Əsas Səhifə > Ana xəbər / Güney Press > Gözdən əlil qadın sənətçimiz ağır durumda: “Bu şəraitdə yaşamaq olmur”

Gözdən əlil qadın sənətçimiz ağır durumda: “Bu şəraitdə yaşamaq olmur”


Bu gün, 15:54

Ölkənin yeganə qadın qara zurna ifaçısı şəraitsizlikdən şikayətçidir. O, tavanı çökmüş, döşəməsi çürüyən, divarları uçan mənzilində təhlükəli şəraitdə yaşamaq məcburiyyətində qalıb.

Tribuna.az-a müraciət edən Laçın rayonunun Mayıs kənd sakini, 47 yaşlı məcburi köçkün Minayə Şirinova ağır yaşayış şəraitindən şikayət edir. Birinci qrup gözdən əlil olan Minayə Şirinova artıq 34 ildir Ağcabədi şəhərində yerləşən Nəcəf Allahverdiyev adına peşə məktəbinin yataqxanasında yaşayır.

Hazırda həmin binada həm yataqxana, həm Laçın rayon 44 saylı tam orta məktəbi, həm də Ağcabədi peşə məktəbi fəaliyyət göstərir. İki təhsil müəssisəsinin yerləşdiyi binada hazırda 30 məcburi köçkün ailəsi yaşayır. Vaxtilə burada məskunlaşan onlarla ailə binanı tərk etsə də, həm sağlamlıq vəziyyəti, həm də maddi imkansızlıq səbəbindən Minayə Şirinova bu şəraitsiz yerdə qalmağa məcbur olub.

Ölkənin yeganə qadın qara zurna ifaçısı olduğunu deyən müsahibimiz bildirir ki, illərlə davam edən ağır şərait artıq onun sağlamlığını ciddi təhlükə altına salıb. O, keçirdiyi yüksək təzyiq və şiddətli göz ağrılarının dözülməz həddə çatdığını vurğulayır.

Üzeyir Hacıbəyli prospektində yerləşən yataqxana binasının vəziyyəti isə olduqca acınacaqlıdır. Divarları çatlamış, tavanı uçub-dağılmış bina hər an qəzaya səbəb ola biləcək vəziyyətdədir.

“Uşaqlıqdan birinci qrup gözdən əliləm. Musiqiçiyəm və ölkədə qara zurna alətinin yeganə qadın ifaçısıyam. 2017-ci ildən fəxri mədəniyyət işçisi adını daşıyıram. Buna baxmayaraq, 34 ildir bu binada yaşamaq məcburiyyətindəyəm. Divarlar və tavan uçur, pilləkənlər təhlükəlidir, döşəmələr isə çürüyüb. Döşəmənin altından gələn üfunət qoxusu, yay aylarında ağcaqanad və gəmiricilər həyatı dözülməz edir. Burada nə normal hamam, nə sanitar qovşağı, nə də mətbəx var. Su, istilik və qaz təminatı da yoxdur. İnsan yaşaması üçün ən elementar şərait belə mövcud deyil”, – deyə Minayə Şirinova bildirir.
O qeyd edir ki, istilik sistemi yalnız elektrik enerjisi ilə işlədiyindən işıq kəsilən kimi bina tamamilə soyuq vəziyyətdə qalır:

“Qışda da, yayda da burada yaşamaq çox ağırdır. Bu şərait sağlamlığıma ciddi zərbə vurur. Valideynlərim vəfat edib. Qardaşım ailəsi və iki tələbə övladı ilə birlikdə mənimlə burada yaşayır. Hər gün bu təhlükəli pilləkənlərlə qalxıb-enmək mənim üçün böyük riskdir”.

Minayə Şirinova deyir ki, səhhəti ilə əlaqədar tez-tez Bakıya müalicəyə getsə də, maddi imkansızlıq səbəbindən paytaxtda kirayə qalmaq imkanına malik deyil. O, illərdir aidiyyəti qurumlara etdiyi müraciətlərin nəticəsiz qaldığını bildirir.

Məcburi köçkün qadının əsas istəyi Laçına qayıdışa qədər Ağcabədi rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbələrdəki boş mənzillərdən biri ilə müvəqqəti təmin olunmaqdır.

“Ölkə rəhbərliyinə və bütün aidiyyəti qurumlara dəfələrlə müraciət etmişəm. Məcburi Köçkünlərin və Qaçqınların İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə də görüşmüşəm. Ağcabədidə yerləşən 556 saylı qəsəbədə boş mənzillərin olduğunu bildirdim və xahiş etdim ki, məni müvəqqəti olaraq ora köçürsünlər. Hətta mənə zəng edib dedilər ki, müraciətimə baxılıb və komissiya mənim xeyrimə qərar verib. Amma sonradan bildirildi ki, Prezident Administrasiyasının tapşırığı ilə artıq boşalan mənzillərə heç kim yerləşdirilmir. Beləcə bütün ümidlərim puça çıxdı”, – deyə o qeyd edir.

Minayə Şirinova deyir ki, məqsədi daimi mənzil əldə etmək deyil, sadəcə insan üçün uyğun şəraitdə yaşamaqdır:
“Mən o mənzili daimi yox, müvəqqəti yaşamaq üçün istəyirəm. Tənha, əlil və musiqiçi bir qadının istəyi ürəyində qalmasın. Mənim də hamı kimi normal mənzildə yaşamaq hüququm var”.

Tribuna.az məsələ ilə bağlı əlil vətəndaşın müraciətini aidiyyəti qurumlara sorğu şəklində ünvanlayıb. Ümid edilir ki, məsələ araşdırılacaq və Minayə Şirinovanın müraciətinə həssas yanaşılacaq.


Geri qayıt