Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda ət tapılmayacaq?
Azərbaycanda ət tapılmayacaq?Bu gün, 10:25 |
|
Bu ilin ilk üç ayında Azərbaycanın ət idxalında artım qeydə alınıb. Rəsmi statistikaya görə, ölkəyə 12 min 299 ton ət gətirilib və bunun üçün 28 milyon 630 min ABŞ dolları vəsait xərclənib. Maraqlıdır ki, idxal olunan ətin həcmi cəmi 3,4 faiz artsa da, onun dəyəri 15,3 faiz yüksəlib. Bu isə bazarda qiymətlərin bahalaşması ehtimalını gündəmə gətirir. Ümumilikdə isə Azərbaycanın xarici ticarət dövriyyəsində azalma müşahidə olunur – həm ixrac, həm də idxal ötən illə müqayisədə aşağı düşüb. Bütün bu göstəricilər fonunda sual yaranır: ölkə daxilində ət istehsalı tələbatı niyə qarşılamır və idxaldan asılılıq nə dərəcədə təhlükəlidir? Azərbaycanda ət idxalının artmasının əsas səbəbləri nədir? Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb: "Təəssüf ki, bu vəziyyət heç də təəccüblü deyil. Çünki ölkədə son 5 il ərzində həm iribuynuzlu, həm də xırdabuynuzlu mal-qaranın sayında ciddi və narahatedici azalma müşahidə olunur. Rəqəmlərə diqqət yetirdikdə mənzərə daha da aydın görünür: təxminən 300 min baş iribuynuzlu mal-qara, eləcə də 1,7–1,8 milyon baş qoyun-keçi sayı azalıb. Bu isə o deməkdir ki, yerli istehsalın zəifləməsi artıq qaçılmazdır. Nəticədə daxili bazarda ət və ət məhsullarının qiymətləri artır, eyni zamanda idxaldan asılılıq daha da güclənir. Statistik göstəricilər də bu tendensiyanı açıq şəkildə təsdiqləyir. İqtidadçı qeyd edib ki, şəhər həyatının cazibəsi də kənd təsərrüfatından uzaqlaşmanı sürətləndirir: "İnsanlar düşünür ki, şəhərdə 1000–1500 manat maaşla fəhlə işləmək daha sərfəlidir, nəinki ağır və əziyyətli maldarlıqla məşğul olub qeyri-müəyyən gəlir gözləmək. Halbuki hamıya məlumdur ki, maldarlıq çox zəhmət tələb edən sahədir və bu sahədə çalışan insanların xüsusi dəstəyə ehtiyacı var. Natiq Cəfərli vurğulayıb ki, bütün bunlar həyata keçirilməzsə, son illərdə müşahidə olunan mənfi tendensiya daha da dərinləşəcək. Əhalinin sayı artdığı halda mal-qara sayının azalması ciddi disbalans yaradacaq. "Bu gün müşahidə etdiyimiz vəziyyət illər əvvəl proqnozlaşdırılırdı. Təəssüf ki, bu xəbərdarlıqlar özünü doğrultdu və indi artıq problemin nəticələri ilə üz-üzəyik. Əgər vaxtında və düzgün qərarlar qəbul olunmasa, yaxın gələcəkdə ət bazarında daha ciddi və kəskin bahalaşma dalğası qaçılmaz olacaq". Geri qayıt |