Əsas Səhifə > Ana xəbər / Güney Press > Bölgələrə yağan yağış: Bakıda cibləri “yandıracaq”?

Bölgələrə yağan yağış: Bakıda cibləri “yandıracaq”?


Bu gün, 12:04

Ölkədə kənd təsərrüfatı məhsullarının bahalığının qarşısının alınmasında yerli istehsal mühüm rol oynayır.

Ancaq müxtəlif problemlər məhsuldarlığın aşağı düşməsinə yol açır. Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, Azərbaycanda son aylar hökm sürmüş əlverişsiz hava şəraiti aqrar sektora 13 milyon manat ziyan vurub.

Onun sözlərinə görə, zərərçəkmiş fermerlərdən artıq minlərlə hektar sahəyə dair müraciətlər daxil olub:

"Bu ilin əvvəlindən bəri müşahidə etdiyimiz qeyri-sabit hava durumu, yəni şaxtalar, intensiv yağıntılar bir daha göstərir ki, aqrar istehsal davamlı deyil, daimi təhdid və risk altındadır.

İlin əvvəlindən 9 000 hektar əkin ərazilərinə tam və yaxud qismən ziyan dəydiyi barəsində müraciətlər daxil olub. Bunun 8 000 hektarı yalnız aprel ayında bizim şimal bölgələrimizdə, Qubada, Xaçmazda, Şabranda baş verən sel və subasmalar nəticəsində olub".

Sədr təbii fəlakətlərin kənd təsərrüfatına vurduğu maliyyə itkilərinin miqyasını da açıqlayıb: "Fermerlərimiz 3 ay normal fəaliyyətini davam etdirirlər, 4-cü ay bir hadisə baş verir və kifayət qədər ciddi itkilərlə üz-üzə qalırlar.

Bu hadisələr nəticəsində artıq bir 13 milyon manatlıq aqrar istehsala tam və yaxud qismən ziyan dəydiyi barəsində məlumat var. Bu fakt göstərir ki, istehsalçının maliyyə dayanıqlığına birbaşa mənfi təsir baxımından sığorta mexanizmlərinin əhəmiyyəti getdikcə artır". Aqrar sektora dəyən bu ziyan məhsuldarlığa necə təsir edir və yay mövsümündə bahalığa səbəb olacaqmı?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli "Cebheinfo.az"-a bildirib ki, Azərbaycanda son aylarda müşahidə olunan intensiv yağış, sel və subasmaların aqrar sektora 13 milyon manat ziyan vurması, ilin əvvəlindən 9 min hektara yaxın əkin sahəsinə tam və ya qismən zərər dəyməsi və bunun təxminən 8 min hektarının yalnız aprel ayında Quba, Xaçmaz və Şabran rayonlarında baş verən sel hadisələrinin payına düşməsi ilə bağlı rəqəmlər kənd təsərrüfatı üçün kifayət qədər ciddi risk formalaşdırır:

"Məsələ ondadır ki, zərər görən bölgələr Azərbaycanın meyvə və tərəvəz istehsalında əsas mərkəzlərdən hesab olunur. Quba və Xaçmaz ölkənin alma, gilas, alça və digər meyvə istehsalında böyük paya malikdir. Sel suları yalnız məhsulu məhv etmir, eyni zamanda torpağın münbit qatına, suvarma sistemlərinə və fermer təsərrüfatlarının infrastrukturuna da ziyan vurur.

Bu isə o deməkdir ki, bəzi sahələrdə məhsuldarlıq təkcə bu il deyil, növbəti mövsümdə də aşağı ola bilər". Ekspertin sözlərinə görə, orta hesabla 1 hektar meyvə bağından 10-15 ton məhsul götürüldüyünü nəzərə alsaq, 8-9 min hektar sahədə yaranan problem on minlərlə ton məhsul itkisi deməkdir:

"Təkcə 8 min hektarda məhsuldarlığın 30-40 faiz azalması belə bazara çıxarılan məhsul həcmində ciddi boşluq yarada bilər. Bu isə təklifin azalmasına və qiymətlərin yüksəlməsinə səbəb olur. Yay mövsümündə xüsusilə meyvə, tərəvəz, kartof və bəzi bostan məhsullarında bahalaşma ehtimalı artır.

Çünki bazarda qiymət əsasən təklif və tələbat balansı ilə formalaşır. Məhsul azalanda fermerlərin məhsulunun maya dəyəri də yüksəlir. Sel nəticəsində toxum, gübrə, yanacaq və yenidən əkin xərcləri artır. Fermer bu itkini kompensasiya etmək üçün məhsulu daha baha satmağa çalışır”.

Onun fikrincə, bununla belə, bahalaşmanın səviyyəsi kritik həddə olmaya da bilər:

“Çünki Azərbaycan bəzi məhsullar üzrə idxaldan da istifadə edir və hökumət bazarda kəskin qiymət artımının qarşısını almaq üçün müəyyən addımlar ata bilər.

Amma hava şəraiti qeyri-sabit davam edərsə və yeni məhsul itkisi baş verərsə, yay aylarında bazarlarda qiymət artımını daha aydın hiss etmək mümkün olacaq".


Geri qayıt