Əsas Səhifə > Ana xəbər / Güney Press > 5 ildə 14 qətnamə:Avropa Parlamenti sülhə zərbə vurmaqla məşğuldur
5 ildə 14 qətnamə:Avropa Parlamenti sülhə zərbə vurmaqla məşğuldurBu gün, 07:19 |
|
Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin mayın 4-5-də Ermənistanda keçirilmiş sammitində videobağlantı formatında çıxışı zamanı Qərb dairələrində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına iradlar bildirib. Avropa Parlamentindən bəhs edən Azərbaycan Prezidenti qeyd edib ki, bu struktur sülh prosesini dəstəkləmək əvəzinə, əksinə, onu sarsıtmaqla məşğuldur. Belə ki, İkinci Qarabağ müharibəsindən sonra - 2021-ci ilin mayından 2026-cı ilin 30 aprel tarixinədək Avropa Parlamenti Azərbaycanla bağlı qeyri-mötəbər məlumatlarla dolu 14 qətnamə qəbul edib. Bu qətnamələrin hər biri isə bəzi dairələrin sifarişi, qərəzli, birtərəfli və qeyri-obyektiv yanaşmaya əsaslanır. Qeyd edək ki, Avropa Parlamenti aprelin 30-da Azərbaycan ərazilərinin işğalında və kütləvi qırğınların təşkilində iştirak etdiyinə görə hazırda Bakıda həbsdə saxlanılan hərbi cinayətkarları azadlığa buraxmağı, həmçinin 2023-cü ildə könüllü şəkildə Ermənistana köçmüş erməniəsilli insanları Qarabağa qaytarmağı nəzərdə tutan qətnamə qəbul edib. Halbuki Azərbaycan Avropa İttifaqının üzvü olmadığına görə, Avropa Parlamentinin belə bir tələb irəli sürmək hüququ yoxdur. Bu cür qətnamələr yalnız Azərbaycanla Avropa İttifaqının münasibətlərinə zərbə vurmaqdan başqa heç bir nəticəyə səbəb ola bilməz. Azərbaycana qarşı aparılan bu siyasi diskriminasiya sülh prosesinin ləngiməsində mühüm rol oynayıb. 2020-ci ildə 44 günlük müharibədən dərhal sonra Azərbaycan Ermənistana sülh sazişinin imzalanmasını, kommunikasiyaların açılmasını və regional əməkdaşlıq təklif edib. Lakin Prezident İlham Əliyevin qeyd etdiyi dövr ərzində erməni diasporundan rüşvət alan lobbi qruplarının Avropa Parlamentində Azərbaycan əleyhinə apardığı kampaniya Ermənistanla gərginliyin bərpasına, sülhün reallaşmasına mane olmağa xidmət edib. Erməniləi, separatçıları Qarabağa qaytarmağa çağıran Avropa Parlamenti nədənsə, öz evlərindən deportasiya edilmiş 300 min Qərbi azərbaycanlının hüququları məsələsinə göz yumur. Ermənistanın Baş naziri Qarabağ hərəkatına son qoyulmalı olduğunu bəyan etdiyi, bu prosesin sülhə zərbə vurduğunu dediyi halda avropalı qanunvericilər Azərbaycanda erməni separatizmini bərpa etməyə, hərbi caniləri azadlığa buraxdırmaq niyyətini ortaya qoyur. Bu səbəbdən, Prezident İlham Əliyevin Avropa Parlamentinin Azərbaycanla Ermənistan arasında yenidən düşmənçilik yaratmaq səylərini ifşa etməsi sülhü sabotaj edənlərə qarşı ciddi diplomatik addım kimi qiymətləndirilməlidir. Müşfiq Abdulla Geri qayıt |