Əsas Səhifə > Ana xəbər / Güney Press > SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir?
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir?Bu gün, 08:35 |
|
Dövlət İmtahan Mərkəzinin sədri (DİM) Məleykə Abbaszadə bildirib ki, SAT imtahanında çoxlu saxtakarlıq hallarına rast gəlinir. Təhsil eksperti Ramin Nurəliyev Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Məleykə xanımın haqlı olduğu tərəflər var: "Hazırda SAT imtahanları dövlətlərin müxtəlif qurumları tərəfindən həyata keçirilir. Azərbaycanda bunu Dövlət İmtahan Mərkəzi (DİM) həyata keçirir. DİM-in təşkil etdiyi SAT imtahanlarında ciddi problem olmur, hər şey qanuni şəkildə həyata keçirilir. Yəni bu, birmənalı olaraq belədir. Çünki DİM-in keçirdiyi imtahanlardakı şəffaflıq hər şeyin üstündədir. Əsas diqqət olunacaq məqam da məhz şəffaflıqdır və DİM-in keçirdiyi SAT imtahanlarında hər hansı saxtakarlıqdan söhbət gedə bilməz. Amma bəzən bəzi insanlar, valideynlər fərqli yerlərdə SAT imtahanının keçirilməsinə təşəbbüs göstərirlər və bir neçə halda burada ciddi narahatlıqlar, problemlər formalaşa bilir. Hətta saxtakarlıqla bağlı ciddi hallar da ortaya çıxır. Məleykə xanım çox düzgün qeyd edir. SAT imtahanı riyaziyyat, məntiq və ingilis dili üzrə həyata keçirilir. SAT imtahanının riyaziyyat proqramı isə DİM-in buraxılış imtahanı proqramından daha ağır və çətindir". Həmsöhbətimiz vurğuladı ki, fərqli ölkələrdə SAT imtahanlarında müəyyən təşkilatlar tərəfindən saxtakarlıq halları əvvəlki illərdə çox olub: "Xüsusilə MDB məkanında olan bəzi ölkələrdə buna yol verilirdi. Bizdə SAT imtahanı ilə əsasən ADA Universiteti tələbə qəbul edir və SAT imtahanını DİM keçirdiyinə görə burada ciddi problem olmur. Yəni əsas yük DİM-in üzərindədir. Əvvəlki illərdə DİM-dən əvvəl SAT imtahanları Azərbaycanda keçirilərkən də müxtəlif təşkilatlar tərəfindən, Məleykə xanımın dili ilə desək, müəyyən saxtakarlıq hallarının şahidi olmuşduq. DİM-in nəzarətində olduğu vaxtdan isə bu şəffaflıq həqiqətən də ciddi şəkildə qorunur. Amma valideynlər uşaqlarının başqa ölkələrdə — Gürcüstanda və digər ölkələrdə — SAT imtahanında iştirak etməsinə çalışırlar. Orada da müəyyən məbləğ qarşılığında müxtəlif təşkilatlar saxtakarlığa yol verirlər. Məsələn, bir şəxsin yerinə başqa şəxsin imtahana salınması, kənardan imtahana ümumi müdaxilə halları olur. Hətta bir neçə dəfə bunun şahidi olmuşduq ki, texnologiyanın imkanlarından istifadə edərək saxta SAT nəticə sənədi alanlar da olub. Azərbaycanda son dövrlərdə imtahanlar DİM-in nəzarətinə keçəndən sonra bu hallar aradan qalxıb. Amma başqa ölkələrdə SAT imtahanında iştirak edənlərdə müəyyən problemlər ortaya çıxır. SAT nəticəsinin buraxılış imtahanının riyaziyyat nəticəsi ilə müqayisədə ciddi fərq göstərməsi istər-istəməz insanlarda saxtakarlıq şübhəsi yaradır. Azərbaycanda SAT imtahanının DİM tərəfindən keçirilməsində heç bir problemin olmadığını bilirəm. Hesab edirəm ki, hər kəsin bu istiqamətdə DİM-in təşkil etdiyi SAT imtahanında iştirak etməsi daha doğru olar. Çünki şəffaflığın qorunmasını istəyənlər üçün ən doğru seçim məhz budur". Geri qayıt |