Əsas Səhifə > Ana xəbər / Güney Press > Binəqədidə sakinlər buna görə narazılıq edir...
Binəqədidə sakinlər buna görə narazılıq edir...Bu gün, 05:48 |
|
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində, “Pasyolka Kirov” adlanan ərazidə yerləşən yerüstü piyada keçidində yaranmış vəziyyət sakinlərin ciddi narahatlığına səbəb olub. Vətəndaşların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş keçid uzun müddətdir təyinatından kənar şəkildə istifadə edilir. Belə ki, keçidin daxilində müxtəlif piştaxtalar və vitrinlər quraşdırılıb, xüsusilə ətir satışı həyata keçirilir. Nəticədə piyadaların sərbəst hərəkəti məhdudlaşır, keçiddə sıxlıq yaranır və insanların rahat gediş-gəlişi çətinləşir. Sakinlərin sözlərinə görə, qapalı məkanda yayılan kəskin ətir qoxuları tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən şəxslər, yaşlılar və azyaşlı uşaqlar üçün ciddi narahatlıq yaradır. Bundan əlavə, keçidin daraldılması fövqəladə hallar zamanı insanların təhlükəsiz təxliyəsini də risk altına salır. Vətəndaşlar bildirirlər ki, məsələ ilə bağlı satıcılara edilən iradlara bəzi hallarda aqressiv və qeyri-etik münasibət göstərilir. Dəfələrlə edilən şifahi xəbərdarlıqlara baxmayaraq, yerüstü piyada keçidi hələ də faktiki olaraq qanunsuz ticarət məkanı kimi fəaliyyət göstərir. Sakinlər aidiyyəti qurumlardan xahiş edirlər ki, əraziyə baxış keçirilsin, qanunsuz quraşdırılmış ticarət obyektləri yığışdırılsın və keçidin yalnız piyadaların təhlükəsiz hərəkəti üçün istifadəsi təmin olunsun. Realazerbaycan.az Geri qayıt |