Əsas Səhifə > Ana xəbər / Güney Press > Nazirlər Kabineti qazla bağlı YENİ QƏRAR VERDİ
Nazirlər Kabineti qazla bağlı YENİ QƏRAR VERDİBu gün, 05:47 |
|
Nazirlər Kabinetinin iri istehlakçılar üçün illik qaz sərfiyyatı həddini müəyyən etməsi müzakirələrə səbəb olub. Mütəxəssislər hesab edirlər ki, qərar enerji resurslarından daha səmərəli istifadəyə stimul versə də, bəzi sahələrdə istehsal xərclərinin və qiymətlərin artmasına gətirib çıxara bilər. Mövzu ilə bağlı Referans Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, Nazirlər Kabinetinin iri istehlakçılar üçün illik qaz sərfiyyatı həddini müəyyən etməsi yerində qəbul olunmuş qərardır. Onun sözlərinə görə, bir çox hallarda sərfiyyat həcmi böyük olsa da, qaz istifadəsinə qənaət edilmir. Ekspert qeyd edib ki, 2026-2027-ci illərin xərclərin optimallaşdırılması və qənaət ili kimi xarakterizə olunması fonunda enerji resursları ilə bağlı bu cür qərarların qəbul edilməsi ümumi iqtisadi inkişafa, həmçinin büdcə xərclərinin və iri dövlət müəssisələrinin enerji sərfiyyatının azalmasına müsbət təsir göstərəcək. Vüqar Oruc vurğulayıb ki, çox enerji və qaz istifadə edən böyük şirkətlər yeni limitlərdən sonra bu istiqamətdə daha diqqətli olmağa çalışacaqlar. Onun fikrincə, həmin müəssisələr enerji sərfiyyat yükünü azaltmaq və effektiv enerji siyasətini həyata keçirmək üçün müxtəlif proqramlar tətbiq etməyə məcbur qalacaqlar. Ekspert hesab edir ki, iri istehlakçılar üçün qaz tariflərinin artması mümkündür. O bildirib ki, nə qədər qənaət edilməyə çalışılsa da, iri şirkətlər qaz sərfiyyatını ciddi şəkildə azaltmaqda çətinlik çəkəcəklər. Çünki qaz bir çox istehsal prosesində əsas amildir və onun istifadəsi zəruri xarakter daşıyır. Onun sözlərinə görə, Azərbaycan sosial dövlət olduğu üçün qaz siyasətində əsas məqsəd əhalinin bu enerji resursunu daha baha qiymətə almamasını təmin etməkdir. Bu səbəbdən sərfiyyat yükünün daha çox iri şirkətlərin üzərinə qoyulduğunu deyən ekspert bunu həm sosial siyasətin tərkib hissəsi, həm də enerjidən səmərəli istifadəyə təşviq kimi qiymətləndirib. Vüqar Oruc əlavə edib ki, enerji resursları tükənməz deyil və onlardan effektiv istifadə vacibdir. O bildirib ki, qərar enerji səmərəliliyinin artırılmasına, istehsalda yeni həllərin və daha az enerji sərf edən texnologiyaların axtarılmasına səbəb olacaq. Ekspertin fikrincə, bu proses alternativ enerjiyə keçidi də sürətləndirəcək. Onun sözlərinə görə, alternativ enerji istiqamətində araşdırmalar və axtarışlar daha intensiv aparılacaq. Vüqar Oruc qeyd edib ki, qərar qida emalı, şüşə istehsalı, keramika, metallurgiya, sement istehsalı və kimya sənayesi kimi enerji tutumlu sahələrə ciddi təsir göstərəcək. Bu sahələrdə məhsul istehsalının maya dəyərinin artacağını deyən ekspert, bunun bazarda qiymət artımına səbəb ola biləcəyini vurğulayıb. Ekspert xüsusilə tikinti sektorunda bahalaşma riskinə diqqət çəkib. Onun sözlərinə görə, sement və digər enerji tutumlu tikinti materiallarının qiymətində artım baş verə bilər ki, bu da mənzillərin maya dəyərinin yüksəlməsinə təsir göstərəcək. Sonda Vüqar Oruc bildirib ki, ciddi qiymət artımlarının qarşısını almaq üçün əlavə tədbirlərin görülməsi vacibdir. O hesab edir ki, məhsulların və materialların maya dəyərinin kəskin artmaması üçün həm daşınmaz əmlak bazarında, həm də qida sektorunda nəzarət mexanizmləri gücləndirilməlidir. Geri qayıt |