Əsas Səhifə > Ana xəbər / Güney Press > "Paşa-K"nın keçmiş əməkdaşları təhdid olunduqlarını iddia edirlər

"Paşa-K"nın keçmiş əməkdaşları təhdid olunduqlarını iddia edirlər


Bu gün, 12:30

"Paşa-K" dərman şirkətinin keçmiş əməkdaşları — Babaş Babaşlı və oğlu Ülvi Babaşlı Daxili İşlər Nazirliyinə müraciət edərək təhdidlərlə üzləşdiklərini iddia ediblər.
Qaynarinfo xəbər verir ki, müraciətdə uzun müddət şirkətdə mühasib və satış təmsilçisi kimi çalışmış ata və oğulun bir müddət "Paşa-K” şirkətində çalışdığı, daha sonra isə səbəb göstərilmədən işdən çıxarıldığı bildirilir. Şikayətçilərin sözlərinə görə, şirkət bu qərarı "ixtisar” kimi təqdim etsə də, həmin dövrdə yalnız onların ailə üzvləri işdən azad olunub.
Babaş və Ülvi Babaşlı iddia edirlər ki, işdən çıxarıldıqdan sonra da şirkət rəhbərliyi tərəfindən təzyiqlərlə üzləşiblər. Onların sözlərinə görə, müxtəlif telefon zəngləri vasitəsilə hədələniblər və bu səbəbdən öz təhlükəsizlikləri ilə bağlı narahatdırlar.
Müraciətdə qeyd olunur ki, şikayətçilər şirkətdə işlədikləri dövrdə bir sıra qanunsuzluqlar barədə məlumatlı olublar. Onlar "Paşa-K”da xərclərin süni şəkildə artırılması, məhsulların son istifadə tarixinin dəyişdirilməsi, rəsmi uçota daxil edilməyən malların dövriyyəsi, qəbz verilməməsi və saxta qaimələrdən istifadə halları olduğunu iddia edirlər.
Ata və oğul həmçinin 9 aprel 2026-cı ildə Babaş Babaşlıya qarşı hücum edildiyini bildiriblər. Onlar bu hadisənin təkrarlana biləcəyindən narahat olduqlarını qeyd edərək hüquq-mühafizə orqanlarından təhlükəsizliklərinin təmin edilməsini xahiş ediblər.
Müraciətdə şirkət direktoru Elxan Rzayev, icraçı Səlahəddin Quliyev, maliyyə direktoru Murad Əhmədov və audit Vüqar Ələsgərovun adları çəkilir. Şikayətçilər şirkətdə baş verdiyini iddia etdikləri halların aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmasını istəyirlər.
Qaynarinfo şikayətçilərin iddiaları ilə bağlı "Paşa-K” firmasının mövqeyini öyrənməyə çalışıb. Lakin gün ərzində şirkətin əlaqə nömqələrinə zəng vursaq da, telefonu açan olmayıb. Bununla belə, "Paşa-K” şirkətinin və adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt