Əsas Səhifə > Ana xəbər / Güney Press > Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər

Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər


Bu gün, 07:34

Bir neçə gün əvvəl paytaxt Bakının əsas sərnişindaşıma yükünü daşıyan Bakı Metropoliteninin fəaliyyəti bir neçə saatlıq tam dayandı. Hadisə nəticəsində yüz minlərlə sərnişin tunellərdə və platformalarda qalaraq ciddi çətinliklərlə üzləşdi.

Rəsmi məlumata görə, fasiləyə səbəb kimi əsas elektrik xətlərində baş verən qısaqapanma və texniki nasazlıq göstərildi. Lakin bu müddətdə şəhərdə nəqliyyat sistemi faktiki olaraq iflic oldu, sərnişinlər küçələrdə qaldı. Mövcud vəziyyətdə avtobuslar əlavə yükü qarşılamaq üçün pulsuz xidmət göstərməyə məcbur oldu.

Hadisədən sonra Metropoliten rəhbərliyi sərnişinlərdən üzr istədi. Bir gün sonra isə bəzi şəxslərin cəzalandırıldığı barədə qısa məlumat yayılsa da, konkret adlar açıqlanmadı və məsuliyyət məsələsi cəmiyyət üçün açıq qaldı.

Bununla belə, Bizimesr.com-a daxil olan məlumata görə, metroda baş verən son hadisə ən yüksək səviyyədə müzakirəyə çıxarılıb və səbəblərin araşdırılmasına ciddi şəkildə başlanılıb.

Məlumatda bildirilir ki, “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun vəzifədən uzaqlaşdırılması məsələsi ciddi müzakirə olunur. İddialara görə, metropoliten sahəsində yetərli təcrübəyə malik olmayan rəhbərlik mövcud problemlərin həllində çətinlik çəkir.

Eyni zamanda qeyd olunur ki, yeni sədr postuna namizədlər arasında hazırda qurumda sədr müavini vəzifəsində çalışan Hidayət Məmmədovun adı çəkilir. O, 1992-ci ildən etibarən metro sistemində fəaliyyət göstərir və bu sahəni dərindən bilən təcrübəli mütəxəssislərdən biri hesab olunur.


Geri qayıt