Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıda qorxulu virus: milyonlarla insanı öldürüb

Bakıda qorxulu virus: milyonlarla insanı öldürüb


Bu gün, 07:10

Bakının iki peşə məktəbində vərəm xəstəliyinə yoluxma ilə bağlı iddiaların yayılması cəmiyyətdə narahatlıq yaradıb. Rəsmi qurumlar bu istiqamətdə araşdırma aparıldığını bildirib. Digər tərəfdən, son günlər əhali arasında öskürək hallarının artması da diqqət çəkir və bu, vərəm riskinə dair sualları gücləndirir.

Vərəm xəstəliyi hansı yollarla yayılır? Peşə məktəblərində və ya ictimai yerlərdə belə halların qarşısını almaq üçün hansı profilaktik tədbirlər görülməlidir?

Globalinfo.az-a danışan funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva deyib ki, vərəm əsasən hava-damcı yolu ilə yayılır:

“Xəstə insan öskürəndə, asqıranda və ya danışanda havaya yayılan bakteriyalar uzun müddət qapalı mühitdə qala, digər şəxslərin tənəffüs yollarına daxil ola bilər. Xüsusilə zəif havalandırılan, sıx insanların olduğu yerlərdə, sinif otaqları, yataqxanalar, emalatxanalar və ictimai nəqliyyatda yoluxma riski daha yüksək olur. İmmuniteti zəif olan şəxslər, xroniki xəstəliyi olanlar və uzun müddət xəstə ilə təmasda olanlar risk qrupuna daxildir”.

Terapevt bildirib ki, peşə məktəblərində və ictimai yerlərdə profilaktika üçün ilk növbədə mühitin düzgün təşkili vacibdir:

“Otaqlar mütəmadi havalandırılmalı, süni ventilyasiya sistemləri işlək vəziyyətdə saxlanılmalı, sıxlıq minimuma endirilməlidir. Erkən aşkarlama məqsədilə şagird və işçilər vaxtaşırı tibbi müayinədən keçirilməli, xüsusilə risk qrupları üçün flüoroqrafiya və laborator testlər təşkil olunmalıdır. Xəstəlik aşkarlandıqda həmin şəxsin dərhal müalicəyə cəlb olunması və kollektivdən müvəqqəti təcridi vacibdir. Öskürərkən və ya asqırarkən ağız-burnun örtülməsi, fərdi gigiyena vasitələrindən istifadə, əllərin mütəmadi yuyulması mühüm rol oynayır.

Maarifləndirmə tədbirləri də xüsusi əhəmiyyət daşıyır. İnsanlar vərəmin ilkin əlamətləri, yəni uzunmüddətli öskürək, halsızlıq, arıqlama, gecə tərləməsi və sair barədə məlumatlandırılmalı, vaxtında həkimə müraciət etməyə təşviq olunmalıdır. Zəruri hallarda maska istifadəsi və qoruyucu tədbirlər yoluxmanın yayılmasının qarşısını xeyli dərəcədə azalda bilər”.

Qeyd edək ki, vərəm (tuberkuloz) təhlükəli yoluxucu xəstəlikdir, tarixdə epidemiyalar yaradaraq milyonlarla insanın ölümünə gətirib çıxarıb. Bu gün də dünyada hər il təxminən 1,2 milyon insanın həyatına son qoyur.


Geri qayıt