısında ümumiyyətlə psixoloq yoxdur. Olanların da böyük əksəriyyəti peşəkar deyil. Burada söhbət təkcə psixoloqdan getmir. Hanı o məktəbin direktoru? Hanı tərbiyə işləri üzrə direktor müavini? Hanı sinif rəhbərləri? Hanı valideyn? Sahə müvəkkili haradadır? Yetkinlik yaşına çatmayanlarla iş üzrə müfəttiş hara baxır? İcra hakimiyyətlərində fəaliyyət göstərən komissiyalar haradadır? Sistem yoxdur. Tam bir sistemsizlik hökm sürür”. Ekspertin sözlərinə görə, belə bir mühitdə həmin uşağın bu addımı atması təəccüblü deyil: “Bəli, uşaq səhv edib. Amma onun ailəsi haqqında məktəbdə təhqiramiz sözlər yayılırsa, videolar çəkilib paylaşılırsa, bundan artıq nə ola bilər? O uşağın yerində siz olsaydınız, bəlkə də eyni addımı atardınız. Çünki ortada idarəetməsi sıfır səviyyəsində olan bir orta təhsil sistemi var. Məktəblərdə az-çox qüruru olan yeniyetmələr artıq qərarları özləri verir. Ona görə də məktəblərdə kriminal aləmə meyl gündən-günə artır”. Elşən Qafarov hesab edir ki, 271 saylı məktəbdə baş verənlər, şagirdin bıçaqlanması, aşağılanması və ardınca “ədaləti” özünün bərpa etməyə çalışması məsul şəxslərin vaxtında addım atmamasının nəticəsidir: “Direktordan tutmuş, təlim-tərbiyə prosesinə aidiyyəti olan hər bir vəzifəli şəxs bu hadisələrin baş verməsində günahkardır və cəzalandırılmalıdır. Vəziyyəti elə həddə çatdırıblar ki, artıq uşağın etdiyi hərəkəti açıq şəkildə təqdir edənlər də var. Əgər məktəblərdə normal idarəetmə və tərbiyə sistemi olsaydı, həmin vəziyyət yaranmazdı. Yaransaydı belə, vaxtında tədbir görülərdi. Məktəblərimizdə bu cür problemlər artıq kütləvi xarakter alıb. Sadəcə, hadisələr ictimailəşəndə xəbər tuturuq. Bu gün məktəb rəhbərlərinin əsas məqsədi problemi həll etmək yox, hadisənin ictimailəşməsinin qarşısını almaqdır. Çünki hansı məktəbdə hadisə ictimailəşirsə, həmin məktəbin direktoru və direktor müavini işdən çıxarılır, töhmət alır və məsələ bununla bitir. Bir çox hallarda məktəb direktorları valideynlərə pul verib görüntüləri sildirirlər ki, məsələ böyüməsin, ictimailəşməsin. Çox ağır vəziyyətdir”. Geri qayıt |