Əsas Səhifə > Ana xəbər / Güney Press > Putin Ermənistanı “sivil boşanmaya” çağırdı
Putin Ermənistanı “sivil boşanmaya” çağırdıBu gün, 08:13 |
|
Rusiya Prezidenti Vladimir Putin Moskvada 9 may paradından sonra keçirilən mətbuat konfransında Ermənistanı Ukrayna ssenarisi ilə hədələyib. Musavat.com xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Putin Ermənistanın Avropa İttifaqına qoşulmaq planlarnın xüsusi diqqət tələb etdiyini deyib. Bildirib ki, Ermənistan Aİ-yə qoşulmaq istəyirsə, referendum keçirməlidir: "Ermənistanın Avropa İttifaqına qoşulmaq planlarına gəldikdə isə, bu, xüsusi diqqət tələb edir. Biz bunu Baş nazir Paşinyanla dəfələrlə müzakirə etmişik. Burada xüsusi bir şey görmürük. Biz Ermənistan xalqına fayda verən hər şeyi dəstəkləyəcəyik. Əsrlər boyu Ermənistan xalqı ilə xüsusi münasibətlərimiz olub. Əgər müəyyən bir qərar Ermənistan xalqına fayda verərsə, biz buna qarşı çıxmayacağıq". Onun fikrincə, Ermənistan Avropaya inteqrasiya məsələsində Moskvanın mövqeyini nəzərə almalıdır və buna görə də Putin referendum keçirilməsini məqsədəuyğun hesab edir. Rusiya prezidenti həmçinin bildirib ki, belə bir qərar həm Ermənistan vətəndaşları, həm də onların "əsas iqtisadi tərəfdaşı" üçün doğru olardı: "Mənim fikrimcə, həm xalq, həm Ermənistan vətəndaşları, həm də əsas iqtisadi tərəfdaş kimi bizim üçün mümkün qədər tez, məsələn, referendum keçirməklə qərar qəbul etmək doğru olardı". O əlavə edib ki, bu, "bizim işimiz olmasa da", prinsipcə, referendum keçirmək və Ermənistan vətəndaşlarından seçimlərinin nə olacağını soruşmaq tamamilə məntiqli olardı: "Buna görə də, biz müvafiq nəticələr çıxaracaq və yumşaq, ağıllı və qarşılıqlı faydalı boşanma yolu tutacağıq". Eyni zamanda, o, hadisələrin fərqli gedişatının mümkün nəticələri barədə xəbərdarlıq edərək, Ukrayna ilə paralellik aparıb: "İndi Ukrayna istiqamətində baş verən hər şeyi yaşayırıq. Bəs bütün bunlar haradan başladı? Ukraynanın Avropa İttifaqına qoşulması və ya qoşulma cəhdi ilə". Onun sözlərinə görə, bütün bunlar sonradan "dövlət çevrilişinə, Krım hadisəsinə, Ukraynanın cənub-şərqindəki vəziyyətə və hərbi əməliyyatlara" səbəb olub. Putin həmçinin Ermənistanın Aİ planları məsələsinin Avrasiya İqtisadi Birliyinin (AİB) növbəti sammitində müzakirə edilə biləcəyini qeyd edib. Onun sözlərinə görə, Ermənistan AİB çərçivəsində xeyli imtiyazlara malikdir və Aİ-yə üzv olacaqsa, bu imtiyazlarla bağlı da qərar verilməlidir: "Sadəcə olaraq nə edəcəyimizi vaxtında deməliyik. Burada xüsusi bir şey yoxdur. Hər şey hesablanmalıdır. Həm Ermənistan tərəfi, həm də biz bunu hesablamalıyıq". Geri qayıt |