Əsas Səhifə > Ana xəbər / Güney Press > Bazarlarda niyə yerli mal tapılmır?

Bazarlarda niyə yerli mal tapılmır?


Bu gün, 06:42

Azərbaycanda son illər qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı və sənaye istehsalının genişləndirilməsi istiqamətində müxtəlif addımlar atılsa da, yerli məhsulların bazarda mövqeyi hələ də idxal məhsulları ilə ciddi rəqabət şəraitində formalaşır.

Market və ticarət şəbəkələrində bir çox sahələr üzrə xaricdən gətirilən məhsulların həm qiymət, həm çeşid, həm də qablaşdırma baxımından üstünlük təşkil etdiyi müşahidə olunur. Bu vəziyyət isə yerli istehsalçıların satış imkanlarına, investisiya marağına və istehsal həcmlərinə birbaşa təsir göstərir.

Maraqlıdır, yerli məhsullar niyə idxal malları qarşısında geri qalır və onların bazarda daha güclü mövqe qazanması üçün hansı addımlar atılmalıdır?

İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, son illərdə müşahidə olunan iqtisadi tendensiyalar göstərir ki, yerli istehsalın zəifliyi və idxal məhsullarının bazarda üstün mövqeyə çıxması artıq sistemli problemə çevrilib:

“Bu vəziyyət xüsusilə ərzaq təhlükəsizliyi baxımından ciddi risklər yaradır və mövcud iqtisadi modelin effektivliyi ilə bağlı əsaslı suallar doğurur. Hazırda ölkədə tətbiq olunan iqtisadi yanaşma gözlənilən nəticələri vermir.

Ayrı-ayrı sahələrdə kosmetik dəyişikliklər və qısamüddətli tədbirlər problemin mahiyyətini həll etmir. Mövcud model nə daxili istehsalı gücləndirə bilir, nə də bazarda rəqabət qabiliyyətli məhsul formalaşdırır. Nəticədə bazar idxaldan asılı vəziyyətə düşür, yerli istehsal isə tədricən sıxışdırılır.

Əsas məsələ ondan ibarətdir ki, ölkə artıq seçim qarşısındadır. Ya biz mövcud vəziyyətlə barışaraq daxili istehsalın zəifliyini qəbul edib bazarı tam liberallaşdırmaq, o cümlədən Ümumdünya Ticarət Təşkilatına üzvlüyü sürətləndirməklə daha ucuz idxal məhsullarına imkan yaratmalıyıq.

Yəni kim bizdən bacarıqlıdırsa, gəlsin bizə bizim bazarda məhsul satsın. Bu halda istehlakçı qısa müddətdə ucuz məhsul əldə etsə də, uzunmüddətli perspektivdə yerli istehsalın tam sıradan çıxması və iqtisadi asılılığın dərinləşməsi qaçılmaz olacaq.

Ya da daha çətin, lakin strateji baxımdan zəruri yol isə iqtisadi modelin köklü şəkildə dəyişdirilməsi, ucuz və səmərəli istehsal zəncirlərinin qurulması, rəqabətədavamlı və keyfiyyətli məhsul istehsalı, texnologiya və innovasiyaya əsaslanan inkişafı və real rəqabət mühitinin qurulmasıdır.

Ərzaq təhlükəsizliyi kontekstində vəziyyət daha da kritikdir. Strateji ərzaq məhsulları üzrə idxaldan yüksək asılılıq ölkəni qlobal şoklara qarşı həssas edir.

Dünyada baş verən istənilən böhran, istər pandemiya, istər müharibə, istərsə də ticarət məhdudiyyətləri, birbaşa olaraq daxili bazarda qiymət artımına və potensial qıtlığa səbəb ola bilər.

Azərbaycandakı reallıq ondan ibarətdir ki, artıq yarımçıq və fragmentar islahatlarla nəticə əldə etmək mümkün deyil. İqtisadiyyatın “böyür-başını düzəltməklə” problemi həll olunmur. Sistemli, ardıcıl və nəticəyönümlü transformasiya tələb olunur”.

İqtisadçı qeyd edib ki, bu gün əsas sual belədir, biz daxili istehsalın zəifliyini qəbul edib idxaldan asılı modeli seçəcəyik, yoxsa çətin, lakin dayanıqlı inkişaf yolu ilə rəqabətədavamlı iqtisadiyyat quracağıq? Vaxt isə məhduddur, gecikən qərarlar sabah daha ağır iqtisadi və sosial nəticələrə səbəb ola bilər.


Geri qayıt