Əsas Səhifə > Ana xəbər / Güney Press > İRİA-da nə baş verir?
İRİA-da nə baş verir?Bu gün, 06:51 |
|
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) son dövrlər müşahidə olunan ardıcıl kadr dəyişiklikləri ciddi suallar yaradır. Qısa müddətdə xeyli sayda peşəkar və ixtisaslı əməkdaşların, departament rəhbərlərinin qurumdan uzaqlaşdığı müşahidə olunur. Bu gün öyrəndim ki, nəinki ölkədə, hətta qlobal səviyyədə tanınmış peşəkarlardan biri olan, İRİA-da Data İdarəetməsi Departamentinin rəhbəri Kamran Ağayev də qurumdakı vəzifəsindən istefa verib. Düzü, anlamaq olmur ki, İRİA-da nələr baş verir. Bir neçə gün öncə isə bu qurumun HR departamentinə yeni rəhbərin təyin olunduğu bildirilirdi. Maraqlıdır ki, bir müddət öncə müavin vəzifəsini tutan Rəşad Xalıqov da buradakı işindən ayrılıb. Ümumiyyətlə, bünövrəsi qoyulandan bu Agentlik bəxti gətirməyən qurumlardan olub. Biri də vardı, nöqsanlara görə, “padval əməliyyatına görə” işdən azad olunmuşdu, amma bunu “yeni etapın başlanması” kimi xarakterizə etmişdi. Cənablar, düşünürəm ki, ölkənin bir nömrəli innovasiya qurumunda nələrsə düz getmir. Bildiyim qədər, Fərid Osmanovun İRİA-ya yeni rəhbər təyinatının da bir ili tamam olub. Texnopark və İKT güzəştləri ilə bağlı Prezidentin məlum sərəncamı da İRİA tərəfindən qüsurlu icra olunduğundan, güzəşt əldə edən nəhəng şirkətlərin ekosistemə heç bir qatqısı olmadığından ciddi irəliləyiş hiss olunmayıb. Əgər qurumda davamlı olaraq komanda dağılır, peşəkarlar ayrılır, amma paralel olaraq ölçülə bilən nəticələr görünmürsə, demək nələrsə düz getmir. Bu artıq təkcə kadr məsələsi deyil — strateji fokus, idarəetmə modeli və prioritetlər məsələsidir. İRİA ölkənin innovasiya siyasətində əsas qurumlardan biri olmalıdır. Ona görə də burada baş verənlər təkcə bir idarədaxili proses deyil, bütövlükdə ölkənin gələcək texnoloji inkişaf tempinə təsir edən məsələdir. Ümid edirəm, qərar qəbul edənlər də baş verənlərin fərqindədir. Müəllif: Osman Gündüz - "dia-az" Geri qayıt |