|
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun üzvləri Martuni şəhərində seçicilərlə görüş keçiriblər. Yeniavaz.com “Factor.am”a istinadən xəbər verir ki, görüş zamanı Köçəryan Ermənistan-Rusiya münasibətlərinə toxunaraq Moskva ilə əlaqələrin korlanmasının ölkə üçün ciddi nəticələr doğura biləcəyini bildirib. Köçəryan qeyd edib ki, Rusiyada çox sayda erməni çalışır və iki ölkə arasındakı münasibətlərin pisləşməsi onların vəziyyətinə də təsir göstərə bilər. “Rusiyada nə qədər insan işləyir? Çox. İndi isə təsəvvür edin ki, bu münasibətlər pozularsa və Rusiya kəskin qərarlar qəbul edərsə, bunun sizin üçün hansı nəticələri olacaq?” – deyə o vurğulayıb. Siyasətçi hesab edir ki, Ermənistan iri geosiyasi güclərlə münasibətlərdə daha ehtiyatlı davranmalıdır. “Rusiya böyük və çox səbirli ölkədir. Amma bir xətt var ki, onu keçənləri artıq bağışlamırlar. Bunun çox nümunələri var. Bizim yanaşmamız belədir: güclü dövlətlərlə və geosiyasi mərkəzlərlə münasibətləri süni şəkildə gərginləşdirməyin. Onların ziddiyyətlərinə qarışmayın, əks halda əziləcəksiniz. Heç nə qazanmayacaqsınız, əziyyəti xalq çəkəcək”, – deyə Köçəryan bildirib.
Geri qayıt
|