Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiyadan Azərbaycana qarşı BÖYÜK TƏXRİBAT

Rusiyadan Azərbaycana qarşı BÖYÜK TƏXRİBAT


Bu gün, 10:10

Rusiya rəsmiləri Bakı ilə strateji tərəfdaşlıqdan danışmağa davam etdiyi bir vaxtda, ölkənin dövlət televiziya kanalı olan “Birinci Kanal⁠” Azərbaycanın xəritəsində “ayrı Qarabağ” təsviri nümayiş etdirib.

KONKRET.az xəbər verir ki, “Vremya pokajet” proqramında Moskva ilə İrəvan arasında münasibətlərin gərginləşməsi və “ikinci cəbhə”nin açılması ehtimalı müzakirə olunarkən tamaşaçılara Cənubi Qafqaz xəritəsi göstərilib.

Həmin xəritədə Azərbaycanın ərazisində “Dağlıq Qarabağ” ayrıca bölgə kimi qeyd olunub. Bu isə hansısa marjinal YouTube kanalı və ya anonim Teleqram səhifəsində deyil, Rusiyanın əsas federal telekanalının efirində baş verib.

Bu fonda haqlı sual yaranır: bu, Moskvanın rəsmi mövqeyidir, yoxsa hələ də köhnə geosiyasi reallıqlarla yaşayan rusiyalı təbliğatçıların növbəti özfəaliyyətidir?

Xüsusilə, diqqətçəkən məqam odur ki, belə hadisə məhz Kremlin İrəvanın siyasətindən açıq narazılıq ifadə etdiyi, Ukrayna prezidenti Volodimir Zelenskinin Ermənistana mümkün səfərinin müzakirə olunduğu və Moskvanın Ermənistan hakimiyyətinə açıq iradlar səsləndirdiyi bir dövrdə baş verir. Bu da bəzi rusiyalı təbliğat dairələrinin Qarabağ mövzusunu yenidən gündəmə gətirməyə çalışdığı təəssüratını yaradır.

Lakin məsələ daha ciddidir. Dövlət telekanalı sıravi media qurumu deyil. Əgər Rusiyanın federal televiziyasında “ayrı Qarabağ” anlayışı açıq şəkildə təqdim olunursa, Bakının bu məsələyə dair aydın və rəsmi izahat gözləməsi tamamilə əsaslıdır. Əks halda, bu cür “səhvləri” sadəcə təsadüf və ya redaktor diqqətsizliyi kimi qiymətləndirmək getdikcə çətinləşəcək.


Geri qayıt