Əsas Səhifə > Ana xəbər / Güney Press > Şabranda müdirdən şikayətləri araşdırmaq üçün onun özünə göndərirlər!

Şabranda müdirdən şikayətləri araşdırmaq üçün onun özünə göndərirlər!


Bu gün, 16:21

13 il Gigiyena və Epidemiologiya Mərkəzinin Şabran rayon şöbəsinin dezinfeksiya-sanitar xidmətində çalışan Vüsalə Nadir qızı Balayeva şikayətlərinin araşdırılmamasından narazıdır.

Musavat.com-a müraciət edən Vüsalə Balayeva deyir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin Şabran rayon şöbəsinin müdiri Asif Nəsibovun qanunsuz hərəkətlərindən şikayətləri onun özünə yönləndirilir.

Onun sözlərinə görə, məsələ ilə bağlı müxtəlif ali dövlət qurumlarına müraciətlər göndərilsə də, şikayətlər yenidən aidiyyəti üzrə Səhiyyə Nazirliyinə, oradan isə şikayət etdiyi şəxslərin özlərinə yönləndirilib: “Biz məktubları ali qurumlara göndəririk ki, bu adam – Asif Nəsibov cəzalandırılsın. Amma nəticədə bütün şikayətlər yenə aidiyyəti üzrə Səhiyyə Nazirliyinə, oradan da birbaşa Asif Nəsibovun özünün üstünə göndərilir. Axı biz məhz Asif Nəsibovun hərəkətlərindən şikayət edirik. Bu adam özü-özünə cəza verəcək?”

Vüsalə Balayeva müraciətinin xüsusi nəzarətə götürülməsini, araşdırmanın obyektiv aparılmasını və əmək hüquqlarının bərpa olunmasını istəyib. O, həmçinin, qanunsuzluğa yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmasını xahiş edib. Vüsalə Balayeva işdən qanunsuz çıxarıldığını, dövlət tibb müəssisəsində baş verən qanunsuzluqların araşdırılmasını və şikayətinin xüsusi nəzarətə götürülməsini xahiş edir.

Vüsalə Balayeva bildirib ki, uzun illər dövlət tibb müəssisəsində sanitar kimi çalışıb və heç vaxt intizam pozuntusuna yol verməyib. Onun sözlərinə görə, 2025-ci ilin oktyabrında ağır xəstələndiyi üçün rəhbərliyə məlumat verərək işə çıxa bilməyəcəyini bildirib və qanunauyğun şəkildə xəstəlik vərəqəsi – bülleten açdırıb. Lakin məhz həmin müddətdə – xəstə olduğu və rəsmi bülletendə olduğu halda – onun xəbəri olmadan işdən çıxarılması barədə əmr verilib. “Mənə heç bir xəbərdarlıq edilmədi. Nə əmrdən xəbərim oldu, nə də izahat vermək imkanım. Sadəcə, xəstə idim”, – deyə müraciətdə qeyd olunur.

Şikayətçi daha sonra məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini, lakin orada da ədalətli araşdırma aparılmadığını iddia edib. Onun sözlərinə görə, təqdim etdiyi sübutlar araşdırılmayıb, xəstəlik vərəqələri sistemdən silinib, şahidlər məhkəməyə çağırılmayıb. Vüsalə Balayeva hesab edir ki, məhkəmə “saxta sənədlər əsasında” qərar qəbul edib: “Əgər xəstə olduğu üçün işə gedə bilməyən bir insan qanunsuz şəkildə işdən çıxarılırsa və məhkəmələr də buna göz yumursa, onda vətəndaş öz haqqını harada axtarmalıdır?”

Müraciətdə konkret olaraq baş həkim Səxavət Cəbrayılovun və Asif Nəsibovun adları çəkilir. Şikayətçi onların birləşərək ona qarşı qanunsuz hərəkətlər etdiyini bildirib. Deyib ki, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad ediblər: “Bütün bunlar maaş kartımı Asif Nəsibova vermədiyim üçün edildi. Mən öz işimi vicdanla yerinə yetirmişəm, məni qəsdən bu maddə ilə işdən çıxarıb ki, başqa işə düzələ bilməyim. Mən subay qadınam, yaşım da az deyil. Atam rəhmətə gedib, beldən iflic anam var. Evdə anama tək baxan mənəm. 13 il işlədiyim stansiyadan sırf qanunsuz tələbi yerinə yetirmədiyimə görə işdən çıxarıblar”.

Şikayətçi Asif Nəsibovun şikayətlərlə bağlı ona açıq şəkildə meydan oxuduğunu da bildirib: “Deyir ki, kimə istəyirsən şikayət et, xeyri yoxdur, mənə heç kim bata bilməz”.

Vüsalə Balayevanın sözlərinə görə, şöbədə işlədiyi illər ərzində sağlamlığı pisləşib və ona bronxial astma diaqnozu qoyulub. Ağır kimyəvi maddələrlə təmasda işləyən dezinfeksiya işçisi üçün bu, ciddi riskdir. Lakin buna baxmayaraq o, işini davam etdirib ki, özü də, himayəsində olan anası da son ümid yeri olan işindən məhrum olmasın.

Zərərçəkən xanım artıq bütün lazımi dövlət qurumlarına müraciət etdiyini söyləyib. İş məhkəmədədir. Əlində xəstəlik vərəqi, diaqnoz sənədləri, işdən azad olunma əmri, izahat və digər bütün sübutların olduğunu deyib. Lakin o, özünü tək və müdafiəsiz hiss edir: “Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmişəm. Xahiş etmişəm ki, mənə qarşı törədilən cinayətə bərabər qanunsuzluğa son qoyulması üçün mənə dəstək olsun. Çox hörmətli Mehriban xanımdan kömək istəyirəm. Məni qanunsuz işdən azad edib həyatımı alt-üst edən Asif Nəsibov barəsində tədbir görülsün”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Geri qayıt