Əsas Səhifə > Ana xəbər / Güney Press > Qarabağda MÜHARİBƏ istəyən ölkə

Qarabağda MÜHARİBƏ istəyən ölkə


Bu gün, 08:11

“Rusiya Ermənistan və Azərbaycan arasında sülh istəmir”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq David Stepanyan deyib.

“Suverenliyimiz də daxil olmaqla hər şeyimizi satıblar, onların daim müharibəyə ehtiyacı var”, - o bildirib.

Stepanyanın fikrincə, Ermənistanda ruspərəst siyasi düşərgədəki səs-küy İrəvanın doğru yolda olduğunu göstərir: “Onlar son döyüşə giriblər. Biz daim oturub Qarabağ haqqında xəyallar qura bilmərik. Nə qədər çox xəyal qursaq, bir o qədər çox itirəcəyik”.

Erməni ekspert əlavə edib ki, 2018-ci ildə Paşinyan hakimiyyətə gəlməsəydi, bu gün Ermənistan ümumiyyətlə, mövcud olmayacaqdı.

Rusiya doğurdanmı Qarabağda yeni müharibə istəyir? Karapetyan və digər ruspərəst qüvvələrin hakimiyyətə gəlməsi Ermənistan ordusunun hərəkətə keçməsinə səbəb ola bilərmi? Erməni ordusu hansı gücü ilə bizimlə döyüşəcək?

ƏHD partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı Musavat.com-a açıqlamasında bu istiqamətdə çox vacib məqamlara aydınlıq gətirdi: “Düşünürəm ki, Azərbaycan Ermənistan arasında sülh sazişinin əldə olunması üçün Rusiya ilə də danışmalı, müzakirə aparmalıyıq. Çünki hər kəs çox yaxşı bilir ki, Ermənistan Rusiyanın regionda, bölgədə bir forpostudur, Ermənistanı vaxtında Qafqazda yaradan da məhz Rusiya olub. Bu gün Rusiyanın Ermənistana təsir imkanları çox böyükdür. Ermənistanın enerji-neft, qaz, benzin təminatını, ərzaq, taxıl və s. təminatlarını Rusiya həyata keçirir.

Bütün bu təminatları Rusiya elə bir qiymətə Ermənistana verir ki, sanki özünün bir vilayətinə, vətəndaşına verir. Biz həm də ona görə Rusiya ilə sülh məsələsini danışmalıyıq ki, sülhün təminatı olsun, uzunmüddətli olsun. Əlbəttə, bu məsələdə qardaş Türkiyənin də iştirakını arzu edirik - daha inamlı bir sülhün əldə olunması üçün. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ildə Qarabağı işğaldan azad etməsinin uğurlarından biri də məhz Rusiyanın neytrallığını təmin etməsi oldu. Müharibəyə Rusiya qoşulmadı. Bu faktor müharibədə böyük rol oynadı.

Ermənistanda Rusiyapərəst qüvvələr düşünür ki, 1990-cı illərdə olduğu kimi, Rusiya Qarabağda müharibə etməlidir və Azərbaycan torpaqlarını yenidən işğal edib Ermənistana verməlidir. Ancaq bu qüvvələr unudur ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Onların qarşısında güclü, böyük potensiala malik, Qafqazın ən qüdrətli ordusu dayanıb. Həmçinin də bu gün Azərbaycanla Rusiya arasında ikitərəfli, bərabərhüquqlu, normal əməkdaşlıq var. Belə bir vəziyyətdə niyə Rusiya Qarabağda müharibə etməlidir ki?!

Bir məqama da diqqət ayırmaq istərdim. İyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Çox gərgin seçki marafonu gözlənilir. Paşinyan və revanşist qüvvələr arasında amansız mübarizə olacaq. Rusiyapərəst qüvvələr hakimiyyətə gəlmək və xalqdan səs qazanmaq üçün Rusiya faktorundan istifadə edir. Xalqı və ictimaiyyəti çaşdırmaq üçün hər cür imkanlardan yararlanır. Saxta və heç bir əsası olmayan məlumatlar yayırlar. O ki qaldı Ermənistan ordusunun müharibə etməsinə, təkbaşına bu ordu cəsarət edib Azərbaycanla müharibə etməz. Bu onların tamamilə məhvi deməkdir. 44 günlük vətən müharibəsində Azərbaycanın başlarına vurduğu “Dəmir Yumruğ”un çox böyük zərbəsini unutmayıblar. Müharibə Ermənistanın tamamilə məhv olmasına gətirib çıxarar. Bu zaman biz qədim torpağımız olan İrəvanı da azad edə bilərik”.


Geri qayıt