Əsas Səhifə > Ana xəbər / Güney Press > “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib?

“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib?


Bu gün, 14:15

“Kapital Bank” əməkdaşlarının müştəri ilə danışığı zamanı səsləndirdiyi iddialar vətəndaşın narazılığına səbəb olub.

Sözügedən bankdan 7000 AZN kredit götürən müharibə iştirakçısı, hərbçi aylıq ödənişlərini vaxtında etsə də, sonuncu ayda kredit borcunu 1 ay gecikdirib. Borcunun 95 faizini ödəyən vətəndaşa bank tərəfindən zəng edilərək hədə-qorxu gəlinib.

Bu barədə bankın müştərisi Kommersant.az-a açıqlamasında qeyd edib.

Vətəndaş, hərbi qulluqçu R.H-nın sözlərinə görə, bankın *1000 telefon nömrəsindən Şamil adlı bank əməkdaşı zəng edərək “Borcunuz olan 430 manat 38 gündür gecikir. Borcunuzu 28.04.2026 tarixinədək ödəməlisiniz” xəbərdarlığı edib. Hərbçi isə maaşını 05.05 tarixində alacağını və o tarixdə bütün borcu bağlayacağını bildirsə də, bank əməkdaşı vətəndaşla razılaşmayıb.

Bankın əməkdaşı telefon zəngini bitirməzdən öncə “Siz hərbçisiniz? Böyük ehtimal ki, nazirliyinizin kadrlar şöbəsinə sizin haqqınızda rəsmi xəbərdarlıq məktubu ünvanlanacaq və tarixçənizə də stop qoyulacaq” deyərək dəstəyi asıb.

Şikayətçi həmçinin bildirib ki, bu zəngdən bir neçə gün əvvəl eyni bankın Aytən adlı xanım əməkdaşı ona zəng edərək, “telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” deyə hədə-qorxu gəlib. Amma “mənim zaminim yoxdur və qohumlarımın nömrəsini banka təqdim etməmişəm” deyə şikayətçi əlavə edib.

Hüquqşünas Əkrəm Həsənov Musavat.com-a açıqlamasında bildirib ki, “Banklar haqqında” qanuna, həm də mülki qanunvericiliyə görə, müştərinin bankla bağlı bütün münasibətləri: bank hesabı, kredit, əmanət, köçürmələr və digər əməliyyatlar istisnasız olaraq bank sirri hesab olunur. İstənilən əməliyyat bu kateqoriyaya daxildir.

“Bu bank sirri yalnız müəyyən hallarda üçüncü şəxslərə açıqlana bilər: ya müştərinin özü buna açıq və yazılı razılıq verir, ya da dövlət orqanları qanunla nəzərdə tutulmuş hallarda, məsələn, məhkəmə qərarı əsasında həmin məlumatları əldə edir.

Sizin qeyd etdiyiniz halda – yəni bankın müştərinin iş yerinə məlumat verməsi – bu, açıq şəkildə bank sirrinin pozulması deməkdir. Əgər müştəri kredit götürərkən belə bir məlumatın iş yerinə verilməsinə ayrıca razılıq verməyibsə, bankın bu addımı qanunsuz sayılır.

Belə hal baş verərsə, vətəndaş məhkəməyə müraciət edərək ona dəyən mənəvi zərərin, hətta zərurət yaranarsa, maddi ziyanın ödənilməsini tələb edə bilər. Əgər bank hələ bu addımı atmayıbsa, lakin bu istiqamətdə təzyiq və ya hədələmə varsa, vətəndaş Mərkəzi Banka şikayət edə bilər. Bu cür davranış hüquq pozuntusu olmaqla yanaşı, müştərinin qorxudulması kimi də qiymətləndirilə bilər.

Digər məqam isə kredit götürülərkən təqdim olunan əlaqə məlumatları ilə bağlıdır. Bəzi hallarda banklar zamin tələb etməsə də, bir neçə nəfərin telefon nömrəsinin göstərilməsini istəyir. Əgər müştəri bu nömrələri özü təqdim edibsə, həmin şəxslərlə əlaqə saxlanılması artıq bank sirrinin pozulması sayılmır – çünki müştəri faktiki olaraq buna razılıq vermiş olur. Amma əgər müştəri belə məlumat verməyibsə və bank hər hansı yolla bu şəxsləri müəyyən edib əlaqə saxlayırsa, bu da yenə bank sirrinin pozulması kimi qiymətləndirilməlidir”.

“Kapital Bank”ın ictimaiyyətlə əlaqələr üzrə proses sahibi Arzu Əliyeva Musavat.com-a açıqlamasında bildirib ki, bank müştərinin məlumatlarını bölüşə bilməz:

“Müştəri ilə danışılıb və ona gecikmələriylə bağlı bütün məqamlar izah olunub”.

A.Əliyeva müharibə iştirakçısının kredit borcu haqda Müdafiə Nazirliyinin kadrlar şöbəsinə niyə məktub göndəriləcəyi ilə bağlı heç bir məlumat verməyib.


Geri qayıt