Əsas Səhifə > Ana xəbər / Güney Press > Millət vəkilinə inanaqmı?

Millət vəkilinə inanaqmı?


Bu gün, 07:24

"Millət vəkili Səyyad Aran bir müddət əvvəl ictimiyyətə irad tutaraq deyirdi ki, "sizlər də zəhmət çəkib, yaxşı oxuyardınız, yaxşı təhsil alardınız, savadlı olardınız, indi yüksək maaş alardınız, 400 manat almazdınız".
Yəqin ki, nə Səyyad Aran özü, nə onun seçiciləri, nə də cəmiyyət bu sözlərinin həqiqiliyinə inanmır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış təhsil eksperti İlham Əhmədov qeyd edib.
O daha sonra bildirir: "Elə parlamentdə mətni üzündən oxuyanda səhvlərə yol verən deputatlarımız da az deyil. Başqa qurumlarda da belə.
ETN E. Əmrullayev isə deyir ki, vətəndaşlarımızın 60 % oxuduğu mətni dərk etmir. O, haqlıdır. Hər halda ETN-də belələri az deyil.
20 ildir biz ETN-ə dəstək məqsədi ilə təhsil islahatlarında edilən səhvləri təhlil edir, məqalələr yazırıq. Amma onlarda heç bir reaksiya yoxdur, təhsil də heç inkişaf etmir. Görünür, yazılan məqalənin mətninin anlanılması problemi təhsil menecerlərinin özlərinə də aiddir.
Bəzi müəllim həmkarlarım deyirlər ki, vaxtı ilə dərs dediyimiz siniflərdə və ya qruplarda ən zəif şagirdlər və tələbələrin arasında elələri də var ki, bu gün yüksək postlardadırlar, hətta aralarında nazirlər də var.
DİM sədri M. Abbaszadə də dəfələrlə bildirib ki, " ... bizdə son 35 ilin qəbul imtahanlarının nəticələrindən ibarət data var. Biz bilirik ki, kim, nə vaxt, neçə balla, hansı ali məktəbə qəbul olub".
Deməli, bu gün 25-50 yaş arasında olan millət vəkilləri, nazirlər, icra başçıları v.s. yüksək post tutan məmurların TQDK və DİM-də verdikləri imtahan balları bu datalarda var.
Müvafiq dövlət qurumlarının razılığı ilə, bu gün parlamentdə və hökumətdə təmsil olunan 50 yaşa qədər olan məmurların qəbul imtahanlarında yığıdığı balların ictimailəşdirilməsi çox maraqlı olardı.
Millət vəkilinin sözünü cəmiyyət qəribçiliyə salmazdı, hamı bilərdi ki, yüksək postlarda yalnız savadlı kadrlar əyləşiblər. Məhz buna görə də Sayyad Aranın bu sözlərindən sonra məmurların maaşı 4 qat artdı.
Bəyənmədiyimiz sovet vaxtı, professorun maaşı nazirin, raykomun, digər rəhbər kadrların maaşından yüksək idi, indi ömründə bir məqalə yazmayan nazirlər professordan 10-12 dəfə çox maaş alır.
Belə aşkarlıq həm də indiki gənclərin təhsilə, elmə, savada olan motivini yüksəldə bilərdi. İnsan kapitalına dəyər veririksə, bu məlumatlar şəffaf şəkildə ictimaiyyətə təqdim edilməlidir.
Burda məncə heç bir dövlət sirri də yoxdur.
Həm də hörmətli millət vəkilinin sözünə şübhə ilə baxanlar, onun həqiqəti söyləməsinə tam əmin olardılar..."

Geri qayıt