Əsas Səhifə > Ana xəbər / Güney Press > İran Hörmüz blokadasını Xəzər üzərindən yarır

İran Hörmüz blokadasını Xəzər üzərindən yarır


Bu gün, 06:32

İran ABŞ-nin Hörmüz boğazında tətbiq etdiyi dəniz blokadasından yayınmaq üçün Xəzər dənizi üzərindən alternativ ticarət marşrutlarını genişləndirir.

Musavat.com xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

Məlumata görə, İsrailin hücumlarına baxmayaraq, Xəzər dənizi İran üçün kritik ticarət yoluna çevrilib. İran mənbələri bildiriblər ki, alternativ marşrutların açılması istiqamətində işlər sürətlə irəliləyir.

Hazırda İranın Xəzər sahilində yerləşən dörd limanı buğda, qarğıdalı, heyvan yemi, günəbaxan yağı və digər zəruri yükləri qəbul etmək üçün gecə-gündüz fəaliyyət göstərir.

İran Qida Sənayesi Assosiasiyasının rəhbəri Məhəmməd Rza Mortezavi yerli mediaya açıqlamasında bildirib ki, ölkə həyati vacib ərzaq idxalını Xəzər dənizi vasitəsilə qəbul edir.

Rusiya ticarət mənbələri və liman məlumatları da son aylarda Xəzər dənizində daşımaların sürətlə artdığını göstərir. Bildirilir ki, Rusiyadan İrana təxminən 2 milyon ton buğda daşınıb.

ABŞ mənbələrinin məlumatına görə, Rusiya Xəzər dənizi üzərindən İrana pilotsuz uçuş aparatları üçün komponentlər də göndərir və bununla Tehranın hücum imkanlarının bərpasına yardım edir.


Geri qayıt