Əsas Səhifə > Ana xəbər / Güney Press > Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur

Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur


Bu gün, 12:05

Zaqatala şəhər Vasif İsmayılov küçəsinin sakinləri 30 il bundan əvvəl inşa olunan ikimərtəbəli, 3 bloklu yaşayış binasının damının qəzalı vəziyyətdə olduğunu, yağan yağışların mənzillərə tökülməsindən şikayətçidir.

Vəziyyəti yerində araşdırmaq üçün Bizim.Media-nın əməkdaşı deyilən ünvanda olub.

Sakinlər mənzilin damı ilə yanaşı blokların qapısı olmadığından bloka itlərin daxil olduğunu, əşyalarını apardığını bildirir.

Zaqatala şəhəri Vasif İsmayılov küçəsində yerləşən çoxmənzilli binanın sakini Adilə Musayeva kimi hər kəs uzun illərdir yağan yağışlardan narahatdır. Sakinlərin sözlərinə görə, yağış yağandan az keçməmiş əllərində vedrə evdən, mətbəxdən sonra da binanın bloklarından su təmizləməyə başlayırlar.


Binanın digər sakini Elsurə Abışova da bina istifadəyə veriləndən onun damının dəyişdirilmədiyini, bu səbəbdən azbes-şifer örtüyünün istismar vaxtının çoxdan keçdiyini, bu səbəbdən yağış yağan zaman damlarına su damdığını bildirir.

Zaqatala Rayon İcra Hakimiyyyətinin şəhər üzrə nümayəndəsi, Mənzil Kommunal təsərrüfatının rəhbərliyi məsələ ilə əlaqədar əraziyə birgə baxış keçirdikdən sonra bildirilib ki, ötən il bu məhəllədə abadlıq işlərinə başlanılsa da, maliyyə vəsaiti tükəndiyindən işlər yarıda saxlanılıb.

Yaxın müddətdə binanın damının və həyətin əsaslı abadlaşdırılması üçün əlavə maliyyə vəsaiti ayrılacağı gözlənilir. Vəsait ayrılan kimi binanın damının dəyişdiriləcəyini, həmçinin həyətdə abadlıq işlərinin yekunlaşdırılacağı diqqətə çatdırılıb.

Şəhər üzrə nümayəndə vəzifəsinə yeni təyin edilən Ceyhun Hüseynov onu da əlavə edib ki, ilk növbədə şəhərin bütün məhəllə və binaları, həyətlərini gəzərək sakinlərlə tanış olur, onları dinləyərək qeydlər götürürlər. Şəhər nümayəndəsi söhbət gedən bu binanın və həyətin ilin sonuna kimi Zaqatalanın ən abad və səliqəli məhəllələrdən birinə çevriləcəyini də sözlərinə əlavə edib.


Sakinlər də öz növbəsində şəhər rəsmilərinin gəlişindən və aparılan söhbətdən razılıq edərək işlərin başlayacağı günü səbrlə gözləyəcəklərini deyiblər.



Geri qayıt