Əsas Səhifə > Ana xəbər / Güney Press > Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır?

Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır?


Bu gün, 03:58

Son illərdə məktəblərdə şagirdlər arasında baş verən zorakılıq və aqressiv davranışlarla bağlı xəbərlərin artması cəmiyyətdə ciddi narahatlıq yaradır.

“Şagird sinif yoldaşına xəsarət yetirdi”, “məktəbdə dava düşdü” kimi hadisələr artıq təsadüfi yox, təkrarlanan sosial problem kimi qəbul olunmağa başlayıb.

Ötən günlərdə baş verən, bir şagirdin digərinə spirt tökərək xəsarət yetirməsi ilə nəticələnən hadisə isə məktəblərdə təhlükəsizlik və psixoloji nəzarət sisteminin vəziyyətini yenidən gündəmə gətirdi.

Bu cür hadisələr birdən-birə yaranmır. Uşaqlarda aqressiya adətən zamanla formalaşır. Məsələn, sinifdə tez-tez dalaşmaq, kobud danışmaq, başqalarına hörmətsiz yanaşmaq kimi davranışlar vaxtında diqqətə alınmasa, sonradan ciddi problemlərə çevrilə bilərr.

Burada əsas problem ondan ibarətdir ki, bir çox hallarda bu siqnallar ya gec görülür, ya da ümumiyyətlə, diqqətdən kənarda qalır. Halbuki məktəb sadəcə dərs keçilən yer deyil, həm də uşağın davranışının formalaşdığı mühitdir. Ona görə də məktəbdə psixoloji nəzarət çox vacibdir.

Burada məktəb psixoloqlarının rolu xüsusi önəm daşıyır. Psixoloqlar uşaqlarla mütəmadi söhbətlər aparmalı, onların davranışlarını izləməli və ehtiyac olduqda fərdi yanaşma tətbiq etməlidirlər.

Eyni zamanda, müxtəlif psixoloji testlər və müşahidələr də aparılmalıdır ki, uşağın emosional vəziyyəti düzgün qiymətləndirilsin.

Lakin reallıqda bir çox məktəbdə bu işlər ya çox məhdud şəkildə görülür, ya da formal xarakter daşıyır. Bəzi hallarda psixoloji iş sadəcə kağız üzərində aparılan testlərlə məhdudlaşır.

Bu testlərdə uşağın məsələn, melanxolik və ya daha qapalı xarakterli olduğu kimi ümumi nəticələr çıxarılır. Amma belə kağız əsaslı testlər həmişə uşağın real vəziyyətini tam əks etdirmir.

Çünki uşağın davranışı, emosional durumu və problemləri yalnız test nəticələri ilə deyil, gündəlik müşahidə və ünsiyyətlə düzgün anlaşılır. Bu səbəbdən məktəblərdə psixoloji işin yalnız formal testlərlə məhdudlaşması effektiv nəticə vermir.

Hazırda ölkə məktəblərində təxminən 3000 psixoloq fəaliyyət göstərir. Amma bu rəqəm kifayət etmir. Çünki hər məktəbdə real vəziyyət fərqlidir, şagird sayı çox olan məktəblərdə bir neçə psixoloqla bütün uşaqlara düzgün nəzarət etmək çətindir. Bəzi məktəblərdə isə psixoloq olsa da, onun işi formal xarakter daşıyır, yəni uşaqlarla real işləmək əvəzinə kağız üzərində fəaliyyət göstərilir.

Digər bir problem də ixtisas məsələsidir. Məktəb psixoloqu olmaq üçün sadəcə ümumi psixologiya biliyi kifayət etmir. Uşaqlarla işləmək üçün xüsusi pedaqoji və məktəb psixologiyası bacarığı lazımdır.

Çünki məktəbdə olan uşaq böyüklər kimi deyil, onun davranışını anlamaq və düzgün yönləndirmək daha həssas yanaşma tələb edir.

Qanunvericilikdə psixoloq sayı ilə bağlı müəyyən qaydalar var: şagird sayı 1000-ə qədər olan məktəbdə 1 psixoloq, 1000–3000 arası 2, 3000-dən çox olduqda isə 3 psixoloq nəzərdə tutulur.

Kağız üzərində bu sistem normal görünsə də, praktikada bir çox məktəbdə bu ehtiyac tam ödənilmir və ya psixoloqların iş yükü çox olur.

Əsas tənqidi məqam ondan ibarətdir ki, məktəblərdə psixoloji xidmət çox vaxt “formal sistem” kimi qalır. Yəni problem yaranandan sonra müdaxilə edilir, amma problem yaranmadan əvvəl qarşısını almaq üçün sistemli iş aparılmır.

Halbuki düzgün yanaşma budur: uşağın davranışındakı kiçik dəyişikliklər vaxtında görülməli, müəllim, psixoloq və valideyn birlikdə işləməlidir.

Məktəblərdə artan aqressiya təkcə şagirdlərin problemi deyil, həm də sistemin boşluqlarını göstərir. Psixoloq sayı artırılmalı, onların işi formal yox, real olmalı, ən əsası isə məktəblərdə uşaqların psixoloji vəziyyətinə daha ciddi və vaxtında diqqət yetirilməlidir.


Geri qayıt