Əsas Səhifə > Ana xəbər / Güney Press > Böyük GÖZLƏNTİ: Prezident SƏRƏNCAM verdi, sonra?..

Böyük GÖZLƏNTİ: Prezident SƏRƏNCAM verdi, sonra?..


Bu gün, 09:31

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələ­cəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan bu Sərəncama Əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85 milyon 869 min 260 manat, o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 8 milyon 876 min 210 manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon 437 min 315 manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21 milyon 443 min 875 manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39 milyon 103 min 600 manat və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon 8 min 260 manat vəsait ayrılıb.

Bəs mübarizə tədbirlərinin əhəmiyyətli dərəcədə müsbət təsirini nə vaxt görə biləcəyik? Yəni, builki qədər subasmaların olmaması üçün hansı işlər görülməlidir?

Məsələ ilə bağlı Musavat.com-a danışan memar Cahid Həsənov bildirib ki, paytaxtın kanalizasiya sistemi artıq həm istismar müddətini başa vurub, həm də hazırki yükə cavab vermir. Onun sözlərinə görə, bu yük son 3-4 ildə daha da artıb və adi yağıntılar zamanı ciddi fəsadlara yol açır: “Bu qərarın qəbul edilməsi və dövlət tərəfindən 85 milyonluq vəsaitin ayrılması çox ciddi bir addımdır. Bu, aidiyyəti qurumlara ciddi iş görmək üçün zəmin yaradır.

Əsas məsuliyyət su və kanalizasiya sistemini əhatə edən qurumunun üzərinə düşür ki, bu sistemləri köklü şəkildə dəyişsin. Təbii ki, bu işlər Bakı şəhərinin 3-4 milyonluq perspektiv yükü nəzərə alınaraq, müasir texnologiyalar və avadanlıqlarla həyata keçirilməlidir. Amma bu bir ayın, iki ayın işi deyil. Prospektlərdə, küçələrdə mərhələli şəkildə təmir işləri aparılacaq. Burada əsas məsələ ondan ibarətdir ki, yaxın müddətdə uzunmüddətli yağıntılar zamanı yaranan problemlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülsün. Məsələn, tunellərdə su yığılması zamanı suötürücü nasosların avtomatik işə düşmə sistemi olmadığı üçün qısa müddətdə böyük həcmdə su yığılaraq tunelləri doldurur və bu da faciəli hallara səbəb olur”.

Mütəxəssis hesab edir ki, belə qabaqlayıcı tədbirləri həyata keçirmək üçün ayrılan vəsaitlə qısa müddətdə xeyli iş görmək mümkündür: “O vaxta qədər ki, milyonlarla vəsait hesabına bütün şəhər üzrə yeni kanalizasiya sistemi tam şəkildə qurulsun. Amma hazırda həm köklü dəyişikliklər üçün vəsait ayrılıb, həm də müxtəlif qurumlara mühafizə və müdafiə xarakterli tədbirlərin görülməsi tapşırılıb. Bu tədbirlər ona görədir ki, əsaslı kanalizasiya sistemi tam yenilənənə qədər belə halların ağır nəticələri ilə qarşılaşmayaq. Əgər işlər düzgün aparılsa, düşünürəm ki, gələcəkdə belə problemlər minimuma enəcək”.

Memar bir məqamı da qeyd edir: “Suyun çəkilməsi məsələsi göründüyü kimi sadə deyil. Vizual olaraq suyun 70%-i çəkilsə də, bizə elə gəlir ki, problem həll olundu. Bir gün ərzində suyun çəkilməsi gözlə görünür və biz deyirik ki, məsələ bitdi. Amma əslində, asfaltın və torpaq qatlarının altında bizim görmədiyimiz daha böyük həcmdə su qalır və bu su sonradan ciddi problemlər yarada bilər. Məsələn, bu sular metro xətlərinə sızır, orada elektrik xətləri ilə təmasda olur, nəmlik yaradır və qısaqapanmalara səbəb ola bilər. Bu isə çox ciddi nəticələr doğura bilər.

Ona görə də ilk növbədə metro xətlərinə yaxın ərazilərdə, sovet dövründən qalan problemli sahələrdə təmir işlərinə başlanmalıdır. Həmçinin, müvəqqəti suötürücü sistemlər qurulmalıdır ki, kütləvi problemlərin qarşısı alınsın. Tunellər də çox risklidir. Bundan əlavə, yaşayış binalarının zirzəmilərinə su dolub və bu suyun təsiri dərhal yox, 3-4 ay sonra özünü göstərə bilər. Əslində, əsas diqqət yeraltı hissələrə yönəlməlidir. Biz elə bilirik ki, yağış bitdi və problem həll olundu. Amma su yeraltı qatlara nüfuz edir, özünə yol açır, torpağı yuyur və müxtəlif istiqamətlərə yayılır. Bu isə binaların zirzəmilərində, metrolarda, tunellərdə bir neçə ay sonra ciddi fəsadlar yarada bilər. Buna görə də ayrılmış vəsait hesabına artıq operativ və sistemli işlər görülməlidir”.


Geri qayıt