Əsas Səhifə > Ana xəbər / Güney Press > "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır"

"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır"


Bu gün, 05:10

"Dövlət İmtahan Mərkəzinin planlaşdırdığı yeni imtahan modelində buraxılış imtahanının vaxtının15 dəqiqə artırılması təşəbbüsünü müəyyən mənada müsbət addım kimi qiymətləndirmək olar. Çünki yazı tapşırığının əlavə edilməsi şagirdlərdən daha çox düşünmə və ifadə bacarığı tələb edir və bu baxımdan əlavə vaxt onların öz fikirlərini daha rahat ifadə etməsinə şərait yarada bilər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov 11 illik buraxılış imtahanlarında xarici dil fənni üzrə tətbiq ediləcək yenilikdən və yeniliyə əsasən imtahan vaxtının 15 dəqiqə uzadıla biləcəyi məsələsindən danışarkən bildirdi.

Millət vəkilinin fikrincə, ümumi modelə yanaşmada ciddi narahatlıq doğuran məqamlar var:

"İngilis dili imtahanını bu qədər xırdalıqlara enərək və detalları maksimum səviyyədə yoxlamağa yönəltmək düzgün yanaşma deyil. 1-ci sinifdən 11-ci sinifə qədər olan geniş proqramın qısa zaman çərçivəsində, üstəlik bu qədər detallı şəkildə şagirdlərdən tələb olunması onların həm akademik, həm də psixoloji vəziyyətinə mənfi təsir göstərir. Bu cür yanaşma şagirdlərdə stres, özünə inamsızlıq və imtahana qarşı qorxu yaradır.

Digər vacib məsələ isə ölkə üzrə tədris şəraitindəki fərqlərdir. İngilis dili üzrə biliklərin qiymətləndirilməsi yalnız Bakı məktəblərindəki səviyyəyə uyğun qurulmamalıdır. Regionlarda və ucqar kəndlərdə xarici dil müəllimi çatışmazlığı hələ də ciddi problemdir. Bu şəraitdə bütün şagirdlərdən eyni səviyyədə və eyni detallılıqda imtahan götürmək və obyektiv nəticə əldə etmək ədalətli yanaşma deyil.
Bu səbəbdən hesab edirəm ki, imtahan modelində dəyişikliklər edilərkən yalnız struktur deyil, həm də real tədris imkanları, regionlararası fərqlər və şagirdlərin psixoloji yükü mütləq nəzərə alınmalıdır".


Geri qayıt