Əsas Səhifə > Ana xəbər / Güney Press > Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdiBu gün, 09:49 |
|
Xəbər verdiyimiz kimi, Hesablama Palatası Ağdam, Füzuli və Xocavənd üzrə Bərpa Xidmətində ciddi nöqsanlar aşkarlamışdı. Gununsesi.info-nun verdiyi məlumata görə, audit nəticələrinə əsasən, 2024-cü ildə ayrılmış məqsədli büdcə vəsaitləri və dövlət əmlakının satışından əldə olunan, lakin istifadə edilməmiş vəsaitlər nəzərə alınmadan 2025-ci il üçün bağlanmış müqavilələr üzrə maliyyələşmənin azaldılması təmin edilməyib. Bu isə maliyyə planlaşdırmasında uyğunsuzluqlara yol açıb. Yayılan məlumatlar əsasında Qarabağda aparılan bərpa və tikinti layihələri, iri müqavilələr və maliyyə pozuntuları ilə bağlı səsləndirilən iddialara cavab verilib. Qurumdan verilən açıqlamada bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bütün tikinti və bərpa işləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, eləcə də qüvvədə olan normativ-texniki sənədlərə uyğun şəkildə icra olunur. Qeyd edilib ki, layihələrin hazırlanması və icrası zamanı müasir şəhərsalma prinsipləri, memarlıq standartları, təhlükəsizlik normaları, mühəndis-kommunikasiya tələbləri və ekoloji meyarlar əsas götürülür. Tikinti prosesində istifadə olunan materialların keyfiyyət standartlarına cavab verdiyi, bütün işlərin təsdiq edilmiş layihə-smeta sənədləri əsasında aparıldığı və prosesə mütəmadi texniki nəzarətin həyata keçirildiyi vurğulanıb. Açıqlamada o cümlədən ümumi dəyəri 25,3 milyon manatı keçən üç iri müqavilənin “Platin-M” MMC-yə verilməsi ilə bağlı iddialara da münasibət bildirilib. Qurum qeyd edib ki, həmin müqavilələr “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun şəkildə, müvafiq satınalma metodları əsasında həyata keçirilib. Şirkətin təcrübəsi, texniki imkanları və peşəkar potensialı nəzərə alınaraq seçim edildiyi, bütün qərarların aidiyyəti dövlət qurumları tərəfindən təsdiqləndiyi bildirilib. Bundan əlavə, A kateqoriyalı evlərin kvadratmetrinin 150 manat əvəzinə sənədlərdə 350 manat göstərilməsi ilə bağlı yayılan məlumatların da əsassız olduğu qeyd olunub. Bildirilib ki, “A kateqoriyalı ev” anlayışı qanunvericilikdə mövcud deyil və tikinti xərcləri vahid kvadratmetr qiyməti ilə deyil, layihə-smeta sənədləri, texniki göstəricilər və qüsur aktları əsasında müəyyən edilir. Qurum dövlət büdcəsinə 14 milyon manatdan artıq ziyan vurulması barədə iddiaları da təkzib edib. Açıqlamada vurğulanıb ki, bütün maliyyə əməliyyatları qanunvericiliyə uyğun aparılır, həm daxili, həm də xarici nəzarət mexanizmləri ilə yoxlanılır və bu barədə səsləndirilən ittihamlar heç bir rəsmi sənəd və audit nəticəsi ilə təsdiqlənmir. Leysan Məmmədovun əvvəlki fəaliyyəti ilə bağlı Hesablama Palatasının audit hesabatlarında pozuntular olması barədə iddialara münasibət bildirən qurum bu məlumatların da həqiqəti əks etdirmədiyini bəyan edib. Açıqlamada onun fəaliyyətinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyi, 2010-cu ildə “Əməkdar mühəndis” fəxri adına, 2014-cü ildə isə “Tərəqqi” medalına layiq görüldüyü xatırladılıb. Qurum yekunda bildirib ki, səsləndirilən bütün ittihamlar rəsmi sənədlərlə təsdiqlənmir və ictimaiyyətdə yanlış rəy formalaşdırmağa xidmət edir. Geri qayıt |